Futboçularımız menecer axtarır – SORĞU

Futboçularımız menecer axtarır – SORĞU
  26 Sentyabr 2013    Oxunub:1875
Ötən ayın sonunda mövsümöncəsi transfer pəncərəsi bağlandı. Bu dövrdə adətən futbolçularla yanaşı, həm də onların menecerləri “vitrində” olurlar. Transfer məsələsində iki tərəfin sövdələşməsindən söhbət getdiyindən, dolayısıyla bu prosesin həm də hüquqi yönü mövcuddur.
Klub hadisələrin gedişində özü üçün şablonlaşmış prosedurdan yararlanır: futbolçuya müqavilə təklif olunur və bütün detallar razılaşdırıldıqdan sonra müəyyən zaman kəsiyi üçün müqavilə imzalanır. Qarşı tərəf isə belə məqamlarda sağlam qərar qəbul etmək zərurətindən hüquqşunasa çevrilmək məcburiyyətində qalır. Məhz belə vəziyyət yarandıqda menecerə ehtiyac duyulur.

Menecerlər futbolçu tərəfindən rəsmi status aldıqdan sonra bir növ müştərisinin hüquqşunası funksiyasının daşıyıcısına çevirilir. Futbolçunun məxsus olduğu klubla danışıqların aparılması, klubdaxili problemlərinin həll olunması, eləcə də transfer təkliflərinin dəyərləndirilməsi, həmçinin oyunçunun təbliğat işləri menecerin öhdəlikləri sırasındadır. Peşəkar futbolçuların bütün potensialını meydanda “xərcləməsi” üçün başqa qayğı çəkməməsi zəruridir. Əslində, beynəlxalq arenada futbolçular menecerlə çalışmağa üstünlük verdiyindən əlavə problemlərlə üzləşmədiyini demək olar.

Bizdə isə vəziyyət bir az fərqlidir. Bir neçə il öncə haqqında danışdığımız məsələnin problem kimi qabardılması gündəmdə deyildi. Bəlkə də bunu futbolçuların menecerlərlə işbirliyinin əhəmiyyəti barədə məlumatsız olması ilə əlaqələndirmək olardı. İllər öncə ölkəmizn futbol ictimaiyyətində “futbolçu niyə qazandığı pula kimisə ortaq etməlidir” düşüncəsi hakim idi. İndi isə durum nisbətən başqadır. İndiki dövrdə bu baxımdan vəziyyətin nə qədər dəyişdiyini müəyyən etmək üçün bəzi futbolçuların menecerlə işləməyin perspektivləri haqqında düçüncələrini öyrəndik.

Qara Qarayev (Milli komandamızın və “Qarabağ”ın futbolçusu):

- Menecerim yoxdur, amma yaxşı menecerimin olmasını istərdim. Məncə, futbolçunu ölkə xaricinə apara biləcək ağentə ehtiyac var. Ölkə içində menecerə ehtiyacım olduğunu düşünmürəm. Menecerlə işbirliyinin əhəmiyyətinə gəlincə, bu çox önəmlidir. Menecerləri bir növ futbolçunun hüquq müdafiəçisi də saymaq olar. Müqavilə bağlandıqdan sonra futbolçunun futbol həyatına dair bütün problemlər menecer tərəfindən həll olunduğundan bunun menecerlə işbirliyinin əhəmiyyəti böyükdür.

Ruslan Tağızadə (Olimpiya millimizin və AZAL-ın müdafiəçisi):

- Agentlə çalışmağın böyük üstsnlükləri olduğunu düşündüyümdən menecerlə çalışmağa üstünlük verirəm. Hazırda Vaqif Heydərli ilə əməkdaşlıq edirəm. Menecer oyunçunun reklamı ilə məşğul olur. Bu üzdən futbolçunun ölkə xaricində çıxış etməsində agentin rolu böyükdür. Həmçinin oyunçunun klubu ilə yarana biləcək hər hansı probleminin həlli də menecerin üzərinə düşür ki, bu da futbolçunun işini asanlaşdırır.

Səbuhi Həsənov (Ukraynanın “SK Zarya” klubunun müdafiəçisi ):

- Mən indiyə kimi heç bir menecerlə çalışmamışam.Düzü, indiyə qədər həmyerlilərimizdən heç kim mənim üçün xidmətlərini təklif etməyib. Mən də bu məqsədlə kiməsə müraciət etməmişəm. Amma bununla belə, beynəlxalq dairədə menecerlə işləməyin əhəmiyyətli olduğunu düşünürəm. Belədə futbolçu bütün potensialını meydanda nümayiş etdirə bilir.
Samir Məsimov (u-19-un və Moskva “Lokomativ”inin futbolçusu):
- Məncə, menecerə ciddi ehtiyac yoxdur. Hər şey ilk növbədə futbolçunun özündən asılıdır. Əvvəllər mən də agentlə işləməyə üstünlük verirdim, amma daha sonra menecerimlə əməkdaşlığa son qoydum.

Elmar Baxışıyev (“Qəbələ” klubunun yarımmüdafiəçisi):

- Menecerim yoxdur və məncə, artıq bunun üçün gecdir. Baxmayaraq ki, ölkəmizdə səviyyəli menecerlər o qədər də çox deyil, amma bununla belə, gənc futbolçulara menecerlə işləməyi tövsiyə edirəm. Əgər sözügedən fəaliyyət növü əvvəlki illərdə qeyri-aktuallığı ilə seçilməsə və yaxşı agentlər olsaydı, o zaman menecerlə çalışardım.

Elhad Nəziri (Milli komandamızın və “Rəvan”ın müdafiəçisi):

- Menecerin futbolçunun arzulanan karyeranı qurması baxımından rolu böyük olduğundan menecerlə çalışmağa üstünlük verirəm, amma əməkdaşlıq etdiyim agentin adını demək istəmirəm. Məncə, menecer futbolçunun uğurlu karyeraya gedən yoldakı qapının açarıdır

Təbii ki, menecer-futbolçu işbirliyindən danışarkən, menecerlərin fikirlərini öyrənməmək olmazdı. Bu məqsədlə bir yerli və bir əcnəbi menecerə müraciət etdik.

Adil Mirzəzadə:

- Futbolçunun menecerlə işləməsini peşəkarlığa doğru atılan addım sayıram.Həm də bu halda oyunçunun işi daha asan olur, çünki futbolçunun futbola dair bütün problemlərini onun agenti həll edir. Menecer futbolçunun vəkilinə çevrilməklə yanaşı, müştərisinin əcnəbi klubların maraq dairəsində olmasında da mühüm rol oynayır.

Süleyman Mərcan (“gol sportmenagement”menecerlik şirkətinin rəhbəri):

- Meneceri bir növ futbolçunun hüquqçunası saymaq olar.Bundan başqa oyunçunun daha parlaq karyera qurnası üçün nəzərdə tutulan planların həyata keçirilməsi də birbaşa agentdən asılı olur. Avropada futbolçuların bu fəaliyyət növünə baxışı qənaətbəxş olsa da, Türkiyə və Azərbaycanda hələ də istənilən səviyyədə deyil. Amma şəxsən mən futbolçu olsaydım, mütləq menecerlə işbirliyində maraqlı olardım. Düzdür, bu gün öz mənfətini üstün tutaraq futbolçuları yalnış ypnləndirən menecerlər də az deyil, amma bu cür hallar belə, agentlərlə işləməyin üstünlüklərinə kölgə sala bilməz.

Tural Məmmədov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti