Ehtiyata buraxılan gənclər qarşılandı

Ehtiyata buraxılan gənclər qarşılandı
  29 İyul 2019    Oxunub:1987
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Tovuz rayon şöbəsinin təşkilatçılığı, rayon icra hakimiyyətinin, ehtiyata buraxılmış gənclərin valideynlərinin, veteranların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılmış hərbi vəzifəlilərin qarşılanma mərasimi keçirilib.
Xidmətdən Azvision.az -a verilən məlumata görə, tədbirin iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini yad ediblər.

Mərasimdə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatların uğurlu nəticələrindən söz açıb. Qeyd edib ki, beynəlxalq səviyyədə Azərbaycanla, onun lideri ilə hesablaşırlar və düşmənlərimiz Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini aprel döyüşlərində görüb.

SHXÇDX-nin Tovuz rayon şöbəsinin rəisi, mayor Ceyhun Əliyev gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində görülmüş işlərdən danışıb. Gənclərin Silahlı Qüvvələr sıralarına hazırlanması ilə yanaşı hərbi xidmətdən ehtiyata buraxılmış hərbi vəzifəlilərlə mütəmadi işin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Qarabağ qazisi Kamil Musəvi çıxışında müharibə veteranlarının, qazilərin gənclərimizin nümunəvi hərbi xidmət keçmələrindən qürur hissi keçirdiklərini deyib. Gənclər adından çıxış edən Elşad Qəhrəmanov Azərbaycan Silahlı Qüvvələri sıralarında hərbi xidmət keçdikləri ilə fəxr etdiklərini bildirib, bundan sonra da ölkəmizin müstəqilliyi uğrunda mübarizəyə hazır olacaqlarını diqqətə çatdırıb.

Qeyd edək ki, tədbir günü müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış tovuzlu gənclər sonuncu əsgər maaşlarının yarısını Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna keçiriblər.

Azvision.az




Teqlər: SHXÇDX  





Xəbər lenti