“Qadını axtarın” – KƏŞFİYYAT TARİXİ

   “Qadını axtarın” –    KƏŞFİYYAT TARİXİ
  29 İyul 2019    Oxunub:7078
Birinci Dünya müharibəsi zamanı almanların işğal etdiyi Belçikada və Fransanın şimalında yaşayan on minlərlə qadın, uşaq, qoca təşviş içində La-Manş boğazına üz tutaraq, buradan İngiltərəyə keçmək ümidində idilər. Yoxlama məntəqələrində uzun-uzadı növbələr var idi. Hərbi polis hər bir şəxsi sorğu-suala tuturdu. Burada məqsəd onların şəxsiyyətini müəyyən etmək, eyni zamanda, düşmən haqqında məlumat toplamaq idi.
Qaçqınların əksəriyyəti heç bir məlumata malik deyildilər. Lakin onlardan biri – milliyyətcə fransız Luiza de Bettinyi ingilis, fransız və alman dillərini yaxşı bilməsi, eyni zamanda, işğalçı ordu barədə geniş məlumata malik olması ilə ingilis zabitlərinin diqqətini cəlb etmişdi. Ona Lill şəhərinə qayıtmaq və alman işğalçılarının arxasında agentura şəbəkəsi yaratmaq, oradan mütəmadi olaraq feldmarşal Frençin Sent-Omerdəki mənzil-qərargahına və Folkston kəşfiyyat mərkəzinə məlumatlar göndərmək tapşırılmışdı. L.Bettinyi Londonda təlimatlandırıldıqdan sonra Hollandiyaya qayıtmışdı. O, Hollandiya ilə işğal altında olan Belçika arasındakı sərhədi keçməli idi. Lakin almanlar sərhəd boyu yüksək gərginlikli elektrik cərəyanı xətti çəkdikləri üçün sərhədi keçmək olduqca təhlükəli idi. Gecə qaranlıq düşən zaman projektorlar ətrafa işıq saçırdı.

Belə bir şəraitdə L.Bettinyi Hollandiya tərəfdə bələdçi agenti gözləyirdi. Bu, belçikalı Alfons Verstapen idi. Peşəkar qaçaqmalçı olsa da, müharibə onu vətənpərvərə çevirmişdi. O, sərhədyanı əraziləri yaxşı tanıyırdı. Bələdçi agent L.Bettinyiyə yaxınlaşaraq, parolu soruşdu və lazımi cavabı aldıqdan sonra meşə cığırı ilə sərhədə doğru irəliləməyə başladılar. Sərhədə çatdıqda bələdçi agent əlləri ilə qumu qazmağa başladı və az sonra onlar Hollandiya-Belçika sərhədini adlayaraq, Belçika ərazisinə keçə bildilər. Bələdçi sərhəd yaxınlığında minaların basdırıldığı və tellərin çəkildiyi yerləri yaxşı bildiyindən, onlara toxunmamağa çalışırdılar. Qəfildən projektorun işığı ətrafa yayıldı, onun ardınca isə snayper güllələrinin atəşi eşidilməyə başladı. Almanlar sərhədi qeyri-qanuni keçənləri qorxutmaq üçün belə edirdilər.

Belçikadakı evinə gələn L.Bettinyi burada krujeva alverçisi kimi fəaliyyət göstərməyə başladı. Lakin işğal olunmuş ərazilərdə almanların güclü agentura şəbəkəsi işləyirdi. Onlar yerli əhali arasından xeyli insanı cəlb etmişdilər. Luiza şəhər və şəhərətrafı əraziləri gəzərək, əməliyyat şəraitini öyrənir, özünə köməkçilər və həmfikirlər axtarırdı. Onlardan biri kiçik dükanda satıcı işləyən Mariya Leoniya Vanhut idi. O, “Şarlotta” təxəllüsü qəbul edərək, Luizanın köməkçisi kimi fəaliyyət göstərməyə razı oldu. Luiza habelə Muskrone şəhərindən olan kimyaçı de Geytersi və onun arvadını da konfidensial əməkdaşlığa cəlb etdi və onların mənzilindən konspirativ mənzil kimi istifadə olunmağa başlandı. De Geytersin laboratoriyasında yeni əşyalar – müxtəlif növ fotokameralar, böyüdücü şüşələr, gözəgörünməz mürəkkəb hazırlamaq üçün kimyəvi maddələr var idi. Bunlardan hər hansı birinin olması həmin əşya sahibinin casusluq fəaliyyətinə dəlalət edirdi və alman əks-kəşfiyyatçıları tərəfindən sərt şəkildə cəzalandırılırdı.

Santes şəhərində kartoqraf Pol Bernar öz xəttat qələmi ilə Alisanın təşkilatının işinə yardım edirdi. Zaman keçdikcə zərrəbinin və stenoqrafiya sisteminin köməyi ilə Bernar rəngsiz mürəkkəblərlə Alisanın üç min sözdən ibarət məlumatlarını yazmağa başladı.

Müxtəlif şəhərlərdən olan cürbəcür peşə sahibləri və müxtəlif sosial təbəqədən olan insanlar Alisa Dübuanın təşkilatına daxil olurdular. O, otuz səkkiz nəfərdən ibarət agentura şəbəkəsi yaradaraq təkbaşına onlara rəhbərlik edirdi. Əksər hallarda əlaqəçi funksiyasını Alisa özü yerinə yetirirdi.

Alisa Dübua təkcə məlumat toplamaqla kifayətlənməməli, eyni zamanda bu insanların təhlükəsizliyinin qorunmasının qayğısına qalmalı idi. Təşkilat fəaliyyətə başladıqdan sonra onun qarşısında duran ilk tapşırıq ağır döyüşlərdən sonra almanların itkisi barədə məlumat əldə etmək olmuşdu. Yaralı alman əsgərləri ilə dolu qatarlar Lill şəhərindən keçib-gedirdi. Almanlar pəncərələri dəmir yoluna açılan evlərin sakinlərinə gecə-gündüz pəncərələrini və pərdələri bağlı saxlamaq əmri vermişdilər. Buna görə də pərdələrdə deşiklər açılmışdı və yaralılarla dolu qatarlar hesaba alınır, sonra isə oradakı yaralıların təxmini sayı vaqonların sayına vurulurdu. Bununla da döyüşlərdən sonra alman ordusunun verdiyi itkiləri təxmini hesablamaq mümkün olurdu.

Məlumatlar ən müxtəlif yerlərdə gizlədilməklə ünvanına çatdırılırdı: Ayaqqabının dabanında, çətirin və ya qadın çantasının dəstəyində, köynəyin yaxalığında, meyvə səbətlərində və s. Həmin dövrdə casusluq etdiklərinə görə Belçikada iki yüz iyirmi altı kişi və qadın almanlar tərəfindən tutularaq, güllələnmişdilər. Bir çox insanlar isə həbs cəzasına məhkum olunmuşdular.

Uzun müddət mayor Rotselerin başçılıq etdiyi əks-kəşfiyyat orqanı Alisanın fəaliyyət göstərdiyi ərazidən məxfi məlumatların yayılmasından narahat olsa da, mənbəyini aşkar etmək mümkün olmamışdı. Bütün postlara yoxlamaları daha diqqətlə aparmaq tapşırığı verilmiş və bu işə yüksək rütbəli zabitlər cəlb olunmuşdu. Lakin Alisanın buna əhəmiyyət verməməsi onun agentura şəbəkəsinin üzvləri arasında narazılıq yaradırdı. Onlardan əksəriyyəti belə hesab edirdilər ki, şəbəkənin fəaliyyətinin heç bir mənası yoxdur və göndərdikləri məlumatlara lazımi əhəmiyyət verilmir. Rəhbərlik etdiyi agentura şəbəkəsində artıq ruh düşkünlüyünün yarandığını başa düşən Alisa onları sakitləşdirmək üçün belə bir addım atdı: Müttəfiqlərin komandanlığı ilə razılaşma əsasında gecə saat bir tamamda almanların döyüş cəbbəxanasına aviasiya zərbələri endirildi. Həmin gecə o, şübhələnən şəbəkə üzvlərini yanına çağıraraq, onlara sübut etdi ki, qrupun göndərdiyi məlumatlara lazımi dərəcədə əhəmiyyət verilir. Bununla da ona qarşı “qiyam” yatırıldı.

Doğrudur, bu hadisə Alisanı təşkilatçı və konspirator kimi bir o qədər də yaxşı səciyyələndirmir. Əvvəla, onun məxfi agent kimi bir-birini tanımamalı olan insanları bir yerə yığması konspirasiya baxımından doğru deyildi; ikincisi, komendant saatında onların şəhərə çıxması alman patrullarının nəzər-diqqətinə düşməsinə səbəb ola bilərdi.

Uğurlardan daha da ruhlanan Alisa öz fəaliyyət rayonunun xəritəsini hazırladı. Orada Lill şəhəri ətrafında almanlara məxsus bütün döyüş ləvazimatı anbarları göstərilmişdi. Az sonra həmin silah anbarları müttəfiqlər tərəfindən yerlə-yeksan edildi. “Mükafat” olaraq şef onun təşkilatının həm də qonşu ərazidə fəaliyyət göstərməsi haqda əmr verdi.

Lakin onun sadiq köməkçilərindən biri “Şarlotta” həbs olundu. Bunu eşidən Alisa həbs olunacağı təqdirdə işin ləngiməməsi üçün dərhal rezidenturanın yenidən təşkil edilməsinə başladı. Az müddət sonra Alisa özü də həbs edildi. Həbsxanada üzləşmə zamanı o “Şarlotta”nı – Leoniya Vanhutu tanımadığını bildirdi. Lakin məhkəmə onların eyni casus şəbəkəsinə məxsus olduqlarını sübut edərək, hər iki qadını ölüm cəzasına məhkum etdi. Fəqət almanlar həmin dövrdə qəhrəmanlığa və vətənpərvərliyə hörmətlə yanaşırdılar. Odur ki, onların cəzası ömürlük həbslə əvəz olundu və məhbuslar Almaniyaya göndərildilər. Lakin Alisa həbsxanada yatalaq xəstəliyinə tutuldu və 1918-ci il sentyabr ayının 27-də vəfat etdi. Onun təşkilatı isə vaxtında görülmüş tədbirlər sayəsində zərər çəkmədi və bütün üzvləri sağ qaldı.



Nəzakət Məmmədova
Azvision.az üçün



Teqlər: Kəşfiyyat  





Xəbər lenti