Prezident: “Kənd təsərrüfatında rekord göstərici əldə edilib”

  01 Avqust 2019    Oxunub : 1925
 Prezident: “Kənd təsərrüfatında rekord göstərici əldə edilib”
"Kənd təsərrüfatında bu il rekord göstərici əldə edilib. Qeyd etdiyim kimi, bu, aparılan islahatlar nəticəsində mümkün olub".

Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı müşavirədə deyib. Prezident bildirib ki, müxtəlif istiqamətli addımlar kənd təsərrüfatında canlanmaya gətirib çıxarıb.
"Əlbəttə ki, dövlət dəstəyi hər zaman olduğu kimi, bu il də göstərilir, bundan sonra da göstəriləcək. Bu istiqamətdə atılan addımlar artıq real nəticələr verir və kənd təsərrüfatı uğurla inkişaf edir. Əsasən bitkiçilik sahəsində, heyvandarlıqda artım təxminən üç faizə yaxındır. Hesab edirəm, bu sahəyə daha da böyük diqqət göstərilməlidir ki, heyvandarlıq da əhəmiyyətli dərəcədə artsın. Məndə olan məlumata görə, taxıl istehsalı 40 faiz artıb. Məhsuldarlıq da kifayət qədər yüksəkdir. Əvvəlki illərlə müqayisədə indi orta məhsuldarlıq 30 sentnerdən çoxdur. Ancaq elə təsərrüfatlar var ki, orada məhsuldarlıq 60 sentnerdir və ondan da çoxdur. Yəni, bu, onu göstərir ki, müasir yanaşma, kənd təsərrüfatının elmi əsaslarla inkişafı məhsuldarlığı böyük dərəcədə artırır və artıracaq".

Dövlət başçısı qeyd edib ki, digər məhsulların istehsalı da artıb: "Beləliklə, bostan məhsulları təxminən 40 faiz, meyvə 20 faizdən çox, barama 25 faiz, tərəvəz 14 faiz. Yəni, ixracımız da artır və əlbəttə ki, növbəti illərdə biz bu istiqamətdə öz siyasətimizi apararaq özümüzü daha da böyük nəticələrə çatdıracağıq".

Azvision.az

Teqlər: Prezident   İlhamƏliyev