Azərbaycan güləşçisi İtaliyada ikinci oldu

Azərbaycan güləşçisi İtaliyada ikinci oldu
  25 May 2019    Oxunub:2261
İtaliyanın Sassari şəhərində güləşin hər 3 növü üzrə Matteo Pelikone Memorialı keçirilib.
Azvision.az xəbər verir ki, yarışın 2-ci günündə mübarizəyə qadın güləşçilər qoşulub. Baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında yığmamızın 4 üzvü xalça üzərinə çıxıb.

Alyona Kolesnikin (57 kq) Rusiya güləşçisiylə görüşü gərgin mübarizə şəraitində keçib. Son saniyələrdə uğurlu fənd edən rəqib sonuncu xal prinsipinə əsasən növbəti mərhələyə yüksəlib. Elis Manolova (62 kq) qazaxıstanlı güləşçiylə görüşdə 3:0 önə keçsə də, son saniyələrdə üstünlüyü əldən verərək uduzub.

Tatyana Omelçenko (62 kq) da bənzər aqibətlə üzləşib. Təmsilçimiz Koreya idmançısıyla qarşılaşmada 2:0 öndə olsa da, yekunda mübarizədən məyus ayrılıb.

Mübarizəyə 1/4 finaldan qoşulan Elmira Qəmbərova (62 kq) tunisli güləşçiylə ağır keçən görüşdə əzmkar qələbə qazanaraq adını yarımfinala yazdırıb. Bu mərhələdə İsveç təmsilçisiylə üz-üzə gələn həmyerlimiz yenə əzmkar mübarizə sərgiləyərək finala yüksəlib. Həlledici qarşılaşmada İsveçin digər nümayəndəsiylə qarşılaşan Qəmbərova məğlub olaraq, gümüş medalı boynundan asıb.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Sədi Quliyev turnirdə ədaləti qoruyub.

Azvision.az



Teqlər: Güləş   İtaliya  





Xəbər lenti