Tramp şəbəkəyə qarşı: Yeni oyun qaydaları - TƏHLİL

      Tramp şəbəkəyə qarşı:    Yeni oyun qaydaları -    TƏHLİL
  02 İyun 2020    Oxunub:11082
Donald Trampın mayın 28-də imzaladığı, sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsini nəzərdə tutan “Onlayn senzuranın qarşısının alınması haqqında” Qərarı bütün dünyada böyük maraqla müzakirə olunur.
Prezidentin qərarı ilə, KİV-in fəaliyyətinə dair 1996-cı ildə qəbul olunmuş qanunun 230-cu maddəsi qüvvədən düşmüş sayılır. Həmin maddəyə əsasən, sosial şəbəkələrin sahibləri bu platformalarda ayrı-ayrı istifadəçilər tərəfindən dərc olunan məlumata görə heç bir məsuliyyət daşımırdılar. Bu qanunla sosial şəbəkələrin rəhbərləri müəllif kimi deyil, istənilən elanın yerləşdirildiyi platformanın sahibi kimi qəbul olunurdu. “Facebook” və “Twitter” kimi sosial şəbəkələr bu qanuna istinad edərək, şərəf və ləyaqətin təhqir olunması, yaxud böhtan kimi iddialardan özünü müdafiə edə bilirdilər.

Lakin yeni qərarın qüvvəyə minməsilə sosial şəbəkə sahibləri bu imtiyazdan məhrum ola bilərlər. Sənəddə (https://www.whitehouse.gov/presidential-actions/executive-order-preventing-online-censorship/) qeyd olunur ki, “Böyük və nüfuzlu sosial şəbəkə şirkətləri özlərinin razı olmadığı fikirlərə senzura tətbiq etdikdə onlar təhlükəli hakimiyyət əldə edir və sadəcə “elan lövhəsi” olmaqdan çıxaraq, yazılan məzmunun müəllifinə çevrilirlər”.
Qərarda sosial şəbəkələrin senzura vasitəsilə ictimai rəyə təsir etməsi və bu yolla müxtəlif maraqların güdülməsi ilə bağlı konkret maddələr yer almaqdadır. Qeyd olunur ki, “Facebook, Twitter, İnstagram və YouTube yayımlanan informasiyaya senzura tətbiq etmək, yaxud silmək səlahiyyətlərinə malik olduqları üçün cəmiyyətin (ictimaiyyətin) hadisələri necə yozmasına (interpretasiya etməsinə) böyük təsir imkanına malikdirlər. Onlayn platformalar seçkili senzura ilə məşğuldular ki, bu da fikirlərin azad şəkildə mübadiləsinə ziyan verir. Onlayn platformalar həyata keçirdikləri senzuranı əsaslandırmaq üçün əsassız və qeyri-rasional dəlillər irəli sürməklə yanaşı, xarici hökumətlərin dezinformasiyasını yaymaqla gəlir əldə edirlər”.

Beləliklə, Ağ Ev administrasiyası açıq şəkildə sosial şəbəkələrin gəlirləri naminə dövlətin maraqlarına zidd olan xarici ölkələrin sifarişlərini yerinə yetirdiklərini açıqladı. Prezidentin yeni qərarıyla istifadəçi qaydalarına zidd olmayan heç bir məzmun sosial şəbəkələr tərəfindən silinə, eyni zamanda, həmin paylaşımlara düzəlişlər verilə bilməz. Əks halda, sosial şəbəkələr müəllif kimi qəbul olunacaq və platformada yayımlanan məzmuna görə məsuliyyət daşıyacaqlar.
Həmçinin, yeni qərara əsasən, hökumət orqanlarının rəsmi informasiyalarını sosial şəbəkələrdə yerləşdirməsi də məhdudlaşdırılacaq. Bu da sosial şəbəkələrdəki informasiyanın etibarlılıq səviyyəsini aşağı salacaq.
Qərarın imzalanması artıq sosial şəbəkələrin nüfuzuna öz mənfi təsirini göstərib və Twitter-in səhmlərinin qiyməti 4.4, Facebook-un səhmələrinin qiyməti isə 1.7 faiz ucuzlaşıb. Qərarın qüvvəyə minməsi üçün ABŞ parlamentinin təsdiqi tələb olunur, lakin respublikaçı Trampın demokratların üstünlük təşkil etdiyi konqresdən dəstək alacağı hələ ki, inandırıcı görünmür.

Ağ Evin sosial şəbəkələrlə münasibətlərinin gərginləşməsinin səbəbi kimi Twitter-də prezidentin distant səsverməyə qarşı olmasına dair paylaşımını “etibarsız məlumat” kimi qiymətləndirilməsi ilə bağlı xüsusi qeydin yayımlanması göstərilsə də, əslində məsələnin mahiyyəti daha dərində gizlənir. ABŞ-da bu ilin noyabr ayında keçirilməli olan prezident seçkilərinin koronavirus pandemiyasının yayılması təhlükəsi ilə bağlı təxirə salınması gündəmdədir. Qarşı duran siyasi qüvvələr bundan öz maraqları üçün istifadə etməyə çalışırlar. Demokratlar ehtiyat edirlər ki, Tramp pandemiyanı əsas gətirərək, seçkilərin keçirilməsini təxirə sala bilər. Artıq bir neçə ştatda pandemiya səbəbilə demokratların praymerizi təxirə düşüb. Ancaq bəzi ştatlarda demokratlar poçt üsulu ilə partiyadaxili seçkiləri həyata keçiriblər və ölkə miqyasında poçt vasitəsilə seçkilərin keçirilməsini təklif edirlər. Lakin Donald Tramp buna etiraz edir və poçt vasitə distant seçkilərin saxtalaşdırmaya şərait yaradacağını düşünür. Amerikada daha əvvəllər poçt vasitəsilə bəzi ştatlarda distant seçki keçirilməsi praktikası tətbiq olunub və hər hansı saxtakarlıq faktı qeydə alınmasa da, adətən, distant seçki keçirilən ştatlarda demokratların nümayəndəsi qələbə qazanıb. Odur ki, Prezidentin distant seçkini tənqid etməsinə Twitter- in müdaxiləsinin altında siyasi səbəblərin dayandığı şübhəsizdir və sosial şəbəkələrin siyasi proseslərə müdaxiləsini açıq sübut edir.

Digər tərəfdən, Minnesota ştatında polis zabitinin qaradərili Corc Floydu öldürməsindən sonra etirazların böyüyərək, ölkə miqyasına keçməsində də sosial şəbəkələrin ictimai şüura dolayı təsirinin izləri özünü göstərməkdədir. Belə ki, Donald Trampın Minnesotada çıxan narazılıqdan sonra başlanmış kütləvi qarət hallarını pisləyən və belə halların mütləq cəzasının olacağını açıqlayan postu “Twitter” tərəfindən zorakılığın dəstəklənməsi kimi qiymətləndirilib.

Amerikada qəbul olunan qanun sosial şəbəkələrin əslində söz azadlığını məhdudlaşdıraraq, öz maraqlarına uyğun ictimai fikir formalaşdırdığını sübut edir. Odur ki, bununla bağlı digər ölkələrin də hərəkətə keçəcəyini və sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüslərinin irəli sürüləcəyini gözləmək olar.

Tofiq Vahid
Azvision.az



Teqlər: Tramp   Sosial-Media  





Xəbər lenti