“Azərbaycan qərəzi İranın gözünü tutub, əsl təhlükəni görmür”

   “Azərbaycan qərəzi İranın gözünü tutub,    əsl təhlükəni görmür”
  05 Sentyabr 2023    Oxunub:1770
İranın Ermənistanın ərazi bütövlüyü üzərində niyə bu qədər ciddi dayanır? Bu ölkənin Ermənistandan başqa bütün qonşuları - Küveyt, Səudiyyə Ərəbistanı, BƏƏ ilə ərazi problemi var. Əgər ərazi bütövlüyü İran üçün bu qədər vacibdirsə, niyə o problemləri həll etmir?! Niyə Ermənistanın ərazi bütövlüyü BƏƏ-nin ərazi bütövlüyündən daha vacibdir?!
Nəyə görə İran Ermənistandan qonşu dövlətlərin suverenliyini tanımağı tələb etmir?! Ermənistan bu gün də Qarabağın daxilindəki proseslərə qarışır, hərbi qüvvələrini orada saxlayır. Niyə İran bir dəfə də olsun Ermənistandan bütün dövlətlərin, xüsusilə Azərbaycanın həm ərazi bütövlüyünü, həm də suverenliyini tanımağı tələb etməyib? Ermənistan Gürcüstanla olan sərhədinin delimitasiyasına da imkan vermir. Türkiyəyə ərazi iddiaları isə çoxdan bütün dünyaya bəllidir.

Ali dini rəhbərin təhlükəsizliyinə təminat tələb etdiyi Qarabağ ermənilərinə Ağdam yolu ilə humanitar yardım göndərsəydi, İran həm münaqişənin başa çatmasına, həm də Azərbaycanın suverenliyinə dəstək vermiş olardı. Amma etmədi. Ağdam-Xankəndi yolunun işləməməsi mümkün deyil. Üçtərəfli bəyannamədə Qarabağ azərbaycanlılarının yurdlarına qayıtması məsələsi var. Azərbaycan Prezidentinin spesifik siyasətidir, hər şeyi tədricən həll edəcək.

Azərbaycanın Rusiya və Qərbə qarşı müqavimət göstərməsi, cəsarətlə dayanması İran mətbuatında qıcıq doğurur. Azərbaycanın öz torpaqlarını işğaldan azad edəcəyi İranın ağlına da gəlmirdi. İndi də İran zənn edirdi ki, Rusiyanın müvəqqəti nəzarətində olan Qarabağ erməniləri yola gəlməyəcəklər. Artıq Tehran görür ki, Azərbaycan həm Qərbə, həm də Rusiya istiqamətində çox uğurlu siyasət aparır. İradə, dirəniş, müqavimət bu siyasətin tərkib hissələridir. Başqa sövdələşməyə getməklə “ermənisiz Qarabağ” mövzusunu aktuallaşdıra bilərik.

Türkiyənin xarici işlər naziri ilə görüşdə İran prezidentinin, XİN rəhbərinin və Ali Milli Təhlükəsizlik Şurasının yeni sədrinin Ermənistanla əlaqəli bəlli fikirləri təkrarlaması Tehranın məntiqlə, savadla probleminin olduğunu aydın şəkildə göstərdi. Hakan Fidan xarici işlər naziri vəzifəsinə MİT-in rəhbərliyindən gəlib. Savadlı və zəhmətkeşdir. İranda yaşayan xalqların bir neçəsinin dilini yaxşı bilir. Türkiyədə yaşayan iranlıların əksəriyyəti onun masasının ətrafında olublar. Cənubi Qafqazın yox, İranın təhlükəsizlik problemlərini Fidanla müzakirə etsəydilər, Tehran rəsmiləri çox şey öyrənərdilər.

Regionumuzda 44 günlük müharibədən əvvəlki geosiyasi vəziyyətlə indiki vəziyyət çox fərqlidir. Bu gün bizim regionda, xüsusilə İranın siyasi, iqtisadi və hərbi dəstək verdiyi Ermənistanda Aİ, ABŞ və NATO qüvvələri mövcuddur. RF və İranın qonşulunğunda yeni hərbi-psixoloji vəziyyətə alışırlar. ABŞ-ın Müdafiə Nazirliyinin, ayrı-ayrı ştatlarının milli qvardiyalarının generalları ayda 2-3 dəfə Ermənistanda olur və hər dəfə İran-Ermənistan sərhədinə də baş çəkirlər. Orada ABŞ-ın, Böyük Britaniyanın bir neçə qızıl, mis yataqları var. NATO rəsmilərindən biri Ermənistana müraciət etdi ki, özünü qorumaq üçün NATO-ya qoşulsun. Rusiya Ermənistanın daxilindədir. NATO-nun anlamında “Ermənistanın özünü qoruması” İrana yönəlmiş fikirdir.

Ermənistandakı regional dəyişikliyi görməməsi İran üçün böyük təhlükələrə yol açır. Əgər bacarırsa görsün ki, hansı müşahidə qurğuları İranın ərazilərini izləyir. İran başa düşməlidir ki, dünyada anti-Azərbaycançılıqdan başqa işlər də var. Azərbaycanın sərhəddə Aİ missiyasını qəbul etməməsi Brüssel ilə Bakı arasında narazılıq yaradıb. İran Avropadan Azərbaycana təzyiqlər olanda, Qarabağa yardımı dəstəkləyəndə, Ermənistana Qərbin və digərlərinin dəstəyin görəndə ləzzət alır. Başa düşsün ki, Aİ-nin Azərbaycana təzyiq etməkdə məqsədi Ermənistandakı missiyasının sənədinə imza atdırmaqdır. Çəkərik, Ermənistan-Azərbaycan-İran sərhədində də Aİ-nin NATO-nun müşahidə missiyaları olar.

Ermənistan Azərbaycana qarşı ABŞ PUA-larından istifadə edir. ABŞ-ın Ermənistana təkcə Azərbaycana qarşı istifadə olunmaq üçün PUA verməsi mümkün deyil. Bəlkə məqsədi İran PUA-larını, müşahidə sistemini sınaqdan keçirmək olub?! Bəlkə də keçirib. Bəlkə İranın süni intellekt quraşdırılmış PUA və raketləri ABŞ-ın Ermənistan ərazisindəki qurğuları ilə idarə olunacaq?! ABŞ son texnologiyalı silahı Ermənistana niyə göndərib?!
İranda anti-Azərbaycançılıq qərəzi və mərəzi azalsaydı, bunların haqqında da düşünərdi.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: İran  





Xəbər lenti