Rusiyadakı azərbaycanlıların taleyi necə olacaq?-Açıqlama

Rusiyadakı azərbaycanlıların  taleyi necə olacaq?-Açıqlama
  04 İyun 2013    Oxunub:1784
Rusiya ölkəyə miqrant axının qarşısını almaq üçün sərt tədbirlər həyata keçirmək niyyətindədir.
Hazırda Rusiyada 11 milyondan artıq mühacir var. Son 3 ildə onlardan 70 min əmək mühaciri qanunları pozduğuna görə ölkədən departasiya olunub. Rəsmi Moskva ölkəyə miqrant axının qarşısını almaq üçün bu istiqamətdə həyata keçirdiyi tədbirləri daha da sərtləşdirmək qərarına gəlib. Bu məqsədlə MDB ölkələrinə yeni viza qaydaları və dəvət sistemi tədbiq ediləcək. Dövlət Dumasının deputatı Aleksey Mitrofanovun sözlərinə görə yeni qaydalar miqrantların da xeyrinə olacaq. Belə ki, əgər bu günə kimi Rusiyaya gələnlər yorucu yoxlama prosedurlarından keçməliydilərsə, bundan sonra tətbiq ediləcək dəvət və ya viza ilə gəlmək onlar üçün daha əlverişli olacaq.

Rusiya tərəfinin məlumatına görə , dəvətnamə əldə etmək problem olmayacaq. Rəsmi Moskva miqrasiya axınının qarşısını almaq üçün başqa islahatlar da planlaşdırır. 2015-ci ilin ilk günündən etibarən, Belarus və Qazaxıstan istisna olmaqla, bütün MDB ölkələrinə pasport rejimi tətbiq ediləcək. Xatırladaq ki, hazırda Ukrayna və Orta Asiya ölkələrinin vətəndaşları Rusiyaya daxili pasportla – yəni şəxsiyyət vəsiqəsi ilə səfər edə bilirlər. Gürcüstanla isə viza rejimi davam etdirilir.

Ekspertlərin fikrincə, əmək mühacirləri arasında yeni dəyişikliklərdən, ən az ziyan çəkə biləcək şəxslər azərbaycanlılardır.

Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev AzVision.az- a açıqlamasında bildirib ki, tətbiq olunacaq yeni qaydalardan əsasən Ukrayna, Orta Asiya və Ermənistan kimi ölkələrin vətəndaşları əziyyət çəkəcəklər. O ki qaldı Rusiyada yaşayan Azərbaycanlılara, Əlövsət Əliyev qeyd etdi ki, sərtləşdirmə siyasəti təqribən 5-6% həmyerlimizə təsir edəcək və ya bundan sonra Rusiyaya gedəcək miqrantlara şamil ediləcək. Bu da elə böyük bir göstərici deyil.

“Rusiyada yaşayan azərbaycanlı miqrantların böyük əksəriyyəti ya Rusiyanın vətəndaşlığını qəbul edib, ya da bu ölkədə daimi və ya müvəqqəti yaşamaq üçün icazəyə malikdirlər. Odur ki, Rusiya qanunvericiliyi qaydalarını pozmadıqlarına görə qaydaların sərtləşdirlməsi onlara mənfi təsir etməyəcək. Nə qədər ki, Rusiya ilə Azərbaycan arasında viza rejimi tətbiq olunmayıb bu cür qaydalar ciddi təsir göstərməyəcək və narahatçılığa ehtiyac yoxdur ”-deyə Ə. Əliyev bildirdi.

Ekspertin fikrincə miqrasiya proseslərini sərtləşdirməkdə Rusiyanın məqsədi ölkəyə yalnız təhsilli, iqtisadiyyata töhfə verə biləcək miqrantların cəlbedilməsidir. Odur ki təhsilsiz insanların, əmək mühacirlərinin ölkəyə axının qarşısını almağa çalışır bu istiqamətdə müvafiq tədbirlər görülür. Ölkəyə gələnlərdən, Rusiya vətəndaşı olmaq üçün müraciət edənlərdən rus dilini bilmək tələbi də bu kimi tədbirlərin bir hissədir.

Əlövsət Əliyev onu da vurğuladı ki, pasport rejiminin tətbiq olunması Rusiyada qanunsuz yaşayan azərbaycanlı miqrantların kütləvi şəkildə deportasiyasına gətirib çıxara bilər.

Əlavə məlumat üçün qeyd edək ki, mühacirlərin ən azı 1/3-i Rusiya ərazisində qanunsuz yaşayır və işləyir. Ölkədə qeydə alınan cinaytələrin 24 faizi məhz belə miqrantların payına düşür. Odur ki, rəsmi moskva mühacirlərə qarşı sərt tədbirlər həyata keçirir.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti