Qazaxıstan səfiri Azərbaycandan gedir

Qazaxıstan səfiri Azərbaycandan gedir
  31 İyul 2019    Oxunub:1426
Xarici İşlər naziri Elmar Məmmədyarov Qazaxıstan Respublikasının ölkəmizdəki səfiri Beybit İsabayevlə onun Qazaxıstan Respublikası Prezidentinin Qazaxıstan Parlamentindəki Nümayəndiliyinin rəhbəri vəzifəsinə təyin olunması ilə bağlı geri çağrılması və ölkəmizdəki diplomatik fəaliyyətinin bitməsi münasibətilə görüşüb.
XİN-in mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nazir Elmar Məmmədyarov səfir Beybit İsabayevi yeni təyinatı münasibətilə təbrik edərək, gələcək fəaliyyətində ona uğurlar arzulayıb. İki ölkə arasında əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini bildirən nazir Elmar Məmmədyarov bu əlaqələrin daha da dərinləşəcəyinə əminlik ifadə edib.

Səfir Beybit İsabayev, öz növbəsində, səmimi təbrikə və diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Azərbaycan və Qazaxıstan xalqları arasında əlaqələrin ortaq etnik, mədəni və tarixi köklərə əsaslandığını qeyd edən səfir Beybit İsabayev yüksəksəviyyəli dialoqun ölkələrimiz arasında tərəfdaşlığın hərtərəfli inkişafına mühüm təkan verdiyini vurğulayıb. Bu əsnada səfir Beybit İsabayev Qazaxıstan Respublikası Prezidentinin 2017-ci ildə Azərbaycana səfərinin və səfər çərçivəsində imzalanmış sənədlərin ikitərəfli əlaqələrin inkişafında xüsusi əhəmiyyətini diqqətə çatdırıb.

Görüş zamanı iki ölkə arasında əməkdaşlığın inkişafından, xüsusilə də iqtisadi-ticarət, nəqliyyat və tranzit sahələrində əlaqələrinin inkişafından məmnunluq ifadə olunub.

Azvision.az


Teqlər: XİN   Qazaxıstan   Səfir  





Xəbər lenti