Rusiyada “anti-tütün” qanunu qüvvəyə mindi

Rusiyada  “anti-tütün” qanunu qüvvəyə mindi
  15 Noyabr 2013    Oxunub:1200
2014-cü il iyunun 1-dən siqaret çəkmək üçün qadağan olunmuş yerlərin siyahısına restoran və barlar, yataqxanalar, otellər, uzaq məsafəyə hərəkət edən qatarlar, elektrik qatarları gözləmək üçün perronlar əlavə olunacaq.


Artıq bu gündən etibarən ictimai yerlərdə siqaret çəkənlər ciddi şəkildə cəzalandırılacaq.

AzvIsion.az-ın RİA-Novosti-yə istinadən verdiyi xəbərə görə, Rusiya Federasiyasında bu gündən ictimai yerlərdə siqaret çəkənləri və siqaret çəkən uşaqlara görə valideynləri cərimələr gözləyir. Bu barədə jurnalistlərə açıqlamasında hakim “Vahid Rusiya” partiyasının Dövlət dumasındakı fraksiyasının sədr müavini Vyaçeslav Timçenko bildirib.

“İş yerlərində, təhsil, mədəniyyət, idman, səhiyyə müəssisələrində, yaşayış evlərinin bloklarında, vağzal və aeroportlarda siqaret çəkmək 500 rubldan (12 manatdan) 1500 rubl (35 manat) məbləğinədək cəzalandırılacaq”- Timçenko belə deyib.

Onun sözlərinə görə, 2014-cü il iyunun 1-dən siqaret çəkmək üçün qadağan olunmuş yerlərin siyahısına restoran və barlar, yataqxanalar, otellər, uzaq məsafəyə hərəkət edən qatarlar, elektrik qatarları gözləmək üçün perronlar əlavə olunacaq. “Bəli, bütün siqaret çəkməyənləri biz tütün tüstüsündən azad etməliyik. Bu isə ictimai yerlərdə siqaret çəkməyin qəti qadağan edilməsini nəzərdə tutur”, - deyə millət vəkili qeyd edib.

Deputatın sözlərinə görə, ilk öncə tütün tüstüsündən mühafizəyə uşaqların və yeniyetmələrin ehtiyacı var, ona görə də onlara siqaret satanlar aşağıdakı qaydada cəzalandırılacaq:
vətəndaşlar – 3 min rubldan (72 AZN) 5 min rubladək (120 AZN),
vəzifəli şəxslər – 30 mindən (720 AZN) 50 min rubladək (1200 AZN),
hüquqi şəxslər üçün 100 min rubldan (2400 AZN) 150 min rubladək (3600 AZN).

Uşaq meydançalarında da siqaret çəkmək qadağan edilir, cəriməsi isə 2 min rubldan (48 AZN) 3 min rubla qədərdir (72 AZN).

Yetkinlik yaşına çatmayanları siqaret çəkməyə cəlb edənlər min rubldan (24 AZN) 2 min rubla qədər (48 AZN) cərimələnəcək. Əgər bu hərəkətlər uşağın valideynləri və ya onun qanuni təmsilçiləri tərəfindən edilirsə, onlar 2 min rubldan (48 AZN) 3 min rubla qədər (72 AZN) cərimə ödəməli olacaqlar.

AzVision.az


Teqlər:  





Xəbər lenti