Bakı şəhər Baş Polis İdarəsi: "Binalardan paltar asmayın"

 Bakı şəhər Baş Polis İdarəsi:  "Binalardan paltar asmayın"
  08 İyul 2019    Oxunub:3221
Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) əhaliyə müraciət edib.
Azvision.az xəbər verir ki, müraciətdə deyilir:

"İnkişaf tempinə uyğun olaraq paytaxtda həyata keçirilən layihələr uğurla icra olunur. Paytaxt müasirlik və estetik gözəlliyinə görə dünyanın ən məşhur şəhərləri sırasında olduğunu nəzərə alaraq hər bir şəhər sakini ətraf mühitin ümumi görkəminə töhfə verməlidir. Nədir bu töhfələr, kimdən daha çox asılıdır? Bu, hər birimizdən asılıdır. Antisanitar vəziyyət, piyada səkilərinin təyinatı üzrə istifadəsinə etinasız münasibət, yaşayış binalarının fasadlarında asılan qurutma zivələri cəmiyyəti qayğılandırır. Şəhərin görünüşünə xələl gətirən hallarla bağlı ayırı-ayırı paytaxt sakinləri tərəfindən polisə daxil olan müraciətlərdə ekologiyanın və ətraf mühitin mühafizəsi, piyada səkilərinin zəbt olunması məsələsi önə çəkilir.

Vətəndaş müraciətlərini nəzərə alaraq, paytaxt sakinlərindən xahiş olunur ki, piyada səkilərini təyinatı üzrə istifadə etməklə, dayanma-durma qaydalarının tələblərinə əməl etsinlər, avtomobilləri piyada səkilərində saxlamasınlar, şəhərin təmizliyinə həssas yanaşsınlar, binaların fasadlarında paltar qurutma ənənəsinə son qoysunlar.

Sadalanan halların nümunəvi təminində və həyata keçirilməsində hər bir paytaxt sakinini, qonaqları fəal iştiraka çağırırıq".

Azvision.az


Teqlər: Müraciət   BŞBPİ  





Xəbər lenti