Ermənilərin Xocavənddəki hərbi hospitalı ləğv edildi

   Ermənilərin Xocavənddəki hərbi hospitalı ləğv edildi
  15 Noyabr 2022    Oxunub:865
Bu günlərdə Azərbaycanın Qarabağ bölgəsində olan hərbi hospital fəaliyyətini dayandırıb. Söhbət hazırda rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan Xocavənd rayonundan gedir.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb. Nəşr yazır ki, bölgədə yaşayan ermənilərin qurduğu hərbi obyektin hansı səbəbdən bağlanması açıqlanmır.

"Hərbi hospital heyətinə bunun səbəbləri ilə bağlı izahat verilməyib. Aidiyyəti qurumlar bunu məqsədəuyğun hesab etdiklərini deyiblər. Xatırladaq ki, xəstəxana 90-cı illərdə başlayan hərbi əməliyyatların aktiv dönəmlərində yaradılıb. Xocavəndin "mer"i Edik Avanesyan məlum informasiya ilə bağlı təfərrüatlara varmaq istəməyib. O qeyd edib ki, “Bu məsələnin bizə aidiyyəti yoxdur, "Müdafiə Ordusu" ilə əlaqə saxlayın. Bizim belə məlumatları açıqlamaq hüququmuz yoxdur”, - nəşr yazıb.

İrəvanda qapalı görüş: Paşinyan komandasını məyus edib
Məqalə müəllifi daha sonra qeyd edib ki, separatçıların "Müdafiə Ordusu"ndan zənglərə cavab verilməyib.

"Bizə Xankəndinin "siyasi dairələri"ndən məlumat verildi ki, Soçi görüşündən sonra Paşinyanın hökumətin ilk iclasında haqqında danışdığı Qarabağın demilitarizasiya prosesi artıq bu günlərdə başlayıb. Bu səbəbdən də "Xənkəndi rəhbərliyi" təşvişə düşüb. Mənbəmizin sözlərinə görə, Soçidə Qarabağ ermənilərinin Rusiya və Azərbaycan liderlərinə təklifi təqdim edilib. Bu isə ondan ibarətdir ki, əgər Qarabağ ətrafında beynəlxalq təminatlı demilitarizasiya zonası yaradılarsa, o zaman Qarabağa bu böyüklükdə "müdafiə ordusu" lazım olmaya bilər. Paşinyan Əliyev və Putinin onun məlum təklifini qəbul edib-etmədiyini deməyib. O, yalnız Qarabağ ermənilərinin bu təklifinin qüvvədə qaldığını qeyd edib", - məqalədə yazılıb.

Qeyd edək ki, "Hraparak"ın yaydığı bu məlumat sosial şəbəkələrin erməni seqmenrində də təşvişlə qarşılanıb. Ermənilər Qarabağdakı separatçıların yavaş-yavaş hərbdən uzaqlaşdırılması prosesinə başlanmasından narahat olduqlarını yazırlar. Onlar Bakının öz istəyinə nail olduğunu qeyd edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Xocavənd   Hərbi-Hospital  





Xəbər lenti