Məcburi köçkünlər yeni evlərinə köçdü

  26 Dekabr 2013    Oxunub : 670
Məcburi köçkünlər yeni evlərinə köçdü
Məcburi köçkünlərin İmişli rayonu ərazisində yeni salınmış qəsəbəyə köçürülməsi prosesi başa çatdırıldı.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və ona edilmiş Əlavələrə uyğun olaraq ötən illər ərzində məcburi köçkün soydaşlarımızın məşğulluq və digər sosial problemlərinin həlli, yaşayış səviyyəsinin yüksəldilməsi, xüsusilə mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlərin icrası uğurla davam etdirilmiş və bu gün də davam etdirilməkdədir.

Müxtəlif ərazilərdə bütün sosial-texniki infrastrukturu ilə birlikdə yeni-yeni qəsəbələr salınmış, hündür mərtəbəli yaşayış binaları tikilib istifadəyə verilmişdir. Qeyd olunan sahədə işlər bu gün də müvəffəqiyyətlə davam etdirilir. Bunlar isə özlüyündə bir daha sübut edir ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli həmişəki kimi, bu gün də dövlətin, xüsusilə Prezident İlham Əliyevin ən çox diqqət yetirdiyi və qayğı göstərdiyi sahələrdəndir.

Ümumilikdə götürdükdə yeni qəsəbələrin salınması, orada məskunlaşdırılması nəzərdə tutulan soydaşlarımızın bu yaşayış sahələrinə köçürülməsi, paytaxtdakı yataqxanalarda məskunlaşmış məcburi köçkünlər üçün hündür mərtəbəli yaşayış binaları kompleksinin tikintisi və ilk növbədə, şəraiti daha ağır olan yataqxanaların boşaldılması və digər məsələlər Dövlət Proqramının və ona edilmiş Əlavələrin müvafiq maddələrinə uyğun və mərhələli şəkildə həyata keçirilir.

İmişli rayonu ərazisindəki fin tipli qəsəbələrdə müvəqqəti məskunlaşmış 550 məcburi köçkün ailəsi üçün nəzərdə tutulmuş qəsəbə də Azərbaycan Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramına 2007-ci il 31 oktyabr tarixli Sərəncamla təsdiq edilmiş Əlavələrin müvafiq bəndinə əsasən inşa olunub.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AzVision.az -a bildirilib ki, həmin ərazidə 550 evdən ibarət qəsəbədə ilkin mərhələdə 325 ailə üçün inşa edilən məhəllənin hələ ötən il noyabrın 14-də açılış mərasimi keçirilən və Dövlətqaçqınkomun Repatriasiya Departamenti tərəfindən qısa müddət ərzində həmin qəsəbəyə köçürülməsi nəzərdə tutulan məcburi köçkün soydaşlarımız yeni mənzillərə köçürülüb.

Bu günlərdə isə ikinci mərhələdə tikintisi nəzərdə tutulmuş 225 ailəlik qəsəbənin inşası başa çatdırıldıqdan sonra İmişli rayonu ərazisindəki fin tipli qəsəbələrdə məskunlaşmış məcburi köçkünlərin yeni qəsəbədəki mənzillərə köçürülməsi başa çatdırılıb.

Ümumilikdə 100 hektar sahəni əhatə edən bu qəsəbənin ərazisində də digər yerlərdə olduğu kimi, müasir standartlara tam cavab verən 360 yerlik yaraşıqlı məktəb binası, digər zəruri obyektlər tikilib.

Qəsəbədə 50 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, feldşer-mama məntəqəsi də məcburi köçkünlərin istifadəsinə verilib. Elektrik və qaz təchizatı şəbəkələri İmişli rayonunun kommunikasiyalarına qoşulmuşdur. Qəsəbədə qazanxana, istirahət parkı, su anbarı, eləcə də pay torpaqlarını və həyətyanı sahələri suvarmaq üçün qapalı suvarma şəbəkəsi, qrunt sularını kənarlaşdırmaq üçün isə drenaj şəbəkəsi tikilib.

Yeni ili yeni mənzillərində qarşılamağa hazırlaşan məcburi köçkün soydaşlarımız yaradılan bu cür şəraitə görə dövlətimizin başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etmişlər. Məcburi köçkünlər Azərbaycan Prezidentinə arxalandıqlarını, dövlətimizin başçısının müdrik, qətiyyətli siyasəti nəticəsində tezliklə doğma yurdlarına qayıdacaqlarına inandıqlarını bildirmişlər. Onlar bu inamın dövlətimizin başçısının yürütdüyü uğurlu daxili və xarici siyasətdən qaynaqlandığını vurğulayıblar.

Ölkəmizdəki qaçqın və məcburi köçkünlərin bütün problemlərinin həlli daim Azərbaycan Prezidentinin diqqət mərkəzindədir. Bu həssas məsələyə prinsipiallıqla yanaşma Prezident İlham Əliyevin fəaliyyətinin prioritetlərindəndir. Bu fəaliyyət təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də yüksək qiymətləndirilir.

Teqlər: