Sərnişinləri virusa yoluxan kruiz gəmisi Sidney limanında

   Sərnişinləri virusa yoluxan kruiz gəmisi Sidney limanında
  12 Noyabr 2022    Oxunub:707
Göyərtəsində olan sərnişinlərdən təqribən 800-nün COVID-19 virusuna yoluxduğu “Majestic Princess” kruiz layneri noyabrın 12-də Sidney limanına yan alıb.
Gəminin göyərtəsində 3 min sərnişin və min nəfər heyət üzvü var. Laynerin operatoru “Carnival Australia” şirkətinin məlumatına görə, virusa yoluxmuş sərnişinlər hazırda gəminin kayutlarında təcrid edilmiş vəziyyətdə saxlanılırlar.

Qeyd edilir ki, 12 gün davam edən kruiz zamanı yoluxmanın kəskin artdığı aşkar edilib. Yeni Cənubi Uels ştatının səhiyyə departamenti faktı təsdiqləyib.

Xatırladaq ki, Avstraliya hökuməti 2020-ci ilin martında koronavirus pandemiyasına görə kruiz gəmilərinin ölkə limanlarına girişinə qadağa tətbiq edib. Buna səbəb kimi 2020-ci ildə “Ruby Princess” kruiz gəmisində baş vermiş yoluxmanın heyət tərəfindən gizlədilməsi göstərilir. Həmin vaxt sahilə çıxan sərnişinlər evlərinə gedərək əlavə 600 nəfərin virusa yoluxdurmaları 28 nəfərin həyatını itirməsinə səbəb olmuşdu. Avstraliya və Yeni Zelandiyanın hakimiyyət orqanlarının apardığı tədqiqatlardan sonra Yeni Cənubi Uels ştatının səhiyyə departamentinin əməkdaşları baş verən faciəyə görə təqsirli bilinmişdilər.

Qeyd edək ki, Avstraliya hökuməti tərəfindən kruiz laynerlərinin limanlara yan almaması barədə qadağa bu il aprelin 18-dən ləğv edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti