“Oğurladığım 1 milyonu qızlara xərcələmişəm”

 “Oğurladığım 1 milyonu qızlara xərcələmişəm”
  26 Fevral 2013    Oxunub:2434
17 yaşlı İsmayıl Qəhrəmanovun Bakının müxtəlif rayonlarında onlarla evi qarət etməsi məlum olub.
Bakıda cəmi 17 yaşı olmasına baxmayaraq, törətdiyi çoxsaylı cinayətlərlə hər kəsi təəccübləndirən oğlanın başqa əməlləri də ortaya çıxıb. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsinin əməliyyatçıları tərəfindən tutulmuş Astara rayon sakini, 17 yaşlı İsmayıl Qəhrəmanovun Bakının müxtəlif rayonlarında onlarla evi qarət etməsi məlum olub. Zərərçəkənlərin müraciəti əsasında və ilkin araşdırmalarla müəyyən edilib ki, İ.Qəhrəmanov təkcə Nəsimi rayonu ərazisində mənzillərdən 300 min manat dəyərində olan qızıl və müxtəlif valyutalar ələ keçirib.

Sonrakı araşdırmalarla 17 yaşlı peşəkar oğrunun başqa rayonların da ərazilərində çoxsaylı mənzilləri talaması məlum olub. Hələlik onun Binəqədi və Yasamal rayonlarında onlarla evdən külli miqdarda pul və qızıl ələ keçirməsi aydınlaşıb. Zərərçəkənlərin isə sayı hər ötən gün artmaqdadır. Polis İdarəsindəki mənbə bildirir ki, İ.Qəhrəmanovun ələ keçirdiyi sərvətin 1 milyon manat civarında olmasına şübhə yoxdur. Maraqlıdır ki, peşəkar oğru bu qədər pula nə daşınmaz əmlak, nə avtomobil, nə də başqa mülk alıb. O polisə verdiyi bütün ifadələrində deyib ki, pulları dostları ilə qızlara xərcləyib: “İ.Qəhrəmanov israrla təkrarlayıb ki, pulları qızlara xərcləyib. Hərdən qohumlarına da əl tutub”.

Gənc oğlan cinayət əməllərinə 2011-ci ildən başlayıb. Onun sanballı oğurluqları isə 2012-ci ilə təsadüf edir. O, təkcə Nəsimi rayonu ərazisindəki 3 mənzildən ümumilikdə 100 min manatlıq qızıl və 50 min manatadək pul oğurlayıb. Mənzilləri seçərkən isə İ.Qəhrəmanov diqqətlə hərəkət edirmiş. O əvvəlcədən müxtəlif yollarla kimin evdə olub-olmamasını yoxlayırmış, sınaq cəhdləri edirmiş. Evlərə isə əsasən binaların eyvanlarından pəncərələrdən və nəfəsliklərdən daxil olurmuş.

Hazırda Nəsimi RPİ-də İ.Qəhrəmanovun əməllərindən ibarət materiallar toplanır. Eyni zamanda onun əməllərindən əziyyət çəkmiş digər rayonların sakinlərindən də müraciətlər daxil olur. İdarədən Lent.az-a bildirilib ki, yaxın vaxtlarda bütün materiallar birləşdirilərək Bakı şəhər BAŞ Polis İdarəsinə göndəriləcək və işin istintaqı burada aparılacaq.

Qeyd edək ki, Lent.az bir neçə gün əvvəl İ.Qəhrəmanovun oğurluq etdiyi ev sahiblərinin 20-sinin adını və oğurlanmış əşyaların siyahısını təqdim edib. Siyahıdan məlum olur ki, İ.Qəhrəmanov evlərdən ölçüsü kiçik, dəyəri böyük olan şeyləri, yəni ancaq qızıl və pulları götürürmüş. Nə qədər bahalı olsa da, peşəkar oğru qarşısına çıxan telefon və digər elektron avadanlıqlara “tamah salmırmış”. Onun qarət etdiyi evlərin sahibləri arasında xeyli imkanlı və tanınmış adamlar da var.


Teqlər:  





Xəbər lenti