Çay haqqında bilmədiklərimiz

Çay haqqında bilmədiklərimiz
  19 Sentyabr 2020    Oxunub:21515
Çayın keyfiyyətinə torpaq-iqlim şəraiti ilə yanaşı, yığılma müddəti, emal üsulları, saxlanma şəraiti və digər amillər də təsir edir. Çaylar istər rənginə və tamına, istərsə də emal olunma üsullarına görə bir-birindən fərqlənir.
Ətirli çayların hazırlanmasında isə aromatizasiya üsulu və əlavə edilən ətirli komponentin miqdarı vacib rol oynayır. Çaylara əlavə edilən ətirli komponentlər təbii və ya süni ətirləndiricilər ola bilər. Təbii ətirləndiricilərdən olan qurudulmuş meyvələr, çiçəklər, sitrus bitkiləri, kəklikotu, yarpız, darçın, nanə, mixək, itburnu, zəncəfil və digər ətirli bitkilərin yarpaqları və ya ekstraktları orqanizm üçün faydalı hesab edilir. Tərkibinin zənginliyi baxımından bəzi təbii ətirləndiricilər müalicəvi xüsusiyyətlərə də malikdir.

Bəzən çayların hazırlanmasında süni ətirləndiricilərdən də istifadə olunur. Süni ətirləndirilmiş çaylardan istifadə orqanizmə mənfi təsir göstərir, allergik reaksiyaların əmələ gəlməsinə səbəb ola bilər. Buna görə də istehlakçıların qablaşdırma üzərindəki məlumatları diqqətlə oxumaları tövsiyə olunur.
24 aptekin personalı işdən çıxarıldı

Çay düzgün qablaşdırılmadıqda və ya saxlanmadıqda faydalı xüsusiyyətlərini itirir. Çay havanın daxil olmasına mane olan ağzı kip bağlanmış çini qabda saxlanmalıdır. Bu halda çayın ətri itməyəcək, keyfiyyətini uzun müddət saxlayacaq və kənar qoxuları özünə hopdurmayacaqdır. Ağzı kip bağlanmamış qabda saxlanan məhsul faydalı xüsusiyyətlərini və ilkin keyfiyyətini tezliklə itirir. Çayın sərin, quru, təmiz, qaranlıq və havası tez-tez dəyişilən yerdə saxlanması da vacibdir.

Çayın keyfiyyətli olub-olmadığını müəyyən etmək üçün ətrinə fikir verilməlidir. Unutmayın ki, keyfiyyətli çayın qoxusu mülayim olmalıdır. Qoxunun kəskin olması çayın tərkibindəki ətirləndiricilərin miqdarının çoxluğu ilə əlaqədardır.

Çay dəmləyən zaman saxsı və ya şüşə qablardan istifadə etmək tövsiyə olunur. Həmçinin suyu qaynatdıqdan sonra dərhal çayı dəmləmək doğru deyil. Çay dəmlənərkən suyun temperaturu təxminən 75-85o C olmalıdır. Odur ki, ətirli və dadlı çayın hazırlanması üçün hər 200 ml suya təqribən 1 çay qaşığı hesabı ilə quru çay əlavə edib, 5-7 dəqiqə ərzində dəmlənməsini gözləmək lazımdır. Çoxdan dəmlənmiş çayı içmək məsləhət deyil. Bu halda çay bütün faydalı xüsusiyyətlərini itirmiş olur.

Vaxtsız içilən çay orqanizmə mənfi təsir göstərir, çünki onun tərkibindəki kofein və tanin turşusu qida vasitəsilə qəbul etdiyimiz dəmirin bağırsaqlardan sorulmasını ləngidir. Xüsusən də qanazlığı zamanı çox çay içmək tövsiyə edilmir. Ümumiyyətlə, çayı ya yeməkdən 1-2 saat əvvəl, ya da 1-2 saat sonra qəbul etmək məqsədəuyğundur.
Araşdırmalara görə, təbii çay növləri bağırsaq, mədə və ağciyər xərçəngi xəstəliklərinə qarşı qoruyucu təsir göstərir. Çay tərkibindəki polifenol birləşmələr sayəsində antioksidant təsir göstərərək orqanizmi həm də xroniki xəstəliklərdən qorumağa kömək edir.

Çayın orqanizmə faydaları ilə yanaşı, zərərli təsiri də var. Qaraciyər, böyrək daşı, kəskin mədə xəstəliklərindən, həmçinin revmatizm və yüksək təzyiqdən əziyyət çəkənlərin mümkün qədər az çay içməsi tövsiyə edilir. Həddindən artıq çay içmək yuxusuzluğa, başağrısına, ürək döyüntülərinin artmasına və təzyiqin yüksəlməsinə səbəb ola bilər. Çayı qaynar içmək olmaz. Temperaturu 65o C-dən yüksək olan çayın içilməsi qida borusunda və daxili orqanlarda termiki yaralar əmələ gətirir ki, bu da onkoloji xəstəliklərin yaranma riskini artırır.

Qeyd: Məqalə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Kompleks Tədqiqatlar Laboratoriyasının mütəxəssisləri Fuad Ağayev, Turkan Qəribli tərəfindən hazırlanıb


Teqlər: AQTA   Çay  





Xəbər lenti