"Cəsədləri gizlədənlər cəzalandırılmalıdır"- Sarkisyanın kürəkəni

   "Cəsədləri gizlədənlər cəzalandırılmalıdır"-  Sarkisyanın kürəkəni
  17 Dekabr 2020    Oxunub:1876
Ermənistanın Vatikandakı keçmiş səfiri və eks-prezident Serj Sarkisyanın kürəkəni olan Mikael Minasyan Ermənistanın böhrandan çıxış yollarını təqdim edib.
Azvision.az xəbər verir ki, o, ölkədə keçiriləcək növbəti seçkilərə qədər görülməli olan işlər haqqında təkliflərini irəli sürüb.

Minasyan indiki baş nazirin ölkəsini dağıtdığını, on minlərlə insanın həyatını məhv etdiyini və bununla belə özünün siyasi ömrünün uzatmağa çalışaraq növbəti seçkiyə qədər güclənmək istədiyini bildirib:

“Növbədənkənar seçkilərin keçirilməsi qaçılmazdır. Amma məsələ bunda deyil. Önəmli məsələ Paşinyanın “siyasi meyit”inin çıxarılması və seçkilərə qədər nələrin edilməsidir. Seçkilərə qədər biabırçı məğlubiyyətimizin siyasi nəticələrini aradan qaldırmaq lazımdır. Xüsusilə bəzi məqamları qeyd etmək istərdim. Birinci olaraq bu məğlubiyyətə siyasi və milli qiymət verilməlidir. Satqınlara və hərbi canilərə cinayət işi açılmalıdır. Bütün xarici agent şəbəkələri açılmalıdır. Cəsədlərin gizlədilməsi proseslərində iştirak edən hər bir şəxs cəzalandırılmalıdır. Müharibədən sonra yeni əsirlərimizin olmasında günahı olanları da tapıb cəzalandırmaq lazımdır. Bütün bunlar- həqiqət, günahkarlar açıqlandıqdan sonra yeni seçkilər elan olunmalıdır. O seçkilər ki, bütün vətəndaşlar artıq sadalanan proseslərdən məlumatlı olaraq səs verəcəklər”.

Minasyan deyir ki, xalqın indi yeganə tələbi Nikol Paşinyanın heç bir şərt irəli sürmədən istefaya getməsidir:

“Bundan sonra qurulacaq müvəqqəti hökumət isə üç əsas hədəf və funksiyanı əsas götürməlidir- 1. Çökmüş dövlət hakimiyyətini yeniləmək, Ermənistanın, xalqın təhlükəsizliyini təmin etmək. 2. Bir neçə həftədən sonra gələcək iqtisadi çöküşün qarşısını almaq. 3. Müharibədə məğlubiyyətə cavabdeh olanları cəzalandırılması. Müvəqqəti hökumət ədalətli mühakiməyə zəmanət verir. Nikolun indi təqaüdə çıxması lazımdır".

Tural Tağıyev
Azvision.az


Teqlər: Minasyan   Paşinyan   Ermənistan   İstefa  





Xəbər lenti