Qusarda polisi öldürən dəstə zərərsizləşdirilib

Qusarda polisi öldürən dəstə zərərsizləşdirilib
  20 Oktyabr 2013    Oxunub:1366
Qusarda polisə silahlı basqın edən cinayətkarlardan ikisi zərərsizləşdirilib.
Xəbər verildiyi kimi, oktyabrın 16-da Qusar şəhərində naməlum şəxslər valyutadəyişmə məntəqəsinin işçisi Sadir Mustafayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirərək üzərindəki 6000 manatı qarət yolu ilə ələ keçiriblər. AzVision.az daxili işlər, milli təhlükəsizlik nazirlikləri və respublika baş prokurorluğunun mətbuat xidmətlərinə istinadən xəbər verir ki, "isti iz"lərlə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisəni törədənlərdən biri-şəhər sakini Edik Rüstəmov saxlanılıb.

Cinayət yolu ilə əldə edilmiş pulun götürülməsi üçün Rayon Polis Şöbəsinin əməkdaşları şəhər kənarındakı meşə zolağına daxil olarkən, E.Rüstəmovla cinayətkar əlaqələri olan 2 naməlum şəxs tərəfindən odlu silahdan açılan atəş nəticəsində polis mayoru Qalib Quliyev həlak olub, digər 3 əməkdaş isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Sonrakı əməliyyat-axtarış tədbirləri ilə silahlı hücumun Qusar sakinləri Faiq Şahmuradov və Ramiz Rəhimxanov tərəfindən törədilməsi müəyyən edilib. Hüquq-mühafizə orqanları əməkdaşlarının birgə həyata keçirdikləri intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində onların gizləndikləri yer müəyyən olunub.
Silahlı cinayətkarların zərərsizləşdirilməsi üçün xüsusi əməliyyat tədbiri keçirilib, bu zaman həmin şəxslər avtomat, tapança və əl qumbaralarından istifadə etməklə şiddətli müqavimət göstəriblər. Nəticədə Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qrupu tərəfindən Faiq Şahmuradov və Ramiz Rəhimxanov məhv ediliblər.

Onların meşə massivində gizləndikləri xüsusi hazırlanmış sığınacağa baxış zamanı 1 avtomat, 2 tapança, çoxlu sayda əl qumbaraları, süngü-bıçaqlar və digər döyüş sursatları, həmçinin xeyli miqdarda müxtəlif ərzaq məhsulları götürülüb.

Göstərilən faktlar üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Teqlər:  





Xəbər lenti