316 şəxs barəsində 187 cinayət işi məhkəməyə göndərilib - Rüşvət faktı

316 şəxs barəsində 187 cinayət işi məhkəməyə göndərilib -  Rüşvət faktı
  31 İyul 2019    Oxunub:1697
Korrupsiya cinayətlərinə qarşı mübarizənin tam yeni müstəviyə qaldırılması prokurorluq orqanlarının qarşısında duran ən əsas vəzifələrdən biridir. Prezident İlham Əliyevin siyasi iradə, əzm və qətiyyəti hesabına reallaşdırılan dövlətçilik siyasətinin məntiqi nəticəsi olaraq ötən dövrlərdə olduğu kimi 2019-cu ilin birinci yarısında da korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri uğurla davam etdirilib
Azvision.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən geniş əməliyyat müşavirəsində bildirilib.

Korrupsiya hallarına qarşı mübarizə işinin düzgün təşkilində 161 saylı "Qaynar xətt“ əlaqə mərkəzinin əhəmiyyəti qeyd olunub. Baş idarə tərəfindən vətəndaşları ciddi narahat edən korrupsiya cinayətlərinin və hüquqpozmalarının yayıldığı idarəçilik və xidmət sahələrinin aşkar edilməsi, təqsirli şəxslərin ifşa edilməsi, korrupsiya hüquqpozmalarından əziyyət çəkən vətəndaşların hüquqlarının bərpa edilməsi məqsədi ilə vətəndaşlardan “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlər üzrə təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Belə ki, mərkəzə hesabat dövründə 1986 müraciət daxil olub, həmin müraciətlərin 9-u üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, eləcə də digər müraciətlər üzrə qanunvericiliyə müvafiq tədbirlərin görülməsi təmin edilib.

Dövr ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin məntiqi nəticəsi olaraq ölkəmizin Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) və MONEYVAL Komitəsi, eləcə də digər beynəlxalq təşkilatlarla əməkdaşlığı uğurla davam etdirilib.

Bununla bağlı qeyd edilib ki, cari il OECD tərəfindən Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin İstanbul Anti-Korrupsiya Fəaliyyət Planı çərçivəsində ölkəmizə ünvanlanmış tövsiyələrin böyük əksəriyyəti icra edilib və bu monitorinq mexanizmi çərçivəsində IV Monitorinq Raundu uğurla başa çatdırılıb. Bundan başqa, GRECO tərəfindən ölkəmizin IV raundu dəyərləndirilməsi üzrə Uyğunluq Hesabatı qəbul olunub, ünvanlanan 21 tövsiyədən 18-i uğurla icra edilib.

Rüşvətlə bağlı, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə, qulluq mövqeyindən istifadə etməklə dələduzluq, vəzifə saxtakarlığı və sair faktlar üzrə 316 şəxs barəsində 187 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 45 milyon 568 min manat ziyandan istintaq müddətində 14 milyon 997 min manatın ödətdirilməsi təmin olunub, qalan ziyanın ödətdirilməsi məqsədi ilə qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.

Azvision.az


Teqlər: Başprokurorluq  





Xəbər lenti