Niderlandlı diplomat sülh gündəliyi barədə məlumatlandırılıb

   Niderlandlı diplomat sülh gündəliyi barədə məlumatlandırılıb
  24 Fevral 2025    Oxunub:393
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Niderland Krallığının xarici işlər nazirinin müavini Marsel de Vink ilə görüşüb.
AzVision.az xəbər verir ki, Nazirliyin Mətbuat xidməti idarəsindən bildirilib. Görüş zamanı ikitərəfli və çoxtərəfli gündəlikdə duran məsələlər, habelə cari regional vəziyyət müzakirə olunub.

Azərbaycan-Niderland əməkdaşlığının inkişaf etdirilməsi üçün geniş perspektivlərin mövcud olduğu bildirilib. Bununla belə, münasibətlərin inkişaf etdirilməsinə çətinlik törədən məqamların aradan qaldırılması baxımından qarşılıqlı müzakirə mexanizmləri, xüsusilə siyasi məsləhətləşmələrdən istifadənin, qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub.

Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi, ötən il Bakıda keçirilən sessiya zamanı əldə olunan nailiyyətlər barədə ətraflı məlumatlandırıb. Prosesə maneçilik törədən ikili standartlara baxmayaraq, ölkəmizin ambisiyalı COP29 sədrliyinin əsas prioriteti olan iqlim maliyyəsi mövzusunda bir sıra həlledici elementlər, xüsusilə iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət məqsədinin razılaşdırılması istiqamətində əldə etdiyi vacib nəticələrin əhəmiyyəti qeyd olunub.

Qarşı tərəf, eyni zamanda, postmünaqişə dövründə mövcud regional vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, delimitasiya üzrə aparılan işlər, habelə sülh gündəliyinin irəlilədilməsinin qarşısında duran mövcud çətinlik və çağırışlar barədə məlumatlandırılıb. Keçmiş münaqişə, o cümlədən postmünaqişə dövründə üzləşdiyimiz ikili standartlar probleminin təəssüf doğurduğu, regional sülh və quruculuq səylərinə xidmət etmədiyi vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Eyni gündə, Azərbaycan və Niderland Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Fariz Rzayev, Niderland tərəfindən isə xarici işlər nazirinin müavini Marsel de Vink rəhbərlik edib.

AzVision.az



Teqlər:





Xəbər lenti