ABŞ-da “vətən xaini”nə 40 il həbs cəzası verildi

   ABŞ-da    “vətən xaini”nə 40 il həbs cəzası    verildi
  02 Fevral 2024    Oxunub:1507
Bir neçə il əvvəl işlədiyi qurumun haker vasitələri ilə bağlı çoxlu məxfi sənədlərini “WikiLeaks” saytına sızdırmış Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı Coşua Şulte 40 il həbs cəzasına məhkum edilib.
AzVision.az BBC telekanalının yaydığı məlumata istinadən xəbər verir ki, Coşua Şulte 2020, 2022 və 2023-cü illərdə artıq üç dəfə ayrı-ayrılıqda müxtəlif məhkəmələrdə casusluq və digər cinayətlərə görə məhkum olunub. Lakin yalnız indi ABŞ-nin Cənubi Nyu-York üzrə Dairə Məhkəməsinin hakimi Cessi Furman ona konkret həbs cəzası kəsib.

“Amerika tarixinin ən həyasız və iyrənc casusluq hərəkətlərindən birini törətməklə Coşua Şulte öz ölkəsinə xəyanət edib” , - prokuror Demian Uilymas bildirib.

İstintaqın və məhkəmənin gəldiyi nəticəyə görə, 2012-2016-cı illərdə MKİ-nin Kiber Kəşfiyyat Mərkəzində proqramçı kimi çalışmış Şulte Amerika kəşfiyyatının istifadə etdiyi haker proqramlarının gizli şəkildə surətini çıxarıb. İstefa verdikdən sonra o, bu materialları – 8761 ədəd faylı 2017-ci ilin martında onları dərc etməyə başlayan “WikiLeaks” layihəsinə göndərərək, bu bölməni öz saytında “Vault 7” adlandırıb.

Şultenin sızdırdığı fayllarda viruslar, troyanlar və digər haker proqramları olub ki, bunların da köməyi ilə MKİ, məsələn, terrorçuların və ya xarici siyasətçilərin mobil telefonlarını sındıraraq bu aparatları həmin şəxsləri dinləmə cihazlarına çevirib.

“Şultenin sirləri oğurlaması və açıqlaması MKİ-nin Amerikanın düşmənləri haqqında kəşfiyyat məlumatı toplamaq qabiliyyətini əsaslı şəkildə sarsıdıb. Qurumun əməkdaşlarını, proqramlarını və əmlakını riskə atıb, habelə MKİ-yə milyonlarla dollara başa gəlib” , - dövlət ittihamında deyilir.

Şulte təqsirli olmadığını iddia etsə də, məhkəmə ona inanmayıb.

İstintaqın qənaətinə görə, Şulte tapşırıqları yerinə yetirmək üçün mütəmadi şəkildə vaxt itirdiyi üçün istefa verməyə məcbur olub və işdən çıxarıldıqdan sonra oğurlanmış materialları “WikiLeaks” saytına ötürməklə keçmiş işəgötürənlərindən qisas almaq istəyib.

İlkin istintaq zamanı casusluq və Federal Təhlükəszilik Bürosunun (FTB) agentlərinə yalan danışmaqdan əlavə, Şulte uşaq pornoqrafiyası saxlamaq ittihamı ilə də məhkum edilib. Məhkəmə sənədlərinə görə, onun mənzilinə baxış zamanı uşaq pornoqrafiyası olan on minlərlə fayl tapılıb.

Prokurorlar bildiriblər ki, hətta 2018-ci ildə həbs edildikdən sonra da Şulte məxfi məlumatları ictimaiyyətə sızdırmağa çalışıb. Həbsxanaya telefon keçirərək jurnalistlərə MKİ-nin kiber bölmələri haqqında məlumat verməyi və “Jason Bourne” adlandırdığı Twitter hesabında məxfi məlumatlar olan tvitlər dərc etməyi planlaşdırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Şulte   casusluq   həbs  





Xəbər lenti