Üç Milli Qəhrəmanın doğum günüdür

Üç Milli Qəhrəmanın doğum günüdür
  30 İyul 2019    Oxunub:3052
Bu gün Azərbaycanın 3 Milli Qəhrəmanı - Fəxrəddin Musayev, Nadir Əliyev və Aqil Məmmədovun doğum günüdür.

Azvision.az -ın məlumatın görə, Fəxrəddin Musayev 30 iyul 1957-ci ildə Türkmənistan Respublikasının Bayraməli şəhərində anadan olub. 1964-1974-cü illərdə orada təhsil alıb. 1975-ci ildə hərbi xidmətə çağırılıb, Çexoslovakiyada, sonra isə Orenburq vilayətində xidmət edib.
1979-cu ildə Mülki Aviasiya Məktəbinə daxil olub, 1982-ci il məktəbi fərqlənmə diplomu ilə bitirib. Milli Ordu yaranandan sonra Vətənə dönüb və Qarabağda aparılan hərbi əməliyyatlarda iştirak edib. Fəxrəddin sərrast raket zərbələri ilə erməni quldurlarının xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edib. 1992-ci il 11 aprelində baş leytenant Fəxrəddin Füzuli rayonunda düşmənə raket zərbələri endirərkən şəhid olub.

Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Musayev Fəxrəddin Musa oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Qusar rayonunun mərkəzi küçələrindən biri qəhrəmanımızın adını daşıyır. Yaşadığı binanın önünə barelyefi vurulub.

Ailəli idi, bir oğlu yadigar qalıb.

Nadir Əliyev 1962-ci iyul ayının 30-da Ağdam rayonunun Əliağalı kəndində doğulub. 1977-1981-ci illərdə Bakı Politexnik Texnikumunda təhsil alıb. 1991-ci ildə DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbini, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1991-ci ildən Mili Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmətdə olan N.Əliyev 1991-ci ilin sentyabr ayından dekabr ayınadək Azərbaycan DTK-nın (1991-ci ilin noyabr ayından MTN-nin) Mardakert (Ağdərə) rayon bölməsində, 1992-ci ildən isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Qarabağ üzrə İdarəsinin Ağdərə Rayon Bölməsində baş əməliyyat müvəkkili işləyib.

1993-cü ilin yanvar ayında MTN-nin Ağdam Rayon Şöbəsinə baş əməliyyat müvəkkili təyin olunub. Ağdərə uğrunda döyüşlərin qızğın dövründə cəbhə bölgəsinə ezam edilməsi üçün könüllü rəhbərliyə raportla müraciət edib, MTN-nin xüsusi təyinatlı hərbi dəstəsinin tərkibində Ağdərə rayonunun Sırxavənd kəndində gedən döyüşlərdə rəşadət göstərib, Ağdam rayonunun Qiyaslı kəndi uğrunda gedən döyüşlərdə düşmənə əsir düşməmək üçün sonadək müqavimət göstərib və qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikası prezidentinin 9 oktyabr 1994-cü il tarixli 218 saylı Fərmanı ilə Əliyev Nadir Alış oğlu ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüb. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Suraxanı rayonundakı 282 saylı orta məktəb qəhrəmanın adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.

Ailəli idi. İki övladı yadigar qalıb.

Aqil Məmmədov 30 iyul 1969-cu ildə Qubadlı rayonunda dünyaya göz açıb. 1984-cü ildə Qubadlı rayonunda 2 saylı orta məktəbi bitirdikdən sonra təhsilini 126 saylı Xanlıq texniki-peşə məktəbində davam etdirib. O, Əmək fəaliyyətinə Qubadlı rayon Avtomobil Nəqliyyatı İdarəsində başlayıb.

A.Məmmədov 1987-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 1988-ci ildə Orenburq vilayətində xidmətini yarımçıq qoyaraq doğma yurda qayıdıb. Məmmədov Qubadlı rayon özünümüdafiə taboruna qoşulub. Ermənistanla səhrəd kəndlərin müdafiəsində qəhrəmanlıqlar göstərib, “Qaranquş” kəşfiyyat dəstəsinin məğlubedilməz və ələkeçməz döyüşçüsü kimi tanınıb. O, dəfələrlə cəsur kəşiyyatçı yoldaşları ilə birlikdə Ermənistanın Qafan və Gorus rayonlarına keçərək, çoxlu hərbi girovla geri qayıdıb.

1992-ci il iyun ayında dörd nəfər laçınlının girov aparılması onu hədsiz dərəcədə hiddətləndirib. Girovları geri qaytarmaq üçün öz dəstəsi ilə əməliyyata başlayıb. Bir neçə saatdan sonra erməni zabitini ələ keçirərək rayon mərkəzinə gətiribər. Elə həmin gün ermənilər dörd laçınlını erməni zabiti ilə dəyişməyə məcbur olurlar. O, dəfələrlə belə şücaətlər göstərib və hərbi hissədə ad-san qazanıb. 1992-ci il avqustun 7-də Laçın rayonunun Susuzdağ yüksəkliyinə hücum edilməli idi. Hər şey kəşfiyyatçılardan asılı idi. Aqil öz dəstəsi ilə tapşırığı müvəffəqiyyətlə yerinə yetirib geri dönərkən, gözlənilmədən mühasirəyə düşüb. O, öz dəstəsini bu çətin vəziyyətdən çıxarmaq üçün müxtəlif yollar düşünüb. Onlar düşmənin xeyli canlı qüvvəsini məhv edərək, mühasirəni cəsarətlə yarıblar. Döyüş dostlarına qarşı tərəfin minalandığını bildirib. Bir qədər getdikdən sonra özü minaya düşərək ağır yaralanıb. Yoldaşları onu təhlükəli yerdən çıxarmağa çalışıblar. Lakin çoxlu qan itirdiyinə görə onun həyatını xilas etmək mümkün olmayıb.

Aqil Məmmədov 5 fevral 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icraçısı Heydər Əliyevin 457 saylı fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Qubadlı rayonu Şəhidlər Xiyabanında dəfn edilib. Məmmədovun təhsil aldığı 2 saylı orta məktəb onun adını daşıyır. Hazırda bu məktəb Sumqayıt şəhərində fəaliyyət göstərir. Qubadlıda və Gəncədə adına küçələr var.

Ailəli idi. 1 qız övladı yadigar qalıb.

Azvision.az


Teqlər: MilliQəhrəman   Şəhid   Doğumgünü  





Xəbər lenti