İslam Oyunlarına 100 milyon dollar xərclənəcək - (VİDEOXƏBƏR)

İslam Oyunlarına 100 milyon dollar xərclənəcək - (VİDEOXƏBƏR)
  27 Dekabr 2016    Oxunub:25893
Bu il gənclər siyasəti istiqamətində Gənclər və İdman Nazirliyi tərəfindəm 150 tədbir keçirilib. Bunlardan 30-u beynəlxalq tədbirdir. Həmçinin il ərzində 300-ə yaxın gənc nazirlik tərəfindən xarici ölkələrə ezam olunub.
AzVision.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov 2016-ci ildə görülən işlərə dair keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, prezident İlham Əliyevin gənclərlə görüşü ruh yüksəkliyi yaradır: “Görüşlərdə maraqlı söhbətlər aparılır, suallar qoyulur, bəziləri yerində həllini tapır, bəzilərinə görə tapşırıqlar verilir. Gənclər siyasətində daim yeniliklər olur.

Bu il 6 gəncə 10 min manat dəyərində prezident mükafatı verilib. Gənclər evinin tikintisi davam etdirilir. Tovuz, Gəncədə gənclər evi açılıb. Bu il ilk dəfə Milli Məclisdə Gənclər və İdman komitəsi yaranıb. Bu siyasət təkcə dövlət üçün deyil, Milli Məclis üçün vacib sahə olduğunun sübutudur”.

Nazir bildirib ki, Azərbaycanda 52 beynəlxalq yarış keçirilib. İdmançılarımız 198 beynəlxalq yarış və təlim məşq toplantılarında iştirak edib: “2016-ci il ərzində dünya, Avropa çempionatı və birinciliklərində, kubok yarışlarında 837 medal qazanılıb, bunun 291-i qızıl, 250-i gümüş, 290-ı isə bürünc medaldır”.



Nazir hesabat konfransında gələn il həyata keçiriləcək tədbirlərdən söz açıb. A.Rəhimov bildirib ki, may ayında İslam Həmrəylik oyunları, iyul ayında “Formula-1”, sentyabrda MDB ölkələrində voleybul üzə çempionat keçiriləcək.

Gənclər və idman naziri mətbuat konfransında həmçinin Azərbaycan Milli Antidpoinq Agentliyinə (NADA) yeni rəhbər təyin olunub. O, qeyd edib ki, yanvar ayının ilk günlərindən NADA öz fəaliyyətinə başlayacaq.

“Agentlikdə 3 komitə fəaliyyət göstərəcək. Bununla da Beynəlxalq Antidopinq Agentliyinin bütün tələbi yerinə yetirilmiş olacaq. Agentlik müstəqil fəaliyyət göstərəcək. 2017-ci ildə 400-ə qədər analizlər götürüləcək. Düşünürəm ki, islam oyunlarında 400 idmançı öz analizlərini təqdim edəcək. Bizim üçün də böyük təcrübə olacaq”.

Nazir bildirib ki, 4 minə qədər idmançı islam həmrəylik oyunlarında iştirak edəcək, 2000-ə texniki şəxs, nümayəndə heyəti olacaq. “Atletlər kəndində 6 minə yaxın idmançı və qonaq qalacaq. İslam Həmrəylik oyunlarından sonra Atletlər kəndi şirkətə qaytarılacaq. Çünki qarşıdakı illərdə böyük tədbirlər olmayacaq və onun saxlanması bizim üçün ağırdır və sahibkarlara qaytarılacaq. Çox güman ki, oradakı evlər satılacaq. İslam Oyunlarına 100 milyon dollar xərclənməsi nəzərdə tutulub. Bunun da böyük hissəsi açılış və bağlanış mərasimi üçün nəzərdə tutulub”.





Aytən Zəhra
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər:  





Xəbər lenti