Ermənistanın "super nazir"ini ağır cəza gözləyir - Məhkəməyə əlil arabasında gətirildi

  Ermənistanın "super nazir"ini ağır cəza gözləyir  - Məhkəməyə əlil arabasında gətirildi
  19 Yanvar 2024    Oxunub:1325
Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın qalmaqallı işi üzrə məhkəmə iclası yanvarın 31-nə təxirə salınıb.
AzVision.az xəbər verir ki, bu barədə Xaçatryanın vəkili Erem Sarkisyan məlumat yayıb. Vəkil məhkəmədə müvəkkilinin əməliyyat keçirmək üçün Almaniyaya getməsinə icazə verilməsi ilə bağlı vəsatəti təqdim edib.

"Sabiq nazirin 210 əmlakı müsadirə olunacaq" - Ermənistan Baş prokurorluğu
"Əməliyyat təcili həyata keçirilməlidir. Problem onurğa sütunu ilə bağlıdır. Vəziyyəti o qədər ağırdır ki, eks-nazir artıq yeriyə bilmir. Bütün bunlar müalicə prosesinin ləngiməsinin və onun müvafiq yardım almaq imkanından məhrum edilməsinin nəticəsidir", - Sarkisyan qeyd edib.

Erem hakimi əməliyyatın məhkəmə prosesinə mane olmayacağına əmin edərək xatırladıb ki, Xaçatryan hələ 2019-cu ildə Almaniyada olsa da, müstəntiqin ilk zəngi ilə dərhal İrəvana qayıtmışdı.

İclas zamanı keçmiş maliyyə nazirinin vəkili bir neçə dəfə Xaçatryanın yardım ala bilməsi üçün fasilə verilməsini xahiş edib. Keçmiş məmura ağrıkəsici iynələr vurulub. Nəhayət, o, müvəkkilinin artıq məhkəmə zalında qala bilməyəcəyini deyib.

Nəticədə hakim iclasın yanvarın 31-nə təxirə salınmasına qərar verib.

Qaqik Xaçatryan bundan öncə olduğu kimi zala təcili yardım maşınında və əlil arabası ilə gətirilib.

Eks-nazir 2022-ci ildən oğurluq, rüşvətxorluq və çirkli pulların yuyulmasında ittiham olunur. Onun və keçmiş nazirlə əlaqəli 25 nəfərin barəsində cinayət işi başlanıb. Prokurorluq 60-ı İrəvanda olmaqla 210 daşınmaz əmlakın, habelə 14 avtomobilin, 33 şirkətin səhmlərinin və ümumilikdə xeyli miqdarda pulun müsadirə edilməsini tələb edir. Siyahıda Xaçatryanın Los-Ancelesdəki malikanəsi də var.

Xatırladaq ki, Xaçatryan əhəmiyyətli vəzifələrinə görə “super nazir” kimi tanınır. O, 2008-2014-cü illərdə Dövlət Gəlirləri Komitəsinin sədri, 2014-cü ildən 2016-cı ilə qədər isə maliyyə naziri vəzifələrində çalışıb. Sabiq məmur 2019-cu ilin 30 avqustunda həbs edilib. O, külli miqdarda dövlət vəsaitini mənimsəməkdə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur.

Q.Xaçatryan Serj Sarkisyanın (2008-2018-ci illər) komandasının əsas siyasi fiqurlarından olub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Nazir   Ermənistan  





Xəbər lenti