Bakıda silahla qətl törədən 3 nəfər həbs edildi
Qeyd olunub ki, bu il iyunun 24-də Nizami rayonunun Q.Qarayev prospektində yerləşən binalardan birinin qarşısındakı yaşıllıq sahəsində dülgərlik fəaliyyəti ilə məşğul olan Ucar rayon sakini Samir Hüseynovun odlu silahdan açılmış atəşlə öldürülməsinə xarakterik xəsarətlər olan meyitinin aşkar edilməsi faktına görə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs - paytaxt sakini Əli Abdullayev, Biləsuvar rayon sakini İlqar Əliyev və Lənkəran rayon sakini Ülvi Hüseynov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunduğundan onlar tutularaq istintaqa cəlb ediliblər.
İstintaq hərəkətləri zamanı saxlanılanlar etirafedici ifadələr vermiş və qətl hadisəsində istifadə etdikləri “Glock” markalı tapançanın gizlədildiyi yeri göstəriblər. Qeyd olunan silah götürülərək maddi sübut kimi cinayət işinin materiallarına əlavə edilib.
Hər üç şəxs təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azvision.az
Teqlər: BŞBPİ Bakı-Prokurorluğu