Tədbirdə Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirləri Faiq Quliyev, Ali Kaan Orbay və səfirliyin əməkdaşları, şəhidin yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Elvin Əlimərdanovun xatirəsinə təşkil olunmuş ehsan süfrəsində əvvəlcə Qarabağ şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən səfir Faiq Quliyev qeyd edib ki, Azərbaycan xalqı və dünya azərbaycanlıları Müzəffər Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğ”u ətrafında birləşərək 44 günlük Vətən müharibəsində tarixi Qələbə əldə etdi.

Diplomat deyib: “Biz müharibə dövründə Gürcüstanda yaşayan soydaşlarımızın, kiçikdən böyüyədək hamının mənəvi vətənlərinə möhkəm bağlılığını hiss etdik və gördük”.
F.Quliyev Türkiyənin müharibə zamanı Azərbaycana göstərdiyi böyük siyasi və mənəvi dəstəyi xüsusi vurğulayıb. Türkiyə səfiri Ali Kaan Orbaya və qardaş ölkənin diplomatik nümayəndəliyinin bütün heyətinə minnətdarlıq edib.
Şəhidin atası İlham Əlimərdanov Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib və göstərilən diqqətə görə minnətdarlığını bildirib.
O, oğlunun Vətənə böyük məhəbbətlə bağlı olduğunu və müharibədə iştirak etmək üçün cəbhəyə könüllü yola düşdüyünü qeyd edib. Vurğulayıb ki, müharibədə snayper kimi iştirak edən Elvin Əlimərdanov Suqovuşanda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb və göstərdiyi şücaətlərə görə ölümündən sonra müxtəlif medallarla təltif edilib.
İlham Əlimərdanov şəhid ailələrinə və qazilərə dəstəyinə görə Prezident İlham Əliyevə təşəkkür edib.

AzVision.az