İranın eks-prezidenti hazırki hökuməti tənqid etdi

S.M.Xatəmi bildirib ki, insanların vəziyyətini görməməklə, problemləri inkar etməklə, narazılığa və ümidsizliyə biganə qalmaqla sabitliyə nail olmaq mümkün deyil. İnsanların dinc nümayişdə səsləndirdiyi problemləri qulaq ardına vurduqdan sonra qəzəbli kütlə iğtisas yaratmağa meyilli olur. Zorakılıq və aksiya iştirakçılarına qarşı sərt rəftara haqq qazandırmaq problemi daha da artırır.
İranın keçmiş prezidenti hökumətə islahatların keçirilməsini təklif edərək etirazçıların səsinin dinlənilməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, əgər ölkə daxilində xalqın səsi eşidilmirsə, onda xaricdə mütləq eşidiləcək və bundan istifadə olunaraq İrana müdaxilələr artacaq. Yalnız islahatlarla insanların hakimiyyətə itirilmiş inamını qaytarmaq, əhalini ümidsizlikdən çıxarmaq olar.
S.M.Xatəmi qeyd edib ki, küçə və meydanlara çıxanlar azlıq təşkil edirlər, lakin cəmiyyətdə onları dəstəkləyənlər olduqca çoxdur. Bunun səbəbi isə ondan ibarətdir ki, problemləri təkcə küçələrə çıxanlar deyil, cəmiyyətin bütün üzvləri yaşayırlar.
O, İran hökumətini islahatlara və xalqın səsini eşitməyə dəvət edib.
Nəzərə çatdıraq ki, sentyabrın 16-da Tehranın əxlaq polisi baş örtüyünü düzgün örtmədiyinə görə 22 yaşlı Məsiha Əminiyə qarşı zorakılıq tətbiq edib və nəticədə gənc qız başından aldığı zərbə nəticəsində vəfat edib. Bundan sonra İranda kütləvi aksiyalar başladı. Aksiya iştirakçılarına qarşı zor tətbiq edildi ki, bu da aksiyaları nəinki səngitmədi, əksinə, əhatəsini və iştirakçıların sayını artırdı.
Teqlər: