Azərbaycan vəkilliyinin yaranmasından bir əsr ötür

Azərbaycan vəkilliyinin yaranmasından bir əsr ötür
  30 İyul 2019    Oxunub:2142
"Bu gün Azərbaycan vəkilliyinin yaranmasından düz 1 əsr ötür. Vəkilliyimiz ilk 100 ilində çox sınaqlar yaşadı, çətin və iztirablı 70 illik Sovet hakimiyyəti dövrü isə vəkilliyin mövcuduğu üçün əsl mübarizə illəri idi. Bir çox vəkillərimiz 30-cu illərin repressiya qurbanı oldular, vəkillik hüquqsuz və formal, Ədliyyə Nazirliyi tərəfindən idarə olunan və ondan asılı olan bir qurum kimi fəaliyyət göstərdi".
Azvision.az xəbər veri ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. Kollegiya sədri bildirib ki, yüz ilin ən şərəfli günü isə məhz xalqımızın böyük oğlu, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə vəkilliyi müstəqil və özünü idarə edən təsisat kimi tanıyan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun qəbul edildiyi 28 dekabr 1999-cu il tarixi olub.

"Beləliklə, 20 il əvvəl vəkilliyə müstəqillik verən ilk postsovet ölkələrindən biri kimi dünya vəkillik tarixinə adımız yazılmış oldu. Yalnız bundan sonra Azərbaycan Xalq Cumhuriyyətinin yaradıcıları və ilk vəkillərimiz olan böyük Əlimərdan bəy Topçubaşovun, Fətəlixan Xoyskinin, Xəlilbəy Xasməmmədovun, İsmayılxan Ziyadxanovun arzuları gerçəkləşdi, onların çatdıra bilmədikləri iş yerinə yetirildi, vəkillik tam müstəqil bir peşə birliyinə çevrildi və mütərrəqi məhkəmə-hüquq islahatlarının məntiqi sonu kimi 3 noyabr 2004-cü ildə hazırki Azərbaycan Respublikasının Vəkillər Kollegiyası təsis edildi".

A.Bağırov qeyd edib ki, Azərbaycan vəkilliyi 100 illiyini vəkil andına sadiq qalaraq aztəminatlı, imkansız, sosial qayğıya ehtiyacı olan vətəndaşlarımıza hüquqi və maddi yardım aksiyası ilə qeyd edir:

"Bu gün vəkil qurumlarımız və vəkillərimiz bu xeyirxah missiyanı bütün Respublika ərazisində həyata keçirirlər. Bu bizim seçimimizdir - bayramımızı qayğıya ehtiyacı olan insanlarla paylaşmaq! 2019-cu il boyu vəkilliyin 100 illiyinə, müstəqilliyinin 20 illiyinə, Vəkillər Kollegiyasının yaranmasının 15 illiyinə həsr olunmuş silsilə yubiley tədbirləri həyata keçirilir və bu tədbirlər ilin sonunadək davam edəcək. Həmçinin, bir sıra vəkillərimiz vəkilliyin 100 illiyinə həsr olunmuş yubiley döş nişanı ilə də təltif olunacaqlar. Oktyabr ayının əvvəlində isə xarici qonaqların, rəsmi şəxslərin və bir çox vəkilllərimizin iştirakı ilə vəkilliyin yubiley ilinə həsr olunmuş möhtəşəm tədbirin keçirilməsi də nəzərdə tutulub. Müstəqil dövlətimizin müstəqil, şərəfli və şanlı vəkilliyimizin mübarək günü, vətəndaşlara peşəkar hüquqi yardım göstərən, insan hüquq və azadlıqlarının təmin edilməsi kimi dövlətin əsas missiyasına xidmət edən, dövlətçiliyin keşiyində dayanan ən etibarlı əsgərləri olan vəkillərimizin bayramları mübarək olsun. Ulu tanrı Azərbaycan vəkillərini qorusun".

Azvision.az


Teqlər: Vəkil   Kollegiya   AnarBağırov  





Xəbər lenti