“Ana” şeiri qadağandır: "O Konvensiya" nələrə gətirib çıxara bilər - TƏHLİL
Azərbaycan və Rusiya bu sənədi imzalamayıblar, daha 5 dövlət isə imzalasalar da, ratifikasiya etmirlər. Niyə? Axı qadınlara qarşı zorakılığın qarşısının alınmasında pis nə ola bilər? Üstəlik, Azərbaycan 1995-ci ildən BMT-nin Qadınlara qarşı bütün ayrı-seçkiliyin aradan qaldırılması Komitəsinin üzvüdür və illərdi ki, bu məsələdə həssaslıq göstərir.
İstanbul Konvensiyasına tələsik göz gəzdirəndə orada ilk baxışdan qorxulu heç bir şey görünmür. Amma məsələ ondadır ki, şeytan bu sənədin detallarında gizlənib.
Hər şeydən əvvəl, bu sənəd qadınlar yox, gender haqqındadır. Gender – bioloji deyil, sosial cinsdir; əgər bioloji cinslər ikidirsə (kişi və qadın), gender cinslərinin sayı dünyada artıq 70-i keçib. İstanbul Konvensiyası onların hüquqlarını təmin etmək üçün dövlətlərdən ciddi addımlar atmağı tələb edir. Bundan sonrakı mərhələlərdə isə eynicinsli nikahlara icazə vermək, valideynlərin adlarındakı “ata” və “ana” sözlərini yığışdırmaq, sonra isə xoruz səsi eşitməmiş daha necə tələblər gələcək. Bir neçə ildən sonra daha bizim uşaqlar ata və ana haqqında şeirlər əzbərləyə bilməyəcəklər, çünki iki geyin qurduğu ailədə ana, iki lesbinin ailəsində isə ata olmur axı... Amma onların hisslərini də nəzərə almaq lazımdır! İstanbul Konvensiyası bütün bunları məktəb dərsliyinə salmağı və uşaqları kiçik yaşdan bu cür gender təfəkkürü ilə tərbiyə etməyimizi istəyir.
Sənədin reallıqda qadın hüquqları üçün nə qədər faydalı olub-olmadığını müəyyən etməyin çox sadə bir yolu var: Türkiyə onu 8 ildir ki, ratifikasiya edib. Bu müddətdə orada qadınalara qarşı şiddət hallarında azlma müşahidə olunubmu? Xeyr. Səbəb sadədir: Məqsəd bu deyil axı...
Hərdən adama elə gəlir ki, biz ağlını itirmiş bu sərsəm dünyada normal məntiqini hələ ki qoruyub saxlamağı bacarmış 3-4 ölkədən biriyik. Doğrudanmı, bütün dünyada, lap elə qardaş Türkiyənin özündə bütün problemlər tam həllini tapıb qurtarıb ki, iki geyin quracağı ailədə uşaqların valideyninə rahat müraciət etməsi üçün ayrıca Konvensiyalar qəbul etmək lazım gəlir?! Axı belə hallar çox azdır və istənilən ölkə üçün istisna sayıla bilər. Gender azlıqlarına bu səviyyədə diqqət və qayğı onların hüquqlarını qorumaq yox, əksinə, bəsləyib çoxaltmaq anlamına gəlir.
Qadınlara qarşı zorakılığa gəlincə, istər-istəməz sual doğur: Əgər bunların hamısı ölkələrin Cinayət Məcəlləsində yazılıbsa, ayrıca Konvensiyaya nə ehtiyac var? Sadəcə, həmin qanunların daha yaxşı işləməsinə nail olmaq lazımdır. Absurd həm də oradan qaynaqlanır ki, zorakılıq süni olaraq təsnifatlandırılır və qadınlara qarşı törədiləndə ona sanki ayrı mahiyyət donu geyindirilir. Məsələn, bir kişi əgər aqressiv və şiddətə meyillidirsə, bunu tutaq ki, öz qardaşına, dostlarına, iş yoldaşlarına qarşı da edir və bu zaman biz adi xuliqanlıq kimi yanaşırıq, amma evdə arvadına qarşı edən kimi “ailədaxili zorakılıq” donu geyindirilir.
Konvensiyanın “sexual harrasment” bölümü də absurda yaxınlaşır. 40-cı madədə bildirilir ki, seksual xarakterli arzuolunmaz verbal, qeyri-verbal və ya fiziki davranışın istənilən forması cəzalandırılmalıdır. Başqa sözlə, bir qadın əgər çox istəsə, kişinin istənilən hərəkətini “sexual harrasment” kimi yozub, şikayət edə bilər. Bu, artıq, qadın hüququnun müdafiəsi demək deyil, tam əksinə...
Sual oluna bilər ki, əgər İstanbul Konvensiyası belə pis şeydirsə, Avropa Şurasının 40-dan çox üzvü niyə onu qəbul və ratifikasiya edib? Əvvəla, o ölkələrdə ailə modeli və qadın-kişi münasibətləri bizdəki qədər həlledici önəmə malik dəyər deyil. İkincisi, ərə gedən kişi müğənnilər, LGBT üzvü olan məşhur siyasətçilər, ulduzlar, media bu mövzunu məqsədli şəkildə təbliğ edərək, adiləşdiriblər. Nəticədə cəmiyyətin ona olan həssaslığı xeyli zəifləyib. Ailə çoxdan cəmiyyətin əsas özəyi olmaq rolundan çıxarılıb və onun üzərində aparılan hər hansı eksperiment kritik nəticəyə malik olmur.
Bizdə isə ailə hələ də cəmiyyətin əsas özəyi olaraq qalmaqdadır. Azərbaycan xalqı üçün ailə dəyərləri müqəddəs və həyati xarakterlidir. Biz xalq olaraq varlığını sürdürməyin, inkişaf etməyin, övladlarımızı fiziki və mənəvi cəhətdən sağlam böyütməyin ailədən başqa yolunu bilmirik. Ona görə də, ənənəvi ailə modelini sarsıtmağa yönəlmiş hər hansı bir addım bizim üçün faciəvi ola bilər. Bizə lazım olan Azərbaycan ailəsinin sağlam və möhkəm olmasıdır.
Tariyel Həsənov
Azvision.az
Teqlər: İstanbul-Konvensiyası Feminizm