Bugünü qoxulu, sabahı qorxulu... Hövsanın əfsanəvi "balıqçı evləri"ndən reportaj - FOTOLAR

 Bugünü qoxulu, sabahı qorxulu...  Hövsanın əfsanəvi "balıqçı evləri"ndən reportaj -  FOTOLAR
  11 Sentyabr 2021    Oxunub:5979
Dənizə çıxışı olan xalqlar və ölkələr şanslı sayılırlar. Çünki dəniz - hər mənada sərvət deməkdir. Bu sərvətlərdən biri də əsrlərlə insanların əsas qidasından olan balıq və digər dəniz məhsullarıdır. Xəzər isə son 20-30 ildə öz nemətlərini, xüsusən də balıqlarını sanki insanlardan gizlədib.
Əslində gizlətməyib. Biz insanlar dənizdən düzgün istifadə etmədiyimiz, ekoloji fəlakətlərə yol açdığımız üçün cəzamızı çəkməyə məcbur olmuşuq. Məsələn, Bakının Hövsan qəsəbəsində olduğu kimi. Bura yay aylarında insanların üz tutduğu yerlərdən biridir. İnsanlar bu qəsəbəni daha çox çimərliyinə, birbaşa dənizə çıxışı olan və sahilboyu uzanan saysız-hesabsız bağ evlərinə görə seçsələr də, əslində Hövsanda unudulan başqa bir istirahət növü olub. Bu, balıq ovudur.


Sovet dövründə Hövsanda yaşayanlar dənizin içində tikilmiş “balıqçı evləri"ndən tez-tez istifadə edirdilər. Müstəqillik illərində də bu qeyri-adi evlər uzun müddət qorunub saxlanıldı. Amma son zamanlar Xəzərdə baş verən bəzi ekoloji problemlər məşhur “balıqçı evləri”nə təsirsiz ötüşmədi.


Dəniz qurumamışdan öncə "Balıqçı evləri"

Dəniz quruduqca, əvvəllər suyun içində olmuş həmin qeyri-adi taxta və dəmirdən olan tikililər dağılmağa, çürüyüb məhv olmağa başladı. Ancaq peşəkar və həvəskar balıqçılar son bir ilə kimi bu evlərdən bəzilərini qoruyub saxlaya bilmişdilər. Təəssüf ki, bu ilin yayında hansısa mərdüməzar yarıuçuq halda da olsa, qalmış evlərdən birini və ən böyüyünü yandırıb…


İndi suyu quruyaraq sahilə çevrilən bu ərazilər daha çox xarabalığı, zibilliyi, bir sözlə sanki apokalipsisi xatırladır. Burada plastik şüşələrdən tutmuş, tibbi maskalara qədər hər cür tullantıya rast gəlmək olar. Suyun ürəkbulandıran rəngi və üzərində parıldayan neft qalıqları isə insana uzaqdan "gəl-gəl"... pardon, "get-get" deyir.


Ərazidə olarkən bir neçə balıqçının həvəslə sahildən dənizin dərinliklərinə doğru tilov atdıqlarını gördük. Əlbəttə, artıq nə Xəzər öz səxavətinə görə həmin Xəzərdir, nə də balıq həmin balıqdır. Sanki dəniz yandırıb məhv etdiyimiz “balıqçı evləri”nə görə özünün zatən azalmış nemətlərini də insanlardan gizlətməyə başlayıb. İndi sahildə ən çox dəniz qurduna rast gəlinir ki, bəzi balıqçılar da onu yığıb, satırlar. Həmsöhbət olduğumuz balıqçıların ovlarının kasadlığı da dənizdə balığın azalmasını sübut edir.


Sahilə yaxın yaşadığını deyən yaşlı balıqçılardan biri axşamlar işdən sonra istirahət üçün bu əraziyə gəldiyini söylədi. O, balıq tutmağı psixoloji terapiyaya bənzədərək, dəniz kənarında sadəcə oturmağın belə, insana ruhən rahatlıq gətirdiyini bildirdi.


- Bu ərazilər əvvəllər bərəkətli yerlər idi. İnsanlar kütləvi şəkildə yerli rusların “siduşka” dedikləri “balıqçı evləri”ndən istifadə edir hətta həmin evlərin içinə daxil olan qayıqlar saxlayırdılar. Heç kim buradan əliboş qayıtmazdı. Yadımdadır ki, uzun illər öncə gördüyünüz bu sahildən kiloluq balıqlar tutmaq adi hal idi. İndi isə görün, nələr baş verir? Dəniz inanılmaz dərəcədə çirklənib, kanalizasiya suları buranı elə hala salıb ki, qoxu təkcə havaya deyil, tutduğumuz balığın ətinə belə hopur… Belə bir suda təbii ki, barmaq boyda balıqlar qalar.

Ekoloji problemdən gileylənən Hövsan sakini, "balıqçı evlərinin" sıradan çıxmasından da təəssüfləndi


- Düzdür, “balıqçı evləri” taxtadan idi və uzunömürlü ola bilməzdilər. Amma buradan mütəmadi istifadə edən peşəkar balıqçılar onlara qulluq edirdilər deyə, çürümür, az dağılırdılar. İndi su da çox çəkilib. Hazırda dayandığımız yer bir zamanlar suda olub. Bir də indi bura tək-tük balıqçı ona görə gəlir ki, sadəcə, oturub istirahət etsin. Bizə xoş olan sahildə oturub, tilovun hərdənbir necə döyməsinə tamaşa etməkdir.


Elə söhbət zamanı balıqçıların arasında ən gənci olan Faiq adlı şəxsin tilovuna nisbətən iri balıq düşdü. Əldən bir qədər böyük olan bu balığın sevinci digər balıqçıları da həvəsləndirdi. “Əla, həkim, dalı gəlsin!”,-yaşlı balıqçı həmkarını uğurlu ova görə təbrik etdi. Həmin gənc balıqçı ilə də həmsöhbət olduq.

- Deyəsən, həkimsiniz?
- Radioloqam. Tez-tez bura gələrək istirahət edirəm. Hər kəs işdən sonra istirahətini bir cür keçirir. Mənim üçün ideal istirahət balıq tutmaqdır. Düzdür, hələ ki, ən böyük balıq elə siz gələn kimi tutduğumdur. Amma nə fərq edər? Heç nə tutmasaq belə, burada oturub dincəlməyin ayrı ləzzəti var.


Üçüncü balıqçı isə qaradinməz olduğu üçün gördüklərindən, təcrübəsindən danışmaq istəmədi. Görünür, balıqların xasiyyəti ona da keçib...


- Nə danışım, özünüz vəziyyəti görürsünüz də. Qarmağa taxmadığımız yem qalmadı. Çörək, xəmir, dəniz qurdu, “krivetlər” və daha nələr... Dəniz həmin dəniz deyil. Heyif bu “balıqçı evlərindən”.


Əslində ərazidə tikilmiş “balıqçı evləri”nin məhv olub getməsi Xəzərdə adi prosesdir. Digər Bakı kəndlərində də belə “Siduşka"lar olub. Amma Hövsanda dənizin durumu həqiqətən çox acınacaqlıdır. Suyun geri çəkilməsi isə yəqin ki, zamanla qəsəbədə başqa məsələlərdə də xeyli problemlər yaradacaq.


Bir sözlə, reportaj üçün üz tutduğumuz balıqçıların həmin məşhur məkanlarında görmək istədiklərimizdən çox, arzulamadığımız durumu müşahidə etdik. Ərazi zibilliyi xatırladır, üfunət aləmi bürüyüb, illər öncə bura baş çəkən “balıqçılar ordusu”ndan tək-tük adam qalıb. “Balıqçı evləri”nin zamanla Xəzərə məğlub olması isə həqiqətən də ürək ağrıdan mənzərə yaradır. İçində deyil, yanında dayandığımız “balıqçı evləri” sahildən sanki Xəzərin dalğalarını seyr edirdi.


Elə uşaqlar da bir zamanlar sahildə durub dənizin içində olan bu evlərə qayıqla getməyi arzu edirdilər. Təbiət və insan amili elə bir durum yaratdı ki, indi dəniz geri çəkilib və bura ayaqla gəlmək mümkündür. Görünən odur ki, bir neçə ilə “balıqçı evləri” bir yana, dənizin içində olan kiçik qum adalarına belə ayaqla gedə biləcəyik…







Digər fotolar üçün aşağıdakı fotolentə baxın

Tural Tağıyev
FOTOLAR Anar Bayramlı
Azvision.az


Bu material Medianın İnkişafı Agentliyinin Dəstəyilə Hazırlanıb
Mövzu: 6.3.17 Ekologiya və ətraf mühitin mühafizəsi;

Qalereya




Teqlər: Hövsan   Balıq   Xəzər   Balıqçı  





Xəbər lenti