Qarabağda “Qorb” əməliyyatı - Aeroport necə işğal edilib (Araşdırma+Fotolar) - III Yazı

Qarabağda “Qorb” əməliyyatı - Aeroport necə işğal edilib (Araşdırma+Fotolar) - III Yazı
  03 Mart 2017    Oxunub:26531
(Əvvəlini BURADAN oxuya bilərsiniz)

Aeroport ətrafında düşmənin fəal əməliyyatlarına qədər olan vəziyyəti ümumiləşdirərək bildirim ki, aeroportu 26 nəfər Əlif Hacıyevin xətt daxili işlər bölməsi, 16 nəfər Aqil Quliyevin könüllü dəstəsi, 9 nəfər XTMD növbətçisi, Xocalı milis bölməsi əməkdaşları müdafiə edirdi. Xankəndindən Xocalıya doğru istiqamətlənən və aeroportun yaxınlığından keçən dəmiryolu hissəsini isə Xocalı özünümüdafiə batalyonunun döyüşçüləri qoruyurdu.

Tarix və müharibədə tərəflər qarşılığlı şəkildə araşdırılmalı, xüsusən də müharibə və işğal əməliyyatlarında düşmənin kimliyi, onun hansı qüvvələrlə hücuma keçməsi düzgün dəyərləndirilməlidir.

Xocalı şəhərinin işğal əməliyyatı ermənilər üçün nə qədər əhəmiyyətli idisə, bir o qədər də aeroportun tutulması əhəmiyyətli olub. Ermənilərin aeroporta doğru əməliyyat keçirmələri üçün o qədər də əlverişli şəraitləri olmayıb. Yolun sol tərəfində yerləşən aeroport düz sahədə yerləşdiyindən ermənilərin irəlləməsi olduqca çətin olub. Erməni komandirlərin özləri də Xocalıya hücum zamanı aeroportun mühasirəsi zamanı çətinlik çəkdiklərini etiraf edirlər.

“Milli Legion” dəstəsinin komandiri Smbat Hakopyan, daşnak Vardan Stepanyanla (azərbaycanlılara və türklərə qarşı bəslədiyi nifrətə görə “Düşman” ləqəbiylə tanınırdı ) birgə Xocalı aeroportuna qarşı keçirilən əməliyyat haqqında danışarkən aeroport ətrafında olan vəziyyəti və erməni hərbi birləşmələrinin oranı necə işğal etmələrini təsvir edir.

Smbat verdiyi məlumatlarda Xocalıda yerləşən bazaların, atəş nöqtələrinin, düzülüşlərin hansı mövqelərdə yerləşmələri haqqında məlumatsız olduqlarını bildirir. Onun sözlərinə görə, aeroport ərazisinin kəşfiyyat məqsədilə örgənilməsi üçün Vardan Stepanyanın tələbi ilə onun (Smbat Hakopyanın -Q.Ş) dəstəsi çağırılıb. Nəticə etibarı ilə işğal əməliyyatının aparılması üçün Vartanla Smbat Kəlbəcərin Kolatağ kəndində görüşüb.

Smbat Hakopyan işğaldan öncə ərazidə kəşfiyyat xarakterli əməliyyatların aparılmasını bildirir:
“Tapşırıq verildi ki, ərazidə ilkin kəşfiyyat fəaliyyətləri icra edilsin və ərazinin fotoları çəkilsin. Fotoqraf Karen Gevorqyan Xocalı bazalarının görüntülərini çəkdi. Video, kontur və faktlar üzərində planlı əməliyyat hazırlandı. Eyni zamanda əməliyyat zamanı başqa bir hadisə baş verdi. Lyovan və Karen (əmi uşaqları olublar- Q.Ş) ərazinin fotolarını yüksəklikdən çəkməyi bacarmadılar və məcbur oldular ki, açıq sahəyə ensinlər. Bu zaman Azərbaycan helikopterlərinin atəşi altına düşdülər. Lakin, onlar açıq sahədə boruya daxil olmağı bacardılar. Demək olar ki, onlar əsir idilər amma bu günə qədər də anlaya bilmirəm ki, bombalama hansı səbəblərə görə dayandırıldı. Bundan sonra Vartan güclə Kareni boru daxilindən çıxara bildi. Fotoaparat zədələnmişdi”.



Ərazinin aeroporta yaxın olmasını və ən təhlükəli istiqamətdə yerləşdiyini bildirən Hakopyan aeroportun müdafiəsinin olduqca yaxşı təşkil edildiyini bildirir. Aeroport ətrafında ermənilərə qarşı helikopterdən istifadə edilməsi baş verən təxribatın zamanını az da olsa müəyyənləşdirməyə imkan verir. Bildiyimiz kimi, 1992-ci il yanvarın 28-də Ağdam-Şuşa maşurutu üzrə hərəkət edən mülki helikopterin vurulmasından sonra Xocalı ilə hava əlaqəsi təmamilə kəsilib. Deməli Smbatın yuxarıda verdiyi məlumat daha öncəyə aiddir. Nazim Hüseynov, Əlif Hacıyevin rəis olduğu zaman ermənilərin aeroport istiqamətində kəşfiyyat xarakterli əməliyyat aparmaq istədiklərini bildirir.

“Ayın tarixini unutmuşam. Həmin zaman mən də növbədə idim. 10 nəfərdən ibarət olan erməni qrupu aeroportu kəşfiyyat etmək məqsədilə əraziyə daxil oldu. Aeroportda yaranacaq erməni təxribatlarına qarşı yalnız biz nəzarət aparmırdıq. O zaman bizimlə yanaşı Xüsusi Təyinatlı Milis Dəstələri də mühafizə məqsədilə orada dayanırdılar. Ermənilərin hücumu zamanı onlar da bizim köməyimizə gəldi və biz erməniləri dəf edə bildik. Onlar xüsusi hazırlanmış kəşfiyyatçılar idi. Bundan başqa ermənilər gecə vaxtı 2-3 dəfə kəşfiyyat aparmağa çalışıblar. Hətta, bizim milis işçisinin birini- Xəqani Cəfərovu tutub aparmaq istəyiblər. Onun sinəsi və başı cırıq-cırıq idi”.

Ermənilər əməliyyatdan qısa bir müddət sonra etiraf edirdilər ki, həmin dövrdə Xocalıda aeroport yeganə yer olub ki, onlar obyektin kəşfiyyatını apara bilməyiblər. Ermənilər Xocalı aeroportunda böyük bir silah anbarının yerləşdiyini, aeroporta daxil olmağın mümkün olmayacağını, orada çoxlu silahların və böyük texnikanın olmasını zənn ediblər.

“Xocalı soyqırımında həlak olmuş sakinlərin cəsədlərinin Qaraqaya deyə adlanan yerdən gətirilməsi zamanı mən də orada idim. Cəsədlərin hansı şəkildə təhqir edilməsini, onların kəsilmiş başları gördüm. Öz əlimlə cəsədləri götürürüdüm. Və o zaman orada tanıdığım ermənilər vardı. Onlarla qısa da olsa danışa bildik. Mənim əsgər yoldaşım Manvelin xalası oğlu Karenlə və Vitali Balasanyanla danışdım. Soyqırım zamanı Balasanyanın əsgərləri tərəfindən xeyli Xocalı sakini öldürülmüşdü. Əfsuslar olsun ki, onları uşaqlıqdan tanıyıram. Bir yerdə böyüdüyüm şəxsləri gözəl tanıyırdım. Vitali ilə danışığımızda o mənə bildirdi ki, “siz Xocalı aeroportunda bizimkiləri incidirdiz ona görə də onların yaxınları sizinkiləri bu günə qoydu.” Mən əvəzində ona bildirdim ki, “biz orada Azərbaycanın dövlət hüquq mühafizə orqanlarının əməkdaşları idik. Biz orada bu cür vəhşilik etmədik. Biz sizin körpələrinizin, qadınlarınızın və qocalarınızın başlarına bu cür müsibətlər gətirmədik. Biz sadəcə orada silahlı insanların gəlib-getməməsi üçün nəzarət aparırdıq.” Onlarla danışıqlar əsnasında erməni dilində bildirirdilər ki, düşünürdük ki, aeroport daxilində böyük bir silah anbarı var və biz həmin bölgənin kəşfiyyatını heç bir zaman apara bilmədik”- deyə Nazim Hüseynov bildirir.

Aeroporta hücum üçün Əsgəran tərəfdən Qoqonun başçılı altında Masis dəstəsi, sol tərəfdən-Noraşendən (Günəşli) Manvel Yeğiazaryanın Arabo dəstəsi, sağ tərəfdən-Kyatukdan (Ağgədik) Qarabağ ermənilərinin 2-3 dəstəsi yerləşdirildi. Hakopyanın dəstəsi arxasında isə 4-cü dəstə rezerv olaraq yerləşirdirildi. 366-cı alayın aeroporta hücumda iştirak etməsini isə ermənilər bütövlükdə inkar etməyə çalışırlar. Lakin bildirim ki, açıq ərazidə güclü atəş dəstəyi olmasaydı erməni qüvvələri aeroportu asanlıqla ələ keçirə bilməzdilər.

Erməni qüvvələrinə qarşı Xankəndiyə gedən magistral yolun sol hissəsində Aqil Quliyev 16 nəfərlik dəstə və BRDM tipli texnika ilə aeroportun girəcəyindəki “qapı”nı qoruyurdu. Aeraportu isə Əlif Hacıyevin komandanlığı altında 26 nəfərlik heyət müdafiə edirdi.

Xocalıya qarşı aparılan əməliyyat zamanı Xocalı polis bölməsi isə başsız qalmışdı. Sabir Məmmədov və Xocalı rayon prokroru Bakıda idi. Pərakəndə bir vəziyyətdə vahid komandanlıq məsələsində razılıq əldə edilməmişdi. Yalnız işğala bir gün qalmış, 25 fevralda milis şöbəsi Əlif Hacıyevə tabe olundu. Ermənilər tərəfdən isə, işğal əməliyyatına general Gurgen Dalibaltayan (mərkəzi komandanlıq Arkadi Ter-Tadevosyan) başçılıq edirdi. Erməni general əməliyyatdan öncə Vartan Stepanyan və Smbat Hakopyanla əməliyyatın hansı vəziyyətdə keçirilməsi ilə bağlı müzakirələr aparıb.

“Əməliyyatı 00:15 radələrində başlamağı planlaşdırırdılar. Artıq hamıya məlum idi ki, düşmənin müdafiəsi güclüdür. Onların diqqətini yayındırmaq üçün hiyləgər bir addım seçildi. Xankəndindən Xocalıya qədər aeroportla yanaşı dəmir yolu da keçirdi. Xankəndindən qatarı itələmək və hərəkətə gətirmək lazım idi. Vaqonlardan birində böyük miqdarda partlayıcı material vardı. Onu düşmən mövqelərinə yaxın partlatmalı və düşmənin gücü zəiflədikdən sonra hücuma başlanmalı idi. 00:15 radələrində qatar hər zaman vaxtında gələrdi. Bütün gözləntilər onda idi. Bilirdik ki, 37 saniyəyə partlamalıdır. 40-cı saniyəyə keçdi dayandı, lakin partlamadı. Artıq aydın idi ki, partlayış baş tutmadı”- deyə Smbat Hakopyan bildirdi.

Ermənilər vaqonların partlamasına o qədər də ümid etmirdi. Erməni qərargahından patlayışı bir neçə dəqiqə də gözləməyi əmr edirlər. Vaqonların partlamamasına tam əmin olan erməni qərərgahı iyirmi dəqiqədən sonra əməliyyata başlamaq haqqında əmr verir.

“Bizə bu xətləri necə keçəcəyimiz olduqca maraqlı idi. Birinci xətti keçən zaman yaralanmış Karen xəstəxanada öldü. Vartan mənimlə əlaqə saxlayaraq bildirdi ki, sol tərəfdən hərəkətə keçək. Bunu təsəvvür etmək belə çətin idi. Dörd tərəfdən toplar uçur, sağ və sol tərəfdən heç kim heç nəyi dərk etmirdi...Vartan sol tərəfdən hücum edərək keşikçi məntəqəsini ələ keçirdi. Orada yerləşmiş 2 plemyot, 2 AQS-17 silahından döyüşçülərimiz üzərinə atəş açılırdı... Bədənimdən yorğunluq keçirdi... Düşmən böyük itgilərlə mübarizəyə davam edirdi”- deyə Smbat Hakopyan bildirdi.



Smbat Hakopyan verdiyi məlumatlarda elə təsvir edir ki, guya xüsusi diversiya qrupu aeroporta həmlə edirdi. Doğrudur, Vardan Stepanyanın dəstəsi və Arabo xüsusi kəşfiyyat qrupu idi. Lakin Nazim Hüseynov məntəqənin alınmasında BMP-2 dən istifadə edildiyini bildirir.

“Ballıca istiqamətindən aeroporta qədər olan hissə şumlux sahə idi. Aeroportun sahəsi Aqil Quliyevin tutduğu mövqeyə qədər idi ki, oradan da magistral yol gəlirdi. İlkin olaraq BMP-2 öndə gəlirdi. BMP elə bir atəş açdı ki, səngərdən başımızı qaldıra da bilmədik. Hücum zamanı 366-cı alay da iştirak edirdi. Nəticədə ağır texnikadan açılan atəşlə ermənilər keşikçi məntəqəsini götürə bildi. Yol istiqamətində ilk olaraq Aqil Quliyevin keşikçi məntəqəsi vuruldu. Məntəqədə ələ keçirilən plemyot isə texnikanın üzərində quraşdırılmışdı. BMP ilə vurulan keşikçi məntəqəsində 3-5 arası nəfər dururdu. Onlar gündəlik təmasda olduğumuz döyüşçülər idi. Həmin postla bizim aramızda 1 km, bəlkə də çox məsafə olardı. Dəmir yolu istiqamətində isə 8-10 nəfərdən ibarət özünümüdafiə dəstəsindən olan döyüşçülər var idi. Onlar əsir götürüldü. Həmin istiqamətdə texnika üzərində bir TŞK plemyotu quraşdırılmışdı. Özünümüdafiə batalyonu Aqil Quliyevin dəstəsindən 400-500 metr aralıqda Kətik dağı istiqamətə idi”.

Aeroport daxilində döyüşlərə başçılıq edən Əlif Hacıyev könüllü qüvvələrimizlə strateji obyektin düşmənin əlinə keçməsinə imkan verməmək üçün son patronlarına qədər vuruşdu. Stolyarov Krill Anatoliyeviç “От Нагорного Карабаха до Беловежской пущи” adlı kitabında, aeroportun əsas qurğularının və enmə-uçuş zolağının məhv edilməsi üçün keçmiş prezident Ayaz Mütəllibov tərəfindən göstəriş verildiyini, lakin əmrin yerinə yetirilmədiyini bildirir. Məlumatlara görə, qüvvələrin tükənməsini görən Əlif Hacıyev aeroportun əsas qurğularının məhv edilməsini əmr edib. Məhz bu səbəblə ermənilər aeroportun tutulmasına baxmayaraq istənilən nəticənin əldə edilmədiyini bildirirdilər.

“Xocalıda digər yerlərə nisbətən aeroport daxilində ermənilərə müqavimət göstərildi. Əlif Hacıyevin oturduğu kabinetdə sənədələr vardı. Sənədlərin üzərinə salyarka tökülərək, yandırılması üçün Asif Usubova göstəriş verildi. Orada elə səndələr var idi ki, onlar ermənilərin əlinə keçməməli idi. Biz isə Aqil Quliyevin dəstəsi istiqamətində idik. Orada beton piltələr düzəldilmişdi və arxasında səngərlər qazılmışdı. Eynilə təyyarə düşən, lakator yerlər var idi ki, həmin ərazilərdə biz səngər qazmışdıq. Bizim sağ qalmağımıza səbəb o səngərlər idi. Çünki BMP ilə bizi elə bir atəşə tutdular ki, başımızı qaldıra bilmirdik... Aeroport daxilində partladıcı maddələr və dinamitlər olmadığıdan avadanlıqların üzərinə benzin tökərək yandırdıq. Daha sonra Əlif Hacıyevin göstərişlərinə əsasən ailələri Xocalı şəhərində mühasirəyə düşən şəxslər şəhərə doğru getdilər. Vəziyyət ağırlaşırdı. Nəticədə, Əlif Hacıyevlə birgə 8-9 nəfərlə aeroportdan çıxdıq”- deyə Nazim Huseynov bildirdi.

Məlumata görə, işğal əməliyyatı bir saat yarımdan sonra başa çatıb. Xocalıda döyüşlər gedən zaman artıq ermənilər aeroporta daxil olmağı bacardılar. Vardan və Smbat adlı erməni isə aeroportun başında çıxdı. Aeroportun tutulmasına baxmayaraq, ermənilər ərazidə nə qədər qüvvələrimizin qalmasından xəbardar deyildilər.



İşğaldan sonra Smbat Hakopyan radio rabitə ilə erməni general Dalibaltayan və polkovnik Qukasyan ilə əlaqə saxlayıb.

- Cənab general hesabat verək ki, bizim qrup artıq hava limanındadır, tapşırıq yerinə yetirilmişdir,- deyə Smbat bildirdi. Erməni general aeroportun işğal edilməsinə inanmır, rabitədə qəhqəhə çəkir və ermənilərdən yeni bir əməliyyata başlamalarını istəyirdi.
- Ola bilər ki, mən olmayım- deyə general şübhə ilə bildirdi.
- Cənab general, mən və Vartan artıq aeroportdayıq - Smbat yenidən məlumat verir.
- O zaman iki yüngül raket boşaldın - Dalibaltayan arxeyin olmaq üçün bildirdi. Ermənilər raketləri havaya buraxdı.
- Təbrik edirəm, oğlanlar, səhər görüşərik - deyə erməni general qışqıraraq dedi.

Maraqlı hadisələrdən biri də ermənilərin aeroportu tutması zamanı yaşanıb. Belə ki, aeroport belə işğalçıları qəbul etmirdi. İşğal etdiklərini özününküləşdirməyə alışmış ermənilər simvolik əhəmiyyət kəsb etsin deyə qarabağlı bir ermənini aeroportun başına erməni bayrağını asmaq üçün qaldırırlar. Lakin, bayraq tərsinə asılır. Ələ keçirilmiş bir əraziyə bayrağın tərsinə sancılması utancverici hal olmaqla yanaşı, şərəflə birgə ölçülür. Bayrağın tərsinə asılması hərbçilər arasında torpağın işğalçını qəbul etməməsi kimi qəbul edilir.

Xocalının bütün istiqamətlərdən ələ keçirilməsinə baxmayaraq bir qrup döyüşçü ərazidə qaldı. Onlar yaxşı bilirdilər ki, geriyə çıxış yolu yoxdur...

“Artıq səhər 09:30 yaxın zənn edirdik ki, əməliyyat başa çatıb. Xəbər gəldi ki, bizim oğlanlara birinci dzodun (möhkəmlənmiş uzunmüddətli atəş nöqtəsi ) yaxınlığında atəş altına düşüblər. Bombalarla maşınların üzərinə atəş açırdılar. Sürücü və iki nəfər öldürüldü. Əməliyyat zamanı heç bir şey istənilən kimi əldə edilmədi. Dzod mürəkkəb hərbi bömrələrlə inşa edilmiş, rusların “P” hərfinə bənzəyən böyük beton sallarla montaj edilmişdi. Saat 07:00-dan başlayaraq bu dzoda hücum etməyə başlayıblar. Onları yanız 17:00 radələrində zərərsizləşdirə bildik”- deyə Smbat Hakopyan bildirdi.

Məlumatlara görə, aeroportun tutulmasından sonra ermənilərə qarşı başlanan döyüşdə 12 nəfər azərbaycanlı iştirak edib. Döyüşən qüvvələrimiz ətrafında, düşmən uzun müddət mövqelərini möhkəmlədib. Ermənilər bildirir ki, döyüş ərzində itgilər veriblər. Xocalının işğal əməliyyatında son olaraq bu ərazidə güclü müqavimət təşkil edilib. Döyüşçülərimizin əsas məqsədi tutulmuş mövqedən istifadə edərək qadın və uşaqların ərazidən çıxarılması olub. Daha iki saat davam edən döyüş zamanı Aşot (ləqəbi Şavarş) adlı erməni və döyüşçülərimiz arasında əsirlərin mübadiləsi haqqında danışıqlar da aparılıb. Məlumata görə, 12 nəfərlik qrup xüsusi təlim görmüş dəstə olub. Lakin, aşağıdakı məlumatdan aydın olur ki, döyüş nəticəsində döyüşçülərimizdən 6 nəfər əsir düşüb.

“Bizi aldatmışdılar gec başa düşdük. Oyun daxilində oyun oynayırdılar. Atəş altında idik. Yerimiz məlum olmuşdu. Belə çıxırdı ki, azərbaycanlılar Əfqanıstanın ciddi müəsisələrində döyüşüblər. Onlar Vartanın səbəbiylə zərərsizləşdirildi. Necə? Bir neçə qumbaranı bir yerə bağladı, ətrafa baxmadan qaçdı və qumbaranı dzod daxilinə atdı. Birinci onlar nə baş verdiyini anlamadı, onlar başa düşənə qədər Vartan özünü dzoda atdı. Zərbənin şokundan ayılmayan düşmən Vartan tərəfindən zərərsizləşdirildi. Qalan 6 nəfər uşaqların köməyi ilə sağ çıxarıldı.”- deyə Smbat Hakopyan bildirir.



Xocalı işğal edildikdən sonra Artur Mkrtçyan Vardan Stepanyana Xocalıdan gözəl bir ev təklif edir. Lakin Vardan bildirir: “Xeyr. Mən Şuşadan ev istəyirəm”.

Burada Vardan əsl erməni həyassızlığını nümayiş etdirirdi. Lakin Vardana nəinki Xocalıda, Şuşada belə yaşamaq qismət olmadı. O, 1992-ci ilin 3 iyul tarixində Xocavəndin Mirikənd kəndi yaxınlığında döyüşçülərimiz tərəfindən məhv edildi.

Yenidən mövzunun əvvəlinə qayıdaraq müharibənin və aeroportdakı vəziyyətin gərgin olduğu bir zamanda Xocalı soyqırımının əsas fiquru Zori Balayanın gəlişini xatırlatmaq istərdim. Aeroprta gələn Balayan elə oradaca vəziyyəti dəyərləndirir, xüsusi mesajlar verirdi.

“Aprel ayının axırında ratsiya vasitəsilə məxfi məlumat daxil oldu ki, Ermənistandan 5-ci reyslə silah gətiriləcək. Həmin günü Sabir Məmmədov da Xocalı aeroportuna gəldi. Beşinci reysdə bütün sərnişinlər yoxlanıldıqdan sonra gözlənilirdi ki, təyyarədən silah çıxarılacaq. Sonda təyyarədən axırıncı düşən Zori Balayan oldu. Bu şəxsin özü həmin dövr üçün çox büyük bir silah idi. Əlif Hacıyev Balayanın saxlanılmasına göstəriş verdi. Təxmini iki-üç saata yaxın saxlanıldı. Mərkəzi Komitə və keçmiş Daxili İşlərlə əlaqə yaradan Əlif Hacıyev Balayanın həbs edilərək Bakıya göndərilməsini təkid edirdi. Həmin zaman aeroportda DTK-nın digər əməkdaşları ilə yanaşı erməni nümayəndələri də vardı. Buna baxmayaraq, MK-dən ciddi şəkildə tələb edildi ki, bu şəxs növbəti reyslə Xankəndiyə buraxılmalıdır. Əlif Hacıyev bu qərara qətiyyətlə qarşı çıxdı və onun həbs edilməsinə çalışdı. Lakin bu məsələ Əlif Hacıyevin imkanları daxilində olmadığından o növbəti reyslə Xankəndinə deyil, Ermənistana qaytarıldı.”- deyə Nazim Hüseynov bildirir.

Siyasətdə dürüstlük ciddi fəlakətlərə yol açır. Xocalının işğalı isə həqiqətən də yeni-yeni fəlakətlərə yol açdı. Açılan “qara qapı”lar isə 25 ildir ki, bağlanmaq bilmir.

Şahin Qocayev
AzVision.az




Teqlər: #Qarabağ   #QorbƏməliyyatı   #Araşdırma   #Xocalı  





Xəbər lenti