Maraqlıdır ki, general Sergey Surovikin məruzəsində Xersonun təchizatının davam etdirilməsilə bağlı imkanların tükəndiyini də deyib. "Ən məqsədəuyğun variant müdafiəni Dnepr çayının xətti boyunca təşkil etməkdir", - o vurğulayıb.

Rusiyalı general qoşunların geri çəkilməsinin üstün cəhətləri barədə də danışıb: "Qüvvələr və vasitələrin bir hissəsindən əməliyyat zonasının digər istiqamətlərində, o cümlədən, hücum səciyyəli əməliyyatlar üçün istifadə olunacaq",- Surovikin deyib.
Qeyd edək ki, Ukrayna qoşunları payızda Xersonu qaytarmaq üçün aktiv əks-hücum əməliyyatına başlayıblar. Çərşənbə günü isə günortadan sonra Xersondakı inzibati binalardan Rusiya bayraqlarının götürüldüyü deyilir.
Rusiya qoşunları Xersonu Ukraynaya hücumun ilk günlərində ələ keçiriblər. Sentyabrın 30-da isə prezident Vladimir Putin Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib və onların Rusiya Federasiyasının dörd yeni regionu olduğunu açıqladı.
Rusiya qüvvələrinin Xersondan çıxması ilə Dnepr çayının qərb sahilində artıq rusiyalı hərbçilər qalmayacaq. Bir çox mütəxəssis bunu Ukraynanın əks-hücumu ilə üzləşən Moskva üçün əhəmiyyətli itki sayır.
Məsələni AzVision.az -a şərh edən hərbi ekspert Üzeyir Cəfərov deyib ki, Xersonla bağlı qərar rus ordusunun hazırkı durumundan xəbər verir.

- Ukraynada yaşanan hadisələr doqquz ay ərzində bütün dünyanın gözü qarşısında baş verən proseslərdir. Əslində Xerson məsələsində qeyri-adi heç nə baş vermədi. Rusiya ordusu geridə qoyduğumuz aylar ərzində olub-qalan imkanlarını da tükəndirdi. Ruslar Xersonu təxminən bir ay əvvəl öz əraziləri elan etmişdilər. İndi Ukraynadakı döyüş əməliyyatlarının komandanı olan general Surovikinin Sergey Şoyquya geri çəkilmə ilə bağlı müraciəti onların düşdükləri ağır durumdan xəbər verir. Yalnız hazırkı arzuolunmaz vəziyyətə görə qoşunlar geri çəkildi. Onlar çayın sol sahilini də qoyub gedəcəklər,- ekspert qeyd edib.
Üzeyir Cəfərovun sözlərinə görə, Rusiya işğal etdiyi ərazilərin hamısını itirəcək. Çünki rus ordusunda heç bir motivasiya qalmayıb, hərbi imkanlar isə tükənir. Rus hərbçiləri artıq Ukraynaya verilən yeni sursatlar, yüksək dəqiqliyi ilə seçilən silahların qarşısında duruş gətirə bilmirlər.
- Bütün bunları anlamaq üçün hansısa böyük savada, biliyə malik olmaq lazım deyil. İndi Sergey Şoyqunun öz generallarını yığıb səhnəcik qurması, artistlik etməsi, əsgərlərin həyatını qorumaqdan ötrü belə qərar verdiklərini deməsi geri addıma dair yalan səbəbdir. Sual olunur ki, o zaman 70 mindən çox hərbçini qırğına verməyə nə ehtiyac var idi? Özü də şəxsi heyət elə-belə adamlar deyildi, ölənlər əsasən peşəkarlar idi. Bundan sonra qismən səfərbərliklə Ukraynaya daşınacaq insanlar nələri həll edə biləcəklər axı? Ümumiyyətlə bir məsələni qeyd etmək lazımdır ki, Şoyqunun heç bir hərbi təhsili, təcrübəsi yoxdur. Onun tərifli generalı Surovikin isə bir vaxtlar Suriyada raket və ağır silahlarla şəhərləri yerlə yeksan edirdi. Bu gün də eyni mənzərəni Ukraynada müşahidə edirik. Bir sözlə, rus ordusu belə bir rəhbərliklə əldə etdiyi bütün əraziləri itirəcək,- mütəxəssis vurğulayıb.
O, hətta iddia edib ki, bu gedişlə Krımla bağlı da eyni mənzərəni görəcəyik: "Bəzi dostlar belə bir fikri dönə-dönə təkrarlayırlar ki, Rusiya tarixdə heç vaxt məğlub olmayıb. Amma gəlin unutmayaq ki, artıq 21-ci əsrdir və dünyada çox şey dəyişib. Ona görədir ki, Moskva hazırda qışda başladığı bu avantüranın bəlasını çəkir. Çünki rus generallar öz rəhbərlərini düzgün şəkildə məlumatlandırmırdılar, təhlillər isə normal aparılmadı və qüvvələr yaxşı hesablanmadı. Bu gün Xersonla bağlı rast gəldiyimiz durum ordu rəhbərlərinin acizlikdən verdikləri qərarlardır".
Hərbi ekspert Şair Ramaldanov isə Xersonla bağlı qərarın arxasında hərbi amillərlə yanaşı, siyasi məsələlərin də dayandığını düşünür:
- Mənə bu məsələdə təccüblü gələn o oldu ki, ordu rəhbərliyi mühüm hərbi qərarı dünyaya açıq şəkildə nümayiş etdirdi. Birincisi, bütün hərbi qərarlar gizli qalır. Belə bir vəzifəli şəxsin müdafiə nazirinin qarşısında və xəritə ilə hər kəsə açıq şəkildə məruzə etməsi, sonda qərarın qəbulu ortaya müəyyən suallar çıxarır. Niyə generallar öz qalmaqallı qərarlarını açıq şəkildə, nümayişkaranə formada dünyaya göstərdilər?

Biz ABŞ-da keçirilən seçkiləri də nəzərdən qaçırmamalıyıq. Məlum siyasi proseslərlə bağlı həm Ukrayna tərəfi, həm də Rusiya müəyyən tədbirlər görürdülər. Hətta proqnozlar verilirdi ki, 8 noyabra kimi hansısa şiddətli döyüşlər başlaya, ya ruslar, ya da ukraynalılar yeni əməliyyatlar reallaşdıra bilərlər. Çünki hazırda Ukraynada cərəyan edən proseslər müəyyən formada da olsa ABŞ-da gedən seçkilərə təsirsiz ötüşməyəcəkdi. Bütün bunlara baxmayaraq biz nisbi sakitlik gördük.
Ramaldanovun sözlərinə görə Rusiyanın Xersonla bağlı məlum addımı göstərdi ki, Dnepr çayından təbii istehkam mövqeləri, qurğusu kimi istifadə ediləcək. Ruslar öz qüvvələrini digər tayda cəmləşdirib müdafiəni gücləndirmək istəyirlər: "Zənnimcə, Xersonda müdafiə xəttində duran müəyyən güc vasitələrini gələcəkdə hansısa istiqamətə yönəldə bilərlər. Ola bilsin ki, Moskva bu addımı ilə növbəti fəsilə hazırlaşsın. Qarşıda sərt qış var. Qışda döyüşlərin aparılması isə çoxsaylı əlavə tədbirlərin görülməsini tələb edir. Yəni belə bir ehtimal da var ki, onlar bu şəkildə müəyyən formada aktiv hərbi gedişlərə çalışırlar. Ancaq bir daha əvvəlki fikrimdə qalıram ki, burada ən çox diqqət çəkən məqam qalmaqallı qərarın nümayiş etdirilməsi oldu. Ordu rəhbərliyinin verdikləri qərarı cəmiyyətə ona görə nümayiş olundu ki, onlar hansısa məqsədlərini gizlədirlər, diqqəti yayındırırlar.

Hərbi ekspertin başqa ehtimalına görə, Rusiyanın artan itkiləri generalları geri addım atmağa vadar edib. Hazırda səfərbər edilən qüvvələr döyüş hazırlığını yekunlaşdırırlar. Onlardan müəyyən formada yaxın gələcəkdə əməliyyatlarda istifadə etməyə çalışacaqlar.
- Xerson qərarında digər bir məqsəd də ağlabatandır. Bu, döyüşlərin nisbətən sakit bazaya gətirilməsinə cəhd kimi də qiymətləndirilməlidir. Yəni məlum hərbi gedişə Kremlin hansısa danışıqlara hazır olduğunu göstərmək kimi də yanaşıla bilər. Çünki əvvəllər onlar əgər ümumiyyətlə, danışıqların mümkün olmadığını deyirdilərsə, indi biz tez-tez bəyanatlar eşidirik ki, “Moskva təmaslara hazırdır”. Ukraynanı da danışıqlara hazırlamaq üçün müəyyən tədbirlər görülür. O cümlədən, Sallivanın Zelenski ilə görüşməsinin məqsədini bu mövzu ilə əlaqələndirirlər. Ukrayna-Rusiya müharibəsi o qədər qeyri-standart şəkildə aparılır ki, hərbi proqnoz vermək də çox çətindir. Dünya hazırda iki yerə bölünüb. Və proseslər fərqli fonda cərəyan edir. Hər halda, rusların müdafiəyə keçmələri həm taktiki, həm də bölgədə yaranmış vəziyyətin düzgün qiymətləndirilməsinin nəticəsi kimi də dəyərləndirilə bilər. Sual olunur ki, bəs bundan sonra nə olacaq? Məncə, bu dəhşətli müharibə hələ davam edəcək. Tərəflərə müəyyən zaman veriləcək ki, siyasi yollar axtarsınlar. Əgər həll siyasi yolla tapılmasa, yanaşmalar üst-üstə düşməsə, bu, döyüşlərin yenidən şiddətlənməsinə, aktiv mərhələyə qayıtmasına gətirib çıxaracaq,- Ramaldanov fikirlərini yekunlaşdırıb.
Tural Tağıyev
AzVision.az