Habil Əliyev: “Dünyada qəşəng arvaddan yaxşı nə var?”

Habil Əliyev: “Dünyada qəşəng arvaddan yaxşı nə var?”
  28 May 2013    Oxunub:3955
Bu gün Azərbaycanın xalq artisti, məşhur kaman ustası Habil Əliyevin 86 yaşı tamam olur. Azvision.az xalq artisti ilə əlaqə saxlayaraq, doğum gününü təbrik edib və ondan bu münasibət ilə kiçik müsahibə alıb.
- Habil müəllim, doğum gününüzü təbik edirik, neçə belə illərə çıxasınız...
- Sizin kimi gözəl qızlarımız, jurnalistlərimiz zəng edib yad etsə çıxaram, inşallah, inanıram ki, neçə belə illərə çıxacam.

- Deyirlər, yaş kişinin var-dövlətidir... Necə düşünürsünüz yaşdan var-dövlət olarmı?
- Yaş kişinin həm də bədbəxtliyidir. Ay qızım, yaşdan da var-dövlət olar? Yaş üstünə yaş gəlirsə, deməli, aparmaq üçün gəlir. Çoxalırsa, deməli səni bu dünyadan ayırmaq üçün çoxalır. Yaş əvvəlcə çoxalır, sonra güclənir və sonda adamın üstünə hücum çəlkir.

- Ümumiyyətlə, insan ən çətin dövrünü hansı yaşda yaşayır?
- Mənim həyatım yaxşı keçib, həmişə mənə qarşı diqqət olub. Ona görə də mən çox razıyam. Bütün yaşların özünün yaxşı və pis dövrü var.

- Bu gün ayanaya baxanda nə hiss etdiniz, nə dediniz özünüzə, özünüzdə bir dəyişiklik gördünüzmü?
- Ayanaya baxan deyiləm, qorxuram. Çünki ayna məni özüm kimi göstərir. Aynada eynən özümə oxşayıram (gülür). Buna görə də baxmamağı üstün tuturam.

- Bəs darıxdığınız yaş dövrü varmı?
- Mən o yaş dövrü üçün darıxıram ki, əlimdən hər şey gəlirdi. İndi əlimdən iş gəlmir, yoruluram. Çox yol gedə bilmirəm.

- Ən yadda qalan doğum gününüz hansı olub?
- Doğum günlərimin hamısı çox yaxşı keçib. Yaş çoxaldıqca adam elə bil bir az da qəhrəmanlaşır ki, bu qədər yaşamışam, yaşaya bilmişəm. Tay–tuşlarıma, yoldaşlarıma baxıb görürəm ki, onlar yoxdular, rəhmətə gediblər, amma mən hələ getməmişəm, oturub gözləyirəm.

- Deyirlər, insan qocalanda uşaqlaşır, xasiyyəti uşaq kimi olur, hər şeydən tez inciyir, küsür...
- Hə, küsürəm qızım, o saat küsürəm.

- Kimdən küsürsünüz?
- Tez-tez küsürəm. Bax elə arvaddan küsürəm, ağlaya-ağlaya qalıram, heç arvad da məni kiridə bilmir.

- Arvaddan nə hədiyyəsi gözləyirsiniz? Sizə nə hədiyə etsə, ürəyinizə yağ kimi yayılar və ağlamazsınız?
- Arvad elə mənimlə şirin–şirin danışsın, məni tərifləsin, yaxşı-yaxşı sözlər desin, bəsimdir. Desin ki, qocalmamısan, oğlana oxşayırsan, 24 yaşın ancaq olar. O cür arvadları mən çox istəyirəm. Eləsi var ki, bu saat?

- Eşitdiyimə görə həyat yoldaşınıza xəyanət də etmisiniz, necə başınızı tumarlayıb, sizi tərifləsin?
- Xəyanət edərdim, amma heyif ki, cavanlığımda imkan olmadı (gülür). Daha doğrusu, xəyanət elədiyim adam məni bəyənmədi. Ona görə də xəyanət olmadı. Yenə də köhnə arvadın yanına qayıtdım. Dedim arvad, bağısla, bu xəyanət də bas tutmadı.

- Hər bir insanın ürəyinin sarı simini tərpədən mahnı, haidsə və s. nə isə olur. Bəs Habil müəllimin ürəyinin sarı simini nə tərpədə bilər?
- Qəsəng arvad.

- Ancaq arvad?
- Bəs nə, daha nə olmalıdır ki? Dünyada qəşəng arvaddan daha yaxşı nə isə var?

- Ad günü münasibət ilə kamançanı götürüb nə çalacaqsınız? Özünüz-özünüzü necə təbrik edəcəksiniz?
- Qocalıqdan şikayət, məsələn, mən niyə qocaldım, cavanlığım hara getdi, belə sözləri olan qəzəli, mahnını çalaram. Ancaq şikayət edərəm ki, niyə belə oldum, niyə pis günə qaldım. Çünki mən qocalığa pis gün deyirəm. Amma onu da deyim ki, adam qocaldıqca hörməti çoxalır.

- Bəs bu qədər hörmətin müqabilində qocalmağa dəyməz?
- Nə qədər hörmət eləsələr də, heç biri cavanlığı əvəz etmir.

- Ürəyinizdə daha neçə il yaşamaq istəyi var?
- Ay qızım, mənim hələ könlümdən keçir ki, arvadla danışım, razılıq versə evlənim, bundan sonra yaxşı bir toy görüm. Cavanlığımda birinci toyum uşaq vaxtıma düşüb, qanmamışam, qədrini bilməmişəm, indi özümə nəticəmə birlikdə toy edim. Ona da, özümə də arvad alım (gülür).

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti