“Formula 1” üzrə Bakı Qran-prisi ləğv olundu

  “Formula 1” üzrə Bakı Qran-prisi ləğv olundu
  12 İyun 2020    Oxunub:8994
2020-ci ildə Formula 1 Azərbaycan Qran-Prisi keçirilməyəcək.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Azvision.az-a bildirilib ki, bu barədə qərar davam edən qlobal koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası hökuməti, Formula 1 dünya çempionatının rəhbərliyi və Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən aparılan geniş danışıqlar nəticəsində birgə qəbul olunub.

Koronavirus pandemiyasının səbəb olduğu və hazırda davam edən qeyri-müəyyən vəziyyət yarış obyektinin vaxtında tikilib başa çatmasına əngəl törətməklə yanaşı, bu proses zamanı tikinti işçilərini və mühəndisləri sağlamlıq baxımından təhlükə altında qoyur. Bununla yanaşı, bütün dünyada ölkələr tərəfindən həyata keçirilən müxtəlif önləyici tədbirlər və həmçinin bu tədbirlərin ölkələr arasındakı səyahətə olan təsirləri bu il Bakıda yarış həftəsonunun reallaşması imkanını bir az da azaldır. Bütün bu səbəblər Formula 1 Azərbaycan Qran-Prisini ləğv etməkdən başqa seçim qoymur.

Qərarın qəbulunda Əməliyyat Şirkətinin əsas məqsədi Azərbaycan xalqı ilə yanaşı, ölkəmizə gələcək Formula 1 azarkeşlərinin, komanda heyətlərinin və çempionatın digər iştirakçılarının sağlamlığı və rifahını qorumaqdır.

Builki yarış həftəsonunun ləğvinə görə, alınan biletləri qaytarmaq istəyənlər Əməliyyat Şirkətinə [email protected] elektron ünvanı vasitəsilə müraciət edə bilərlər. Əks halda alınan biletlər gələn il baş tutacaq yarış üçün saxlanılacaq.

Builki yarış həftəsonunun ləğvi yerli təşkilatçı şirkət üçün hər hansı maliyyə öhdəliyi yaratmır və eyni zamanda, yarışın keçirilməsi ilə bağlı ödənilmiş lisenziya haqqı olduğu kimi gələnilki yarış mövsümü üçün qüvvədə qalır.

Azvision.az


Teqlər: Formula-1   Koronavirus  





Xəbər lenti