Fransa Azərbaycanla hərbi əməkdaşlığa başlamaq istəyir - ŞƏRH
Fransalı nazirin Bakı səfərini Azvision.az -a şərh edən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə, Fransa ilə Azərbaycan arasında siyasi təmaslar üst səviyyədədir, iqtisadi əlaqələr və ticarətin həcmi getdikcə artır.
"Rəqəmlər Azərbaycanın Fransanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşına çevrildiyini göstərir. Fransalı nazirin sözlərinə görə, Azərbaycan Fransa üçün həmişə mühüm iqtisadi tərəfdaş olub və Paris buna daim böyük önəm verib. “Biz həmçinin energetik sferada, bərpa olunan enerji qaynaqları və müdafiə sənayesi sahələri üzrə ikitərəfli əməkdaşlıqda maraqlıyıq” -deyən nazir Fransanın Azərbaycanla iqtisadi və maliyyə sahələri üzrə əməkdaşlığı yeni mərhələyə keçirmək istədiklərini bildirib. Əlbəttə, bu deyilənlər vacibdir. Ancaq Fransanın iqtisadiyyat və maliyyə nazirinin Bakıda işlətdiyi ən önəmli cümlə budur: “Paris Bakı ilə müdafiə sənayesi sahəsində əməkdaşlıqda maraqlıdır”. Fransada güclü erməni lobbisinin olmasına baxmayaraq, rəsmi Paris Azərbaycanla hərbi əməkdaşlıq başlamaq barədə qərar verib. Rəsmi Bakı bu qərarın verilməsini çoxdan gözləyir. Azərbaycan Fransadan həm hərbi texnika almaqda, həm də Fransa ilə birgə hərbi texnikanın istehsalında maraqlıdır. Təsadüfi deyil ki, keçən ilin sentyabrında Bakıda keçirilmiş “ADEX-2018" beynəlxalq Müdafiə Sərgisində ilk dəfə Fransa iki şirkətlə təmsil olunmuşdu. Həmin şirkətlər Azərbaycanla müştərək əsasda hərbi patrul gəmiləri istehsal etməyə maraq göstərirdilər. Bunun davamı olaraq bu ilin iyununda Parisdə keçirilən “Paris Air Show-2019" sərgisində Azərbaycan da təmsil olunmuşdu. Bu sərgi çərçivəsində hərbi əməkdaşlıq məsələləri müzakirə olunmuşdu",
Politoloq hesab edir ki, hazırki məqamda Fransa Azərbaycanla hərbi əməkdaşlığa başlamaq istəyir və ölkəmiz bu əməkdaşlığa milyardlarla dollar maliyyə ayırmağa hazırdır.
"Azərbaycan bu il Rusiyadan hərbi texnika almayıb. Azərbaycan yeni və modern hərbi texnikanı Fransa və digər bu kimi ölkələrdən almaq istəyir. Əlbəttə, Fransa Azərbaycana hərbi texnika satarsa və birgə hərbi istehsalına başlayarsa, rəsmi İrəvan və Fransadakı erməni lobbisi buna etiraz edəcək, müxtəlif petisiyalar hazırlanacaq. Ancaq rəsmi Paris əgər Azərbaycanla hərbi əməkdaşlığa qərar veribsə və bunun üçün nazirini Bakıya göndəribsə, deməli, əvvəlcədən neqativ reaksiyaların olacağını və bunlara veriləcək cavabları da müəyyənləşdirib".
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: Fransa Nazir Azərbaycan Səfər