"Muşketyor" əməliyyatı və Süveyş böhranı: İsrail Qəzzanı necə tutmuşdu

    "Muşketyor" əməliyyatı və Süveyş böhranı:    İsrail  Qəzzanı necə tutmuşdu
  27 Oktyabr 2023    Oxunub:6778
1956-cı ilin Süveyş böhranı müasir tarixin dönüş nöqtələrindən biri hesab olunur. Qısamüddətli hərbi münaqişə Misir üçün sınaq, İsrail üçün çağırış, Sovet İttifaqı ilə Amerika arasında görünməmiş ortaq mövqe, keçmişin iki böyük imperiyası olan Fransa və Britaniya üçün isə aqoniya oldu. Onların heç biri bu böhrandan sonra özünə gələ bilmədi. Məhz Süveyş böhranından sonra dünya səhnəsində cəmi iki supergüc qaldı.
1956-cı il oktyabrın 29-da düz saat 17:00-da Süveyş kanalından cəmi 64 km aralıda Sinay səhrasındakı Mitla aşırımı üzərində qəflətən füzelajlarında Davud Ulduzları olan bir neçə təyyarə göründü.

Göyüzü açılan paraşüt qübbələri ilə doldu. Polkovnik Ariel Şaronun komandanlıq etdiyi 202-ci Hava Desant Briqadası batalyonu taktiki cəhətdən mühüm nöqtəni asanlıqla ələ keçirdi.

Təxminən eyni vaxtda Londonun “Downing Street 10” ünvanında Böyük Britaniyanın Baş naziri Ser Entoni İden qəfildən telefonun dəstəyini götürdü. “Onlar Mitladadırlar” - xəttin o biri ucundakı katib məruzə etdi.



Parisdə Fransanın baş naziri Gi Molle ürəkdən güldü: Hər şey tam olaraq onun planına uyğun gedirdi.
Nəhayət, Misir prezidenti Camal Əbdül Nasir də dostu və müşaviri Məhəmməd Heykələ zəng vurdu: “İsraillilər Mitlaya endilər. Ancaq orada heç kim yoxdur! Onlar qumlar və kölgələrlə döyüşürlər. Mən heç nə başa düşmürəm...”
Sinayda müharibə belə başladı.

Fironlardan ingilislərə qədər

1854-cü ildə fransız diplomatı Vikont Ferdinand de Lesseps Misir hökmdarı Səid Paşadan bu gün “Süveyş” adı ilə tanıdığımız kanalın tikintisi üçün konsessiya aldı.

Lesseps “Süveyş Kanalı Şirkətini” qurdu və tikintiyə şəxsən rəhbərlik etdi. Misir şirkətin səhmlərinin 44%-ni aldı, 53%-ini Fransaya, 3 %-ni də digər ölkələrə satdılar.


1869-cu il noyabrın 17-də kanalın təntənəli açılışı münasibətilə məşhur Cüzeppe Verdi Misir xədivinin (Osmanlı dövrünün Misir hakimi) sifarişi ilə “Aida” operasını da yazdı.

10 il sonra Misirin zəif iqtisadiyyatı hədsiz xərclər üzündən çökəndə İngiltərə hökuməti bundan dərhal istifadə edərək, 1875-ci ildə İsmayıl Paşadan onun öz xahişi ilə səhmlərini 4 milyon funt sterlinqə satın aldı. Bir neçə il sonra isə gəlirlərin yerdə qalan 15 faizinin hüquqlarını Fransa aldı. Beləliklə, Misirin ərazisində yerləşən “Ümumi Süveyş Kanalı Şirkəti” sırf ingilis-fransız müəssisəsinə çevrildi.

1882-ci ildə nizami ingilis qoşunları "əminlik üçün" kanal zonasına daxil oldular və "müvəqqəti işğal" təxminən 75 il davam etdi. Bu müddət ərzində Süveyş kanalı Britaniya İmperiyasının əsas ticarət arteriyasına çevrildi. Onun Albion üçün əhəmiyyəti həqiqətən çox böyük idi: o zamanlar uzunluğu 175 kilometr olan dar su zolağı Afrika koloniyalarını, Hindistanı, Avstraliya və Yeni Zelandiyanı metropoliya ilə birləşdirirdi. Demək olar ki, bütün Yaxın Şərq nefti Avropaya Süveyş kanalı vasitəsilə axırdı. Onun üzərində nəzarət Britaniyaya istənilən rəqibi - türklər, italyanlar, almanlar, ruslar üzərində böyük strateji üstünlük təmin edirdi.

Kanal digər Avropa ölkələri, ilk növbədə Fransa üçün də böyük əhəmiyyətə malik olsa da, ABŞ və Rusiya üçün önəmi çox aşağı idi. Amma Birinci Dünya Müharibəsindən sonra beynəlxalq oyun qaydaları dəyişdi.

Polkovnik Nasirin avantürası

1948-ci ilin mayında xəritədə yeni dövlət - İsrail peyda oldu. Elə həmin gün Misir, Livan, Suriya, İordaniya və İraq yeni doğulan dövlətə müharibə elan etdilər. Sayca az, lakin daha hazırlıqlı, enerjili və təşəbbüskar olan, İkinci Dünya Müharibəsi veteranlarının çoxunun vuruşduğu yəhudi ordusu qısa və təsirli hücumlar silsiləsi ilə rəqiblərini darmadağın etdi. Fələstində ərəb dövləti yaradılmadı - İordaniya Yəhudeya və Samariyanı ilhaq etdi, Qəzza isə Misirə çatdı.

Alçaldıcı və gözlənilməz məğlubiyyət bütün ərəb dünyası üçün şok oldu. Lakin ərəblər İsraili məhv etmək fikrindən əl çəkmədilər, əksinə, növbəti “raund”a fəal şəkildə hazırlaşmağa başladılar. Misir yəhudilərin yolunu dənizdən bağladı - Sinay yarımadasının cənub sahilindəki Ras-Nusranidə sahil batareyası Eylat limanından Qırmızı dənizə çıxışı hədəfə aldı.

Misir ordusunun görkəmli simalarından biri gənc polkovnik Camal Əbdül Nasir idi. O və özünü “Azad zabitlər” adlandıran yoldaşları 1952-ci ilin iyulunda kralı devirərək və ölkədə hakimiyyəti ələ keçirərək, yeni hökumət yaratdılar. Misirin əzəmətinin Firon miqyasında dirçəlişindən danışan idealist və demaqoq Nasir ümidsiz xalq üçün açıq-aydın “lazımlı” fiqur idi. Ona həm hörmət edir, həm də qorxurdular.

Həmin dövrdə Əlcəzairdə Milli Azadlıq Cəbhəsindən olan ərəb üsyançıları fransızlara qarşı qanlı müharibə apardılar. Avropa müstəmləkəçiliyinin qızğın əleyhdarı olan Nasir bütün gücü ilə əlcəzairliləri dəstəkləyirdi.

Ərəb liderinin döyüşkənliyi və avantürizmi Amerika administrasiyasını narahat edirdi. Bundan əlavə, Vaşinqton onun Xruşovla yaxınlaşmağa doğru addım atacağından, sonra isə Misirin Yaxın Şərqdə strateji Sovet forpostuna çevriləcəyindən ehtiyatlanırdı. Bu qorxular Nasir hökumətinin 1955-ci ilin sentyabrında sovet silahlarının böyük partiyasını alması məlum olanda öz təsdiqini tapdı: 300 tank, 200 MiQ-17 reaktiv qırıcı, 50 bombardmançı... Asiya və Afrika sərhədlərində qüvvələr balansı sürətlə dəyişirdi.

Qərbin Moskva ilə Qahirə arasında ittifaqın qarşısını almaq üçün yalnız bir şansı vardı - Nasirin arzusunu həyata keçirərək, Asuan yaxınlığında Nil üzərində möhtəşəm bəndin tikintisini maliyyələşdirmək. Lakin Fransa və İngiltərənin buna nə həvəsi, nə də pulu var idi. ABŞ prezidenti Duayt Eyzenhauer və onun dövlət katibi Con Fosterə isə bu qədər böyük məbləği xərcləmək sadəcə olaraq axmaqlıq kimi görünürdü. Sovet İttifaqı isə tikinti üçün pulu ödəməyə razılaşdı.

Camal Əbdül Nasir

İyulun 26-da Nasir İsgəndəriyyədəki mitinqdə coşmuş kütlə qarşısında çıxış etdi. O, Misirin Böyük Ramzes dövründən bu günə qədərki tarixindən uzun müddət danışaraq, sonra Lessepsı keçdi. Çıxışında Süveyş kanalı yaradıcısının adını 14 dəfə təkrarladı... “Lesseps” sözü həm də hücum siqnalı idi. Həmin gün Misir əsgərləri “Ümumi Süveyş Kanalı Şirkəti”nin Port Səid və İsmailiyyədəki ofis və anbarlarını ələ keçirdilər. Hökumət kanalın milliləşdirildiyini elan etdi.
1942-ci ildə Süveyşə can atan məşhur “səhra tülküsü” – feldmarşal Ervin Rommelin on minlərlə döyüşçü ilə bacarmadığına Nasir bircə atəş açmadan nail oldu. Britaniyanın əsas ticarət və neft arteriyasına nəzarət Misirin əlinə keçdi.

Bütün bunlar İngiltərədə şok və qəzəb doğurdu. Hamı bu kanalı dövlətin simvolu kimi qəbul edirdi. Əgər bir hökumət Süveyşi qoruya bilmirsə, o zaman nəyə lazımdır?!
“Bundan sonra ya mən, ya da Nasir! – deyə İden hökumətin iclasında bəyan etmişdi – Əgər imperiyamız səhnədən yox olacaqsa, qoy bu Süveyş döyüşündə baş versin!"

Kanalın vətəndaşlarının əməyi və pulu ilə tikildiyini unutmayan Fransa da sərt reaksiya verdi. Bundan əlavə, Misir Əlcəzairdəki yerli partizanlara dəstəyini hər gün artırırdı. Bir sözlə, Avropa gücləri cavab zərbəsi endirməyə hazırlaşırdılar.

Süveyş böhranı: hərbi əməliyyatların gedişi

...Sinaya enən 400 israilli desant misirlilərin faktiki olaraq heç bir müqaviməti ilə qarşılaşmadan səngərlər qazaraq, əlavə qüvvələri gözləməyə başladılar. Oktyabrın 30-da səhər saatlarında Misir təyyarələri Mitla keçidinə hücum etsə də, israillilərə minimal ziyan dəydi. Elə həmin gün keçid üzərindəki hava döyüşündə İsrail “Mister”ləri bir neçə Misir “MiQ-15”ni vurdular.

Təxminən eyni vaxtda Şaronun paraşütçüləri Misirin Tamada, Nəhl və Əl-Quntilla məntəqələrini asanlıqla ələ keçirdilər. Kiçik Misir qarnizonlarının yaxşı təlim keçmiş briqadaya qarşı heç bir şansı yox idi.


Bu arada Sinayın mərkəzi sektorunda İsrail qoşunlarının 38-ci Diviziya Qrupuna yaxşı möhkəmləndirilmiş Misir müdafiə xəttini yarıb, Süveyş kanalına doğru hərəkət etmək əmri verildi. Oktyabrın 30-na keçən gecə israillilər sərhədi keçərək, qısa döyüşdən sonra Əl-Husayma şəhərini tutdular. Oktyabrın 31-də ağır bir hücumdan sonra Əbu Aveyqila təslim oldu.


Yarımadanın şimalında və Qəzza zolağında İsrail piyadaları və tankları üç günlük döyüşlərdən sonra misirliləri Qəzzadan və Rəfahdan çıxardılar. Əl-Ariş şəhərinə döyüşsüz daxil olan tanklar hücuma davam etdilər və kanalın cəmi on beş kilometrliyində dayandılar.

Sinay yarımadasında vurulmuş Misir tankı

Tezliklə İsrail ordusu Sinay yarımadası və Qəzza zolağına tam nəzarəti ələ keçirdi. Hərbi əməliyyatlar nəticəsində İsrailin 172, Misirin 3 min əsgər və zabiti öldürüldü və yaralandı, 5 mindən çoxu əsir düşdü. Yəhudi dövləti üçün müharibə bitmişdi. Lakin İngiltərə və Fransa üçün təzəcə başlayırdı...

İsrailin Sinay yarımadasındakı əməliyyatlarının xəritəsi

Noyabrın 5-də səhər saatlarında Misirin Hərbi Hava Qüvvələrinin bombardman nəticəsində demək olar ki, tamamilə məhv edilməsindən sonra 500 ingilis paraşütçü Port Səid yaxınlığında yerə endi. Fransa Xarici Legionunun paraşütçüləri kanalın qarşı tərəfinə - Port Fuada endilər, noyabrın 6-da dəniz desantları quruya çıxmağa başladı. Müttəfiqlər bir neçə Misir batalyonunun müqavimətini asanlıqla qırdılar. Misir ordusu ilə döyüşlərdə 32 ingilis və fransız öldürüldü. Misirlilər iki esmines və çoxlu sayda təyyarə, 3 min adam itirdilər. Bundan sonra, plana görə, ingilislər və fransızlar İsmailiyyəni tutmalı, bütün kanal zonasına nəzarət etməli idilər.
Lakin bu planları gerçəkləşmək qismət olmadı.

Kral ordusunun "muşketyorları"

İngiltərə ilə Fransanın ciddi məxfilik şəraitində hazırladıqları “Müşketyor Əməliyyatı”nın iki əsas məqsədi var idi - hərbi və siyasi. Birincisi Misir qoşunlarını Sinayda məğlub etməyi və Süveyş kanalına nəzarətin tam bərpasını nəzərdə tuturdu. İngilislər və fransızlar Nasiri və onun rejimini məhv etmək niyyətində idilər.

İndi avropalıların planlarına ancaq fövqəldövlətlər - SSRİ və ABŞ mane ola bilərdi. ABŞ İngiltərə və Fransanın ənənəvi müttəfiqi olsa da, qəti şəkildə Misirə müdaxiləyə qarşı çıxırdı. Lakin İden və Molle gələcəyə nikbin baxırdılar. Onlara elə gəlirdi ki, amerikalılar açıq şəkildə öz tərəfdaşlarına qarşı çıxmayacaqlar.

SSRİ-nin Misirə silah satmasından narahat olan yəhudilər Fransaya üz tutmuşdular. İsrail ordusu döyüş qabiliyyətini dəfələrlə sübut etmişdi. Odur ki, fransızların ağlına parlaq bir fikir gəldi: yad adamları qurban verə biləcəyin halda, niyə öz vətəndaşlarını verəsən?!
“Tutaq ki, Süveyş kanalını ələ keçirdiniz. Nə qədər saxlaya bilərsiniz?” – Fransa Ordusunun Baş Qərargah rəisi İsrail Baş Qərargahının rəisi Moşe Dayandan soruşanda cavab belə olmuşdu: "Nə deyəcəyimi bilmirəm… Yəqin ki, üç yüz il, bəlkə də bir az daha çox" Belə müttəfiqdən istifadə etməmək axmaqlıq olardı.
1956-cı il oktyabrın sonunda İsrailin nümayəndə heyəti Parisə gəldi. Burada ingilislər və fransızlarla gizli danışıqlar apardılar.
Böhrana bir həftədən də az vaxt qalmışdı.

Qərb cəbhəsində dəyişiklik var

29 oktyabr 1956-cı ildə başlayan “Kadeş” əməliyyatı “Muşketyor”un müqəddiməsi, Süveyş uğrunda mübarizənin ilk mərhələsi idi. Şaronun paraşütçüləri kanala doğru irəlilədilər, motorlu birləşmələr Sinayın şimalında və Qəzza zolağında Misir istehkamlarına hücum etdilər. Ehtiyatda olan hərbçilərdən ibarət IX briqada Eylatın blokadasını aradan qaldıraraq, Şarm əş-Şeyxi ələ keçirməyi qarşısına məqsəd qoymuşdu.

Bu zaman fransızlar və ingilislər kartlarını açdılar. “Problemli zonaya” müdaxiləyə birbaşa bəhanə əldə etmək üçün İsrail-Misir münaqişəsindən istifadə etməyin vaxtı çatmışdı. Paris və London döyüşlərin mülki naviqasiyanı təhdid etdiyini bildirərək, İsrail və Misirdən bunu dayandırmağı, qoşunları kanalın hər iki tərəfindən 15 km geri çəkməyi tələb etdilər. Misirlilər təbii olaraq ultimatuma rədd cavabı verdi. Döyüşlər davam edirdi. Amma Nasir təcrübəli zabit olmasına baxmayaraq, dəhşətli səhvə yol verdi: o, İsrailin əməliyyatının əsl məqsədinin Misir qoşunlarını Sinaya cəlb etməklə İsgəndəriyyəni və Qahirəni müdafiəsiz qoymaq olduğunu düşünürdü. Bu səbəbdən, generallarına geri çəkilməyi əmr etdi. Səhradan keçmək məcburiyyətində qalan misirlilər susuz qalaraq, kütləvi şəkildə halında əsir düşdülər.

Xruşov-Eyzenhauer ittifaqı

Bu hadisələr Amerika hökumətinə bərk təsir etdi. Eyzenhauer və Dalles möhkəm qəzəbləndilər. Onlar “kiçik qardaşların” icazəsiz hərəkətlərinə dözmək fikrində deyildilər. Amerikalılar Təl-Əvivi, hətta Londonu (!) iqtisadi sanksiyalarla hədələdilər. BMT-nin baş katibi Daq Hammerşöld işğalçılara qarşı BMT qoşunlarının mümkün əməliyyatı haqqında düşünməyə başladı. Cavabında Britaniya və Fransa hökumətlərinin nüfuzlu nazirləri hətta ölkələrinin BMT-dən çıxmasını tələb etməyə başladılar.
Bu söhbətlər gedərkən Assambleyanın iclaslarından birində avstraliyalı nümayəndə Macarıstandan gələn təcili mesajı oxudu: sovet tankları Budapeştə daxil olub. Süveyş və Macarıstan böhranları bir-birinə qarışdı.

İngilis və fransız desantı Port-Səiddə

“Downing Street”də və Yelisey sarayında başa düşürdülər ki, daha bir neçə gün gözləmək çox gec ola bilər. Açıq hərbi əməliyyata başlamaq lazımdır. Belə də etdilər. Əvvəlcə Britaniya və Fransa bombardmançıları Misir təyyarələrini məhv etdilər - heç vaxt aerodromlarından havaya qalxmayan müasir “MiQ”lər yanmış metal yığınına çevrildilər. Misir təbliğatının əsas ruporu olan Qahirə Radiosu bombalanaraq susduruldu. Noyabrın 5-də səhər saatlarında ingilis və fransız desantları Port-Səid və Port-Fuada enərək, müdafiəçilərin müqavimətini asanlıqla qırdılar. Nasir həmin gün ümidsizliyə qapıldı və təslim olmağa hazırlaşırdı. Amerikalılar silahlarını silkələsələr də, qarışmadılar (onlar üçün misirli “satqın”ı xilas etməyin mənası yox idi). “Fironların varisi”ni artıq heç nə xilas edə bilməzdi... Sovet İttifaqından başqa!

Macarıstanda “qayda-qanun yaradan”dan sonra Xruşov və Nazirlər Şurasının sədri Bulganin, nəhayət, Süveyş məsələsi ilə ciddi məşğul olmağa başladılar. Münaqişənin taleyi Bulqaninin Eyzenhauerə, İdenə, Molleyə və İsrailin baş naziri Ben-Quriona göndərdiyi teleqramlarla həll olundu. O, xəbərdarlıq edirdi ki, SSRİ "davakarları" dayandırmaq üçün əlində olan bütün vasitələrdən istifadə edəcək. Nüvə fəlakətinin kölgəsi dünyanın üstünü aldı.

Nəticə

Birləşmiş Ştatlar da Süveyş bölgəsində atəşkəs elan olunmasında israr etdi. Noyabrın 2-də atəşkəs qəbul olundu. Bölgəyə mavi dəbilqəli sülhməramlılar gəldilər. Avropalı müttəfiqlər Moskva və Vaşinqtonun eyni vaxtlı təzyiqləri qarşısında aciz idilər. Müharibə bitdi. Misir kanal üzərində suverenliyini qoruyub saxladı.

Beləliklə, Rusiya və Amerika böhrandan siyasi və mənəvi cəhətdən daha güclü çıxdılar. Baxmayaraq ki, ABŞ Nasirin yerində qalacağı ilə barışmalı oldu.
Süveyş böhranı nəticəsində Yaxın Şərqə "Soyuq Müharibə” gəldi - Vaşinqton özününküləri, Moskva da özününküləri dəstəkləməyə və silahlandırmağa başladı.

İsrail dövlətini bu böhranda qalib adlandırmaq olar. Ölkə Qəzza və Şarm əş-Şeyxdən çəkilmək məcburiyyətində qalsa da, bunun müqabilində 10 illik nisbi sakitlik, Eylat blokadasının götürülməsi və qonşu ərəb ərazilərindən hücumların dayandırılmasını əldə etdi.

Nasir də şəxsən qalib gəldi: “təbəələri” onu mühüm mövqeləri əldən verməyən qəhrəman kimi tərifləyirdilər. Lakin zəfər həzzi prezidentin başını o qədər dumanlandırdı ki, 10 ildən sonra yenidən İsrailə meydan oxumaq qərarına gəldi. Eylat körfəzinə giriş yenidən bağlandı, BMT qoşunları Sinaydan çıxarıldı.

1967-ci il iyunun 5-də Süveyş səmasında qəflətən gövdələrində Davud Ulduzları olan təyyarələr peyda oldu. Hücum əmrini İsrailin müdafiə naziri Moşe Dayan vermişdi. General Şaronun əsgərləri Sinaya daxil oldular. Yeni Altıgünlük Müharibə başladı...

Tariyel Həsənov

AzVision.az


Teqlər: İsrail   Süveyş-böhranı  





Xəbər lenti