Nəsimidən ayıbdır axı... – VİDEOKÖŞƏ

   Nəsimidən ayıbdır axı... –    VİDEOKÖŞƏ
  04 İyun 2019    Oxunub:7577
Azərbaycanın ən filosof şairi və ən şair filosofu İmadəddin Nəsiminin adı Günəş sistemindəki planetoidlərdən, yəni kiçik planetlərdən birinə verilib. Bu, möhtəşəm hadisədir, çünki Nəsimi həqiqətən də göy adamı idi və nəhayət, layiq olduğu məkanda da yerini tapdı, bu cahana sığmadı. Bəs o məkan haradır?
Gəlin, bir az Astronomiya ilə məşğul olaq. Bu fənni orta məktəb proqramından çıxaranların acığına!..



Günəş sisteminin planetləri iki qrupa bölünür: Daxili və xarici planetlər. Daxili planetlər (onların quruluşu və kimyəvi tərkibi Yer ilə prinsipcə eyni olduğu üçün “Yer Qrupu planetləri” də adlanırlar) Günəşə nisbətən yaxın məsafədə yerləşən Merkuri, Venera, Yer, Marsdır. Onların orbitləri də bir-birinə yaxındır (Əlbəttə, söhbət kosmik miqyasda yaxınlıqdan gedir). Mars ilə ondan sonra gələn Yupiterin arasında isə böyük bir məsafə var. Elə bir məsafə ki, orada Yer kimi daha iki planetin orbitini rahat yerləşdirmək olardı.

Bax, həmin arada milyona yaxın kiçik göy cismi dövr edir. Əvvəlcə onları kometlər zənn edirdilər, amma sonra məlum oldu ki, çoxunun quyruğu yoxdur, demək, komet sayıla bilməzlər. Orada olan obyektlər qeyri-düzgün formalı kiçik planetlər və asteroidlərdir. Onların hamısı bir yerdə qısaca “Əsas Qurşaq” da adlanır. Niyə “əsas qurşaq”? Çünki Günəş sistemində daha üç belə qurşaq var. Onlardan biri Neptunun orbitindən sonra gələn Koyper qurşağı, qalan ikisi isə Günəş sisteminin faktiki sərhədinə yaxın yerləşən Oort buludu və “Yayğın Disk” adlanan bölgələrdir.

Demək, hazırda bizi Əsas Qurşaq maraqlandırır. Çünki Nəsiminin adını daşıyan göy cismi məhz orada öz kosmik yolçuluğuna davam etməkdədir. Bu qurşaq və orada məskunlaşmış göy cisimləri – məsələn, Vesta, Lütesiya, Matilda və digərləri necə yaranıblar?

Əvvəllər belə bir nəzəriyyə vardı ki, Marsla Yupiterin arasında daha bir planet olub, sonra toqquşma nəticəsində kiçik cisimlərə parçalanıb. Bəzi mənbələrdə həmin rəhmətlik mifik planet “Faeton” adlandırılırdı.

Amma elm inkişaf etdikcə bu nəzəriyyə özünü doğrultmadı və ondan imtina edildi. Hazırkı təsəvvürlərə görə Əsas Qurşağı əmələ gətirən cisimlər məcazi dillə desək, Günəş sistemi yaranandan sonra artıq qalan “tikinti materialları”ndan formalaşıblar.

Bəs niyə bu artıq “tikinti materialları” məhz Mars ilə Yupiterin arasında dövr edir? Və niyə həmin iki planetin arasında olan məsafə məsələn, Yer ilə Marsın, Yer ilə Veneranın arasında olduğundan qat-qat böyükdür?

Bax, bu, Titsius-Bode qanununun nəticəsində belə olur. Həmin qanuna görə, Günəşdən uzaqlaşdırca, planetlərin orbitləri arasındakı məsafə həndəsi silsilənin tərtiblərinə uyğun artır. Bu qanunun köməyilə Uran planetinin harada olacağı dəqiq hesablanmış və 1781-ci ildə planet məhz deyildiyi nöqtədə də tapılmışdı. Bu, elmin böyük triumfu idi...

Əslində mən Nəsimi ilə bağlı bir necə yazı yazmağı planlaşdırmışdım və plan qüvvədə də qalır. Amma bu gün nəhəng filosof-şairin sayəsində bizim Astronomiya haqqında danışmaq imkanımız oldu. O Astronomiya ki, artıq orta məktəb dərsliklərindən çıxarılıb. Halbuki, biz şagird olanda o dərsliyi sevə-sevə, böyük maraqla oxumuşduq. Sizə danışdıqlarımın bir qismi orada yazılıb. Amma indiki məktəblilər onlardan bixəbərdirlər, çünki Astronomiya keçmirlər...

Halbuki, müasir elmin ön cəbhəsi Kosmosdadır. Bütün dünya kosmosa can atarkan, biz sözün pis mənasında axının əksinə gedirik. Bu gün çoxumuz Nəsiminin dünyadakı - ədəbiyyatdakı, tarixdəki, fəlsəfədəki,- yerindən xəbərsizik. Amma belə davam edərsə, təəssüf ki, Nəsiminin göydəki yeri də çoxumuz üçün qaranlıq qalacaq...

Vüsal Məmmədov
Azvision.az



Teqlər: Nəsimi   Astronomiya  





Xəbər lenti