ABŞ Ukraynaya silah tədarükünü dayandırıb

   ABŞ Ukraynaya silah tədarükünü dayandırıb
  12 Yanvar 2024    Oxunub:1019
ABŞ-nin Ukraynaya yardımı müvəqqəti olaraq dayandırılıb. Bu yardımın maliyyələşməsinin təsdiqlənməsi ilə bağlı Konqresdə danışıqlar isə davam edir.
AzVision.az “Reuters” agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, Ağ evin milli təhlükəsizlik şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi belə deyib.

"Bizim göstərdiyimiz yardım indi dayandırılıb. Sonuncu yardım paketi ötən il dekabrın sonunda Ukraynaya göndərilib. Davamlı maliyyə almağımız üçün Konqresin milli təhlükəsizlik məsələsi olan bu tələbə uyğun şəkildə hərəkət etməsi çox vacibdir”, - Kirbi vurğulayıb.

Qeyd edək ki, yanvarın 7-də ABŞ Konqresində hökumətin maliyyələşməsi problemi üzrə razılıq əldə olunub ki, bu da mümkün şatdaundan (hökumətin fəliyyətinin dayanması) yayınmağa imkan verib.

ABŞ hökumətinin bu il üçün ümumi büdcəsi 886 milyard dollar müdafiə, 704 milyard dollar isə qeyri-müdafiə xərcləri olmaqla 1,590 trilyon dollar təşkil edəcək. Bununla belə, razılaşmaya prezident Co Baydenin Ukraynaya tələb etdiyi hərbi və maliyyə yardımı daxil olunmayıb.

Ukraynaya hərbi yardımın maliyyələşməsi ilə bağlı Ağ ev administrasiyası ilə Konqres arasında çəkişmələr və sövdələşmələr bir neçə aydır ki, davam edir. Bəzi ekspertlər, əslində, bunun arxasında Vaşinqtonun artıq Ukraynaya hərbi yardımı dayandıraraq bu yükü Avropanın üzərinə qoymaq niyyətinin gizləndiyini iddia edirlər.

Yeri gəlmişkən, öz təhlükəsizliyinin təminatı naminə məhz Avropanın bu xərci öz üzərinə götürməyə borclu olduğu barədə ABŞ-dan səsləndirilən bəyanatlar son vaxtlar xeyli intensivləşib. Amma Avropa İttifaqı rəhbərliyinin Ukraynaya 20 milyard avro həcmində hərbi yardım barədə ciddi-cəhdləri də birliyin bəzi üzvləri tərəfindən rədd edilir.

Eyni zamanda, Ukraynaya 50 milyard avro həcmində iqtisadi yardımın göstərilməsi barədə qərarın təsdiqlənməsinə isə Macarıstan imkan vermir.
Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Ukrayna  





Xəbər lenti