“Razılaşmalar Qarabağ prosesinin modelini dəyişdirir” - Fedor Lukyanov

 “Razılaşmalar Qarabağ prosesinin modelini dəyişdirir” -  Fedor Lukyanov
  17 Noyabr 2020    Oxunub:2667
ABŞ və Fransa indi Qarabağ nizamlaması prosesinə qoşulmağa və mövcud olduqlarını göstərməyə çalışırlar.
Azvision.az xəbər verir ki, bunu "Valday" Beynəlxalq Müzakirə Klubunun elmi işlər üzrə direktoru Fedor Lukyanov deyib.

Onun sözlərinə görə, prosesin bütün sxemini dəyişdirən atəşkəs bəyanatı artıq imzalanıb, Paris və Vaşinqton bunu nəzərə almaya bilməz. Əldə edilən razılaşmalar Qarabağ prosesinin modelini dəyişdirir.

"ATƏT-in Minsk Qrupu formal olaraq qalır, amma əslində bütün razılaşmalar iki xarici tərəfdaş və iki faktiki iştirakçı arasında həyata keçirilir. Rəsmi olaraq Türkiyə razılaşmada iştirak etmir, amma faktiki olaraq iştirak etdiyi aydındır. Buna görə də Minsk Qrupu həmsədrləri kənara qoyuldu və orada xüsusi rol oynamır".

Onun fikrincə, Birləşmiş Ştatların və Fransanın Minsk Qrupu formatına sadiq qaldıqları barədə bəyanatları bir növ siyasi jestdir, çünki nə Vaşinqton, nə də Paris bu cür dəyişiklikləri görməzdən gələ bilməz.

"Təbii ki, indi hadisələrə müəyyən dərəcədə təsir göstərməyə çalışmaq üçün Minsk Qrupu həmsədrlərini hansısa şəkildə cəlb etmək lazım olduğunda israr edəcəklər. Qarabağda atəşkəslə bağlı imzalanan razılaşma hər kəs üçün həm fürsətlər, həm də əhəmiyyətli risklər daşıyan tamamilə yeni bir inkişaf səhifəsi açdı. Prosesin ATƏT-in himayəsində olmasını heç bir fantaziya ilə təsəvvür edə bilmirəm. ATƏT onsuz da bir təşkilat olaraq lazımlı təsir və vasitələrə sahib deyil. Ancaq bu mövzu ABŞ və Fransanın varlığını hansısa bir şəkildə artırmaq üçün istifadə ediləcək. Yeni bir diplomatik oyun başladı".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   FedorLukyanov  





Xəbər lenti