Baş redaktorlar təşvişdə: “Bilmirik axırı necə olacaq”
AzVision.az qeyd edilən məsələ ilə bağlı mətbuatımızın tanınmış nümayəndələrindən münasibət öyrənib.
“Heç nə dəyişməyəcək...”
“Üç nöqtə” qəzetinin redaktoru Şahin Nəzərli bildirib ki, qəzetlərin satışı üçün metro münasib yerdir.
“Metroda satış yaxşı idi. Ona görə də satışı saxlasa idilər daha yaxşı olardı. Amma publikanın imkanlı və ya kasıb təbəqəsi qəzetə maraqlı deyilsə, bununla elə də böyük bir şey dəyişməyəcək”.
“Qəzetlər ən çox metroda satılırdı”
“Şərq qəzeti" nin baş redaktoru Akif Aşırlı da həmkarı kimi metroda satışın qadağan edilməsinin əleyhinədir.
“Metroda "Şərq qəzeti" nin satışı “Metroservis” firması tərəfindən həyata keçirilirdi. Bildiyim qədər hər nömrədən 120 nüsxə götürülürdüsə, onun da müəyyən hissəsi satılırdı. Bizim metroda satış göstəricilərmiz o biri firmlara nisbətən yüksək olub. Biz də dünən eşitdik həmin firma fəaliyyətini dayandırıb. Təbii bu da səyyar qəzet satışına çox ciddi problemlər yaradacaq. Ona görə ki, ən çox istifadə olunan nəqliyyat vasiətəsi metrodur. Burada oxucuların qəzet əldə etməsi üçün münasib yerdir. Qəzetlər daha çox metroda , metrogirişlərində satılır. Bizim “Metroservis” firması ilə müqaviləmiz var və həmin müqaviləyə hələ xitam verilməyib. Ona görə də biz istərdik ki, metroda satış bərpa edilsin. Mətbuat Şurasının idarə heyətində mən də təmsil olunuram. Bu məsələ orada müzakirə olunub, problemdən Mətbuat Şurası rəhbərinində xəbəri var. Problemlə bağlı məsələ gündəmdədir. İndi hansı qərarın qəbul olunacağı bəlli deyil.
“Metroda satışın dayandırılması bizi narahat etmir”
“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov metroda qəzet satışının ləğv edilməsindən narahat olmadıqlarını deyib.
“Adətən küçə, əl satışı, metroda olan satışla bizim qəzet satılmır. Bizim qəzetimizin əsas satışı abunə yolu və köşklərdə satışla edilir. Ona görə də satışın qadağan edilməsi məni elə də narahat etmir. Onunla biz heç nə itirmirik. Amma bizi ən çox narahat edən şəhərdə qoyulmuş qəzet köşklərində qəzetlərin kifayət qədər fəal satılmamasıdır.
Yəni o köşklər ki qəzet üçün qoyulub orada qəzetə ən axırıncı növ məhsul kimi baxılır. Halbu ki, qəzet köşkü adı ilə qoyulubsa birinci material qəzet olmalıdır. Biz bir neçə dəfə eksperement kecirib, reyd edib baxmışıq ki, “Azərbaycan” qəzeti köşklərin çoxuna heç gedib çatmır, olanda da çox az olur. Buna görə də bizm üçün belə bir hal arzuolunmazdır. Bütövlükdə desək artıq maliyyə gərginliyi bizim qəzetdə də yaranıb. Bu ili birtəhər başa vuracayıq. Növbəti ildə bizi böyük bir problemlər gözləyir. Və mən belə hesab edirəm ki, hardasa reklam bazarı qəzet üçün formalaşmayıb bu çətinliklər bizdən əl çəkməyəcək. Və get-gedə çətinləşəcək. Konkret metroda satışın qadağan edilməsinə gəlincə isə metro xüsusi nəqliyyat növüdür. Söhbət insanların gur axın olduğu yerdən maneəsiz keçmələrinə imkan yaratmaqdan gedirsə və yaxud metro rəhbərliyi belə hesab edirsə orada qəzet satışı sərnişinlərə yüksək səviyyədə xidmət göstərmələrinə maneə yaradırsa mənim buna deysi sözüm yoxdur. Metroya gələn yollarda, xüsusən də insan axını çox olan yerdə qəzet köşkləri qoyulmalıdır. Çünki insanlar bir az asudə, basabas olmayan yerdə dayanıb qəzet alacaq”.
Görək axırı nə olacaq?
«Ayna»-«Zerkalo» qəzetlərinin baş redaktoru Elçin Şıxlı bu qadağanın qəzetlərin yayımında böyük əngəllərin törədəcəyini deyir.
“Yaxşı hadisələr baş vermir, yaxşı proseslər getmir. Görək axırı nə olacaq. Hər halda böyük narazılıq yaranacaq. Böyük qəzetlərin də yayım işini xeyli əngəlləyəcək. Təbii ki, bizim qəzetin də yayımına öz təsirini göstərəcək. Mən belə başa düşürəm ki, bu müdrik təklifləri verən insanlar kimdirsə onlar qaşınmayan yerdən qan çıxartmaq istəyirlər. Görək axırı necə olur”.
Şəhanə Rəhimli