“Biz daim iş yerlərinin yaradılması ilə məşğul olmalıyıq” - Prezident

 “Biz daim iş yerlərinin yaradılması ilə məşğul olmalıyıq” -  Prezident
  01 Avqust 2019    Oxunub:2114
"Bizim əhalimiz artır. Müstəqillik dövründə əhalimiz təxminən 3 milyon nəfər artıb. Bu il biz 10 milyonuncu vətəndaşın dünyaya gəlməsini sevinclə qeyd etmişik".

Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı müşavirədə deyib.
Dövlət başçısı bildirib ki, bu, bizim böyük sərvətimizdir, amma digər tərəfdən onu deməyə əsas verir ki, biz daim iş yerlərinin yaradılması ilə məşğul olmalıyıq:

"Sosial infrastrukturun yaradılması ilə məşğul olmalıyıq, nəqliyyat sahəsində əlavə tədbirlər görülməlidir ki, artan əhali, vətəndaşlar özlərini rahat hiss etsinlər, işlə təmin olunsunlar. Bir daha demək istəyirəm ki, bu, daimi prosesdir. Çünki Azərbaycanın uğurlu inkişafı, sənaye sahəsində, iqtisadi sahədə inkişaf əhalinin artımına bilavasitə təsir edən amildir və biz buna daim hazır olmalıyıq".

Prezidentin sözlərinə görə, iqtisadi artım üçün yeni mənbələr axtarılmalıdır ki, bu, dayanıqlı olsun.

"Qeyri-neft sektorunun inkişafı burada əsas rol oynayır. Ancaq onu da bilməliyik ki, bu gün iqtisadi inkişafımız üçün əsas sektor neft-qaz sektorudur. Bu sahədə də çox önəmli addımlar atılıb. Cənub Qaz Dəhlizinin icrası ilə bağlı çox əhəmiyyətli işlər görülüb. Hazırda Cənub Qaz Dəhlizinin icrası sona yaxınlaşır. Artıq onun sonuncu seqmentinin icrası başa çatır. Bu, tarixi layihədir. Cənub Qaz Dəhlizinin fəaliyyətə başlaması nəticəsində Azərbaycan əlavə gəlir əldə edəcəkdir. Hesab edirəm ki, altı ayda görülmüş işlər təqdirəlayiqdir".

Azvision.az


Teqlər: Prezident   İlhamƏliyev  





Xəbər lenti