Quqark hadisələrinin canlı şahidi: “Gecə kəndə od vurdular” – MÜSAHİBƏ (VİDEO)

Quqark hadisələrinin canlı şahidi: “Gecə kəndə od vurdular” – MÜSAHİBƏ (VİDEO)
  31 Mart 2017    Oxunub:21906
Yusif Xıdır oğlu Qazıyev 1934-ci ildə Qərbi Azərbaycanın Böyük Qarakilsə (Quqark) rayonunun Arçut kədində dünyaya gəlib. 1949-cu ildə natamam orta məktəbi, 1953-cü ildə Gürcüstan SSR-nin Marneuli (Sarvan) pedaqoji məktəbini, 1957-ci ildə Azərbaycan Dillər universitetini bitirib, 1971-1975-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitununun dissertantı olub. Pedaqogika üzrə fəlsəfə doktorudur. “Azərbaycan Respublikasının Əməkdar Müəllimi” fəxri adı var. Rus və Alman dillərini bilir.

Yusif Qazıyev 1988-ci ilin noyabrında Ermənistanın Quqark rayonunda azərbaycanlılara qarşı törədilmiş soyqırım hadisəsinin canlı şahidlərindəndir. O, ermənilərin soyqrım əməllərini əks etirən bir neçə kitabın da müəllifidir.

O, AzVision.az-a müsahibəsində ermənilərin Quqarkda törədikləri qırğınla bağlı illərlə gizli qalan, heç kəsin bilmədiyi məqamlardan söhbət açıb:



- Quqark qırğını təsadüfi olmayıb, ermənilərin planı üzrə baş verib. 1987-ci ildə elmi işimlə əlaqdar Tiflisə getmişdim. Oktyabr ayının 11-də geri qayıdanda Moskva-İrəvan qatarında ermənilər yeyib-içib, bayram edirdilər ki, Heydər Əliyev işdən çıxarılıb. Heydər Əliyevin işdən çıxmasından sonra ermənilərin Ermənistada bizə münasibəti tamamilə dəyişdi. Kəndlərə ərzaq göndərmirdilər. Bazara gedənləri döyüb qovurdular. Əlimizdə olan hər şeyi alırdılar. Kənddə taxıl yox idi.

Bakıdan, Tiflisdən azərbaycanlıların xeyli sayda teleqramından sonra Moskavdan Mixayılov adlı şəxsin rəhbərliyi ilə Komissiya gəldi. O, əvvəlcə bizim qonşu Hallovar kəndinə getdi. 1988-ci ilin fevral ayının 26-da onu bizim kəndə də gətirib, vəziyyəti danışdıq. Dedik ki, fəhlələləri döyərək qovurlar. Onların bir neçəsi döyülüb, əziyyət verildikdən sonra öldülər. Başqa kəndlərdə də vəziyyət belə idi. Mixaylov dedi ki, narahat olmayaq, hadisələri ölçüb-biçəcəklər. Sonra iki gün müddətində ermənilər tərəfindən təbliğat getdi ki, hamı işə qayıtsın, xuliqanlıq edənlərin öhdəsindən gələcəklər. Biz də elə bilirdik ki, hər şey yenidən bərpa olunacaq, əvvəlki illərdəki kimi xalq layiqli sovet vətəndaşı kimi yaşayacaq. Birdən dedilər ki, Sumqayıt hadisəsi baş verib. O hadisələrini də heç də azərbaycanlılar törətməmişdi. Aydın oldu ki, həmin işə rəhbərlik edən Qirqoryan da erməni idi.



Bundan sonra Ermənistandakı kəndlərdə vəziyyət daha da pisləşdi. 260-a qədər kənd var idi. Onların 80-i beynəlmiləl, 172-si isə azərbaycanlı kəndləri idi. Ermənilər böhtan atmağa başladılar ki, biz guya Sumqayıtda erməniləri qırmışıq. Bizə deyirdilər ki, siz hansı üzlə burada durursunuz?



Bundan sonra kəndlərimiz mühasirədə qaldı. Guya ki, ermənilər Sumqayıt hadisəlrinə görə bizdən qisas alırdılar. Bəhanələri bu idi.

1988-ci ilin noyab ayının 26-da ermənilər Quqark rayonunun Vartanlı kəndində qırğın təşkil etdilər. Vartanlı kəndi ortada yerləşirdi, bir tərəfdən Kirovakan şəhərinə bitişik idi. Evlərə girdilər, yandırdılar, talan etdilər. Hətta Qərib adlı bir kişi vardı. Qıçının birini dünya müharibəsində itirmişdi. Rayonda ona böyük hörmət edirdilər, rayon sovetinin deputatı idi. Onu evindən çıxarıb, həyətindəki alma ağacına sarıyıb, üzərinə benzin töküb, yandırmışdılar. Həmin kənddə ermənilər 13 nəfəri diri-diri ağaca bağlayıb, od vurmuşdular. Əhali, qadınlar, uşaqlar meşəyə qaçmışdılar. Hava çox soyuq idi, qar yağmışdı. Əhali həmin gecə meşədə qalsa idi məhv olacaqdı. Səhərə qədər qadınları, uşaqlar bizim kəndə gəldilər, evlərdə yerləşdirdik.

1989-cu ilin yanvar ayının 16-da ermənilər məni həbs etdilər. Bizim camaatın gedib meşədə qalan vartanlı sakinlərini xilas etmələrini ermənilər belə qələmə verdilər ki, guya silahlı dəstəmiz gedib orada qırğın törədib.



Həmin gecə ümumilikdə 13 nəfər qətlə yetirilmişdi. Onlar arasında yandırılaraq qətlə yetirilənlər çox idi. Noyabr ayının 27-dən başalayaraq ermənilər bütün kəndlərdə belə hadisələr törədirdilər. Ona görə də, SSRİ rəhbərliyi 1988-ci ilin noyabr ayının 30-da hərbi vəziyyət elan etdi.

Ermənilər daha 3 azəbaycanlını Saral kəndində öldürmüşdülər. 17 azərbaycanlının meyti də verilmədi, trasın kənarında dövlət tərəfindən dəfn olundu.

Qırğından sonra xalq şikayət edirdi ki, bizi niyə qırırsınız, çörək yox, ərzaq yoxdur, imkan verin, köçüb gedək. Şikayətimizdən sonra noyabr ayının 6-da Ermənistanın Nazirlər Sovetinin sədri bizim kəndə gəldi. Adı Varod Movsessian idi. Dedi ki, sizə maşın göndərək, yüklərinizi yığın və ailənizlə birlikdə köçün.

Saral kəndi ermənilərin maşınları ilə köçməyi qəbul etdi. Ayın 30-da ermənilər Saral kəndinin sakinlərinin əşayalarını yük maşınlarına doldurdular, dedilər ki, özünüz avtobuslarla Qazaxa gedin, biz daha sonra sizin yükünüzü ora gətirəcəyik. Hər avtobusun önündə və arxasında bir BTR gedirdi. Buna baxmayaraq, həmin avtobuslar gülləbaran edildi, xeyli sayda insan yaralandı, 3 nəfər də Saral sakini qətlə yetirildi. Bunu ASALA-nın “saqqallılar”ı etmişdilər. Qorbaçov hakimiyyətə gələndən sonra onlar açıq-aşkar elan etmişdilər ki, Ermənistanı azad edəcək və müstəqil Ermənistan dövləti yaradacaqlar. Onların xətrinə dəyən yox idi. Quqark qırğınını törədən də məhz o “qara saqqalı” ASALA üzvləri idilər.



- Yandırılan insanların arasında sizin yaxınlarınız var idimi?

- Mən Qərib kişi ilə Məhəmməd adlı sürücünü yaxşı tanıyırdım. Məhəmmədi 3 nəfərlə birlikdə tutub, məktəbin həyətində, Qərib kişini isə öz həyətində yandırmışdılar.

- Niyə insanları məhz diri-diri yandırdılar?

- Ermənilər tarixən belə ediblər. Ermənilər əhalini yandırmaqla qorxudurdular ki, yaşadıqları ərazini tərk etsinlər.

(Ardı var)



Hafiz Əhmədov
Foto: Elvin Abdulla
Video-montaj: Əhməd Xəlilov/ Bəxtiyar Məmmədov

AzVision.az



Teqlər: 31mart   Soyqırım   Quqark  





Xəbər lenti