“Ermənistan yeni müharibəyə hazır deyil” – Kənardan baxış

   “Ermənistan yeni müharibəyə hazır deyil” –    Kənardan baxış
  16 Sentyabr 2023    Oxunub:4255
"Ermənistan hərbi nöqteyi-nəzərdən Azərbaycanla yeni böyük müharibəyə hazır deyil. Son aylarda İrəvan əsas səylərini Azərbaycan istiqamətində xarici siyasətinə beynəlxalq dəstəyin genişləndirilməsinə sərf edib. Növbə Ilə Rusiyaya, Fransaya, İrana, ABŞ-a, hətta Hindistana üz tutub. Bu müraciətlərin hamısı müsbət nəticə verməsə də, ümumilikdə Cənubi Qafqaz regionunda gərginlik artır və bu, dünyada özünü büruzə verir”.
Bu sözləri AzVision.az -a rusiyalı politoloq Stanislav Tkaçenko deyib. O bildirib ki, Ermənistanın mövqeyi bir sıra hallarda (Aİ ölkələrində, ABŞ-ın bir sıra aparıcı siyasətçiləri arasında) “anlayışla” qarşılansa da, ona hərbi dəstək verilməsinə gətirib çıxarmır.

“Rusiya Qarabağın Azərbaycan ərazisi olması mövqeyindən çıxış edir və torpaqların qaytarılması prosesinin süni surətdə gecikdirilmədən, sakit və ardıcıl diplomatiya ilə, ağlabatan müddət ərzində həyata keçirilməsini tələb edir. Ona görə də, indiki vəziyyətdə İrəvan hərbi güc tətbiq etmək əmrini yalnız o halda verəcək ki, dünyada, o cümlədən, Rusiyada tanınan ərazisi təhlükə altında olsun. Laçın yolu ətrafındakı vəziyyət bu sahədə genişmiqyaslı hərbi əməliyyatlara səbəb olmayacaq”,- S.Tkaçenko bildirib.

Qırğızıstanın Dövlət Siyasətinin Təhlili Mərkəzinin direktoru Almaz Tacıbay “AzVision”a deyib ki, münaqişə zonasında baş verən silahlı insidentlərə baxmayaraq, Ermənistan Azərbaycanla yeni böyük müharibəyə hazır deyil.

O xatırladıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Rusiyaya 100 faiz etibar olunan mövcud təhlükəsizlik siyasətini tənqid edir. Halbuki, 90-cı illərin əvvəllərindən Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqi olub, onun təhlükəsizliyini təmin edib. Rusiya 2020-ci ildə 44 günlük müharibəyə qədər Dağlıq Qarabağda status-kvonu saxlayıb.

“Azərbaycan və Ermənistan sülh sazişi imzalamağa hazırdırlar, lakin hər iki tərəfin müəyyən şərtləri var. Ermənistan genişmiqyaslı müharibəyə hazır deyil, bunun üçün ona böyük resurs lazımdır. Azərbaycanla müqayisədə hazırda Ermənistanda bu resurs yoxdur. Amma tərəflərlər praqmatik davranmasalar, Cənubi Qafqazda toqquşmalar davam edəcək. Çıxış yolu tərəflərin, ilk növbədə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün beynəlxalq hüquqa riayət olunmasıdır”, - A.Tacıbay qeyd edib.

Murad Nəcəfov
Tariyel Həsənov

AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti