Zəngəzura görə müharibə? İran yenə hərbə-zorba gəlir
İranın ali rəhbərliyinin bu cür barışmaz mövqeyini şərtləndirən əsas arqumentlərdən biri ondan ibarətdir ki, Azərbaycanı Naxçıvan bölgəsi ilə birləşdirəcək nəqliyyat kommunikasiyaları (dəmir yolu və paralel magistrallar) İranın Ermənistanla quru sərhədlərini “bağlayacaq”.
“Zəngəzur dəhlizi”nin açılması Azərbaycan və Türkiyə arasında birbaşa quru əlaqəsinin təmin edilmısi deməkdir. Tehran məhz bununla barışa bilmir.
Sərhəddən keçən bir dəmir yolu İranın Ermənistan və Gürcüstan əraziləri vasitəsilə Qara dənizə çıxışını necə kəsə bilər axı?! Rusiya sərhəd qoşunları yola nəzarət etsələr belə, İranla Ermənistan arasında quru əlaqəsini kəsə bilməzlər.
Tehranın “Zəngəzur dəhlizi”nin açılmasında barışmaz mövqeyi ilk növbədə onunla bağlıdır ki, bu nəqliyyat arteriyası Naxçıvan vasitəsilə Azərbaycanla Türkiyə arasında birbaşa quru əlaqəsini təmin edəcək və bunun nəticəsində türkdilli respublikaların Mərkəzi Asiyadan Avropaya keçidi Gürcüstan yolu ilə müqayisədə daha qısa olacaq. Təsadüfi deyil ki, bir çox beynəlxalq ekspertlər Zəngəzur nəqliyyat dəhlizini əslində “Turan dəhlizi”nin bir hissəsi hesab edirlər.
ABŞ Dövlət Departamenti nümayəndələrinin dəfələrlə bəyan etdiyi kimi, səlahiyyət müddəti başa çatan Bayden administrasiyası da “Turan marşrutu”nun (Vaşinqtonda “Orta dəhliz” adlanır) yaradılmasında birbaşa maraqlıdır. ABŞ-a görə Rusiya kənarda qalsın yetər. Yəni ABŞ bu dəhlizi Rusiyadan yan keçən alternativ ticarət yolu kimi dəstəkləyir, eyni zamanda Moskvanın ona nəzarətdə hər hansı iştirakını tamamilə istisna edir.
İranlılara görə “Zəngəzur dəhlizi”nin açılmasında yeganə məqsəd türk dünyasını birləşdirmək və Çini Avropa ilə birləşdirən “Orta Dəhliz”in əsasını qoymaqdır.
Mehr-in məqaləsində açıq şəkildə qeyd olunur ki, Azərbaycan 44 günlük müharibədə Ermənistan üzərində qələbə qazandıqdan sonra “Zəngəzur dəhlizi” ideyası bir məqsədlə irəli sürülüb: türk dünyasını birləşdirmək və Çin ilə Avropa İttifaqını birləşdirən “Orta Dəhliz”in əsasını qoymaq.
Mehr həmçinin iddia edir ki, əslində “Orta Dəhliz” planının həyata keçirilməsi təkcə İranın deyil, həm də Rusiyanın milli maraqlarına ziddir, çünki bu dəhliz, həm Tehranı, həm də elə Moskvanı gələcək tranzit marşrutlarından kənarda qoyacaq, İranın Avropaya çıxışı həmişəlik bağlanacaq.
“Bu kimi geosiyasi risklərə rəğmən Rusiya prezidenti Vladimir Putinin Bakıya səfərindən və azərbaycanlı həmkarı ilə görüşündən sonra belə aydın olur ki, Rusiya riskləri düzgün idarə edə bilmir, hesablamaları yanlışdır”, - yarı-rəsmi agentlik yazır.
“Bəzi müşahidəçilər İrəvana dərs olsun deyə, Rusiyanın Zəngəzur dəhlizinə yaşıl işıq yandıracağını iddia edirlər" - İranlılar yazır.
Mehr onu da iddia edir ki, Moskvanın Ermənistanı müdafiə etməkdən imtina etməsi baş nazir Nikol Paşinyanı ölkəsinin təhlükəsizlik siyasətinə yenidən baxmağa və Hindistana, Qərb ölkələrinə, xüsusən də ABŞ və Fransaya yönəlməyə məcbur edib.
Məqalədə vurğulanır ki, ermənilər artıq Moskvaya etibar etmir və özünə yeni müttəfiqlər axtarışına çıxıb. Rusiya isə media və siyasətçiləri vasitəsilə Ermənistana xəbardarlıq edir ki, Ukraynanın taleyini yaşaya bilər.
Bu arada İran da Rusiyaya xəbərdarlıq edir: “Bəzi müşahidəçilər hesab edir ki, İrəvanın Qərb ölkələri ilə əlaqələrini genişləndirməsinə cavab olaraq Zəngəzur dəhlizinin açılmasına razılıq verməklə Rusiya həm də Türkiyənin Cənubi Qafqaz regionunda planlarını məhdudlaşdıran qabaqlayıcı addım atır... Rusiya tərəfinə başa salmaq lazımdır ki, ona qarşı münasibətdə Qərbin sanksiyalarına məhəl qoymasa da, NATO üzvünə (Türkiyəyə-red.) etibar etmək olmaz, türklər tezliklə Moskva ilə yollarını ayıracaqlar. Əgər bu baş verərsə, Rusiya fakt qarşısında qala və nəticə etibarilə hərbi vasitələrdən istifadəyə məcbur ola bilər”.
Məqalədə həmçinin vurğulanır ki, Rusiyanın Zəngəzur dəhlizinə dair mövqeyi Tehranla Moskva arasında strateji saziş imzalanmasını təhlükə altına sala bilər.
Səbinə Həsənova
AzVision.az
Teqlər: