Aİ ABŞ-dakı dəhşətli edama görə sadəcə təəssüfləndi

   Aİ ABŞ-dakı dəhşətli edama görə sadəcə təəssüfləndi
  26 Yanvar 2024    Oxunub:880
Avropa İttifaqı (Aİ) ABŞ-da ilk dəfə azotla həyata keçirilən edamdan təəssüflənir.
AzVision.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin bəyanatında deyilir.
Aİ belə hesab edir ki, bu edam üsulu qəddar cəza metodu sayılır.

İlk dəfə olaraq məhbusu azotla edam etdilər
Xüsusən də nəzərə alınmalıdır ki, amerikalılar artıq bu məhbusun edamına bir dəfə, 2022-ci ildə cəhd ediblər. Lakin damarlara iynə vurulması ilə bağlı problemlərə görə edam baş tutmayıb.

Qeyd edək ki, ABŞ tarixində ilk dəfə olaraq məhbus azotla edam edilib. Proses Alabama ştatında baş tutub. Bu barədə ştatın baş prokuroru Stiv Marşal məlumat yayıb. Azotla öldürülən ilk amerikalı sifarişlə adam qətlə yetirməkdə təqsirli bilinən 58 yaşlı Kennet Yudjin Smit olub.

58 yaşlı Smit 1988-ci ildə törətdiyi cinayətə görə azotla ölüm cəzasına məhkum edilmişdi. Belə bir edama ABŞ-ın üç ştatında icazə verilir. Lakin azotla öldürmə praktikada heç vaxt tətbiq edilməmişdi. Edam zamanı məhkumun nəfəs orqanlarına xüsusi maska taxılır və onun vasitəsilə azot verilir. Bu isə hipoksiyaya və nəticədə ölümə səbəb olur.

Bu metodun tərəfdarları azotla edamın ağrısız olduğunu israr edirlər. Prosesin əleyhdarları isə edam zamanı problemlərin yarana biləcəyini, nəticədə bunun işgəncəyə çevrilə biləcəyini iddia edirlər.

Amerika mətbuatının yazdığına görə, Smit özü bu üsulu seçib.

Maraqlıdır ki, Smitə qarşı bir neçə ölüm cəzası tədbirini tətbiq etmək cəhdləri uğursuz oldu. Məsələn, edam hələ 2022-ci ilin noyabrında xüsusi iynədən istifadə edilərək həyata keçirilməli idi. Lakin edama məsul şəxslər cinayətkarın edamı üçün ayrılmış zaman çərçivəsində məhkumun damarına kateter yeridə bilməyiblər.
Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ     Edam   Azot  





Xəbər lenti