Yollarda YPX maketləri - Ekspert “ciddi effekt verməyəcək” deyir

     Yollarda YPX maketləri    - Ekspert “ciddi effekt verməyəcək” deyir
  29 İyul 2019    Oxunub:3819
"Magistral yollarda qoyulan Dövlət Yol Polisi (DYP) avtomobillərinin maketi qəzaların azalmasına və sürücülərin sürət həddini aşağı salmasına bir o qədər ciddi təsir göstərməyəcək"

Bunu Azvision.az -a açıqlamasında yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib.
Ekspert bildirib ki, maketlər peşəkarlıq səviyyəsi aşağı olan sürücülərə təsir edə bilər. Amma bütünlükdə maketlərin ölkəyə gətirilməsi ilə yol hərəkəti təhlükəsizliyinin yüksək səviyyədə olacağını, qəzaların baş verməyəcəyini demək düzgün deyil.

"Maketlər deyildiyi kimi ciddi effekt verməyəcək. Həmçinin belə maketlərin olması innovativ ideya deyil. Bir sıra ölkələrdə tətbiq edilən təcrübə özünü doğrultmadı. Əsasən yol hərəkəti təhlükəsizliyi aşağı olan, yol hərəkəti mədəniyyəti zəif olan ölkələrdə sürücülərə psixoloji təsir etmək üçün bu təcrübədən istifadə olunub. Maketi yolların hər yerinə qoymaq da mümkün deyil. Yolun qırağına ağac əvəzi onu əkəsi deyillər ki?”.



Ə.Hüseynov qeyd edib ki, yol hərəkəti təhlükəsizliyi yüksək olan dövlətlər insanların şüuru ilə işləyirlər: "Yəni, sürücü təhlükəsizliyin tələb etdiyi kimi avtomobili idarə etməyi özü daxildən dərk etməlidir. Onu vizual qorxuducu və başqa təsir edici vasitələrlə eləmək xüsusi effekt vermir. Bu maketlər düşüncə səviyyəsi aşağı olan, polis görəndə özünü yığışdıran adamlar üçündür. Maketlərin əsas təyinatı sürücülərin yol hərəkət qaydalarına əməl etməsi və sürət həddini aşmamaları üçündür. Başqa nələrin olduğu barədə isə bilmirəm”.

Qeyd edək ki, Azərbaycanın avtomobil yollarında sürücülərin sürət həddini keçməsinin və bir sıra qayda pozuntularının qarşısını almaq məqsədilə Yol Patrul Xidməti (YPX) avtomobilləri maketinin tətbiqinə başlanılıb. Uzaqdan əsl YPX avtomobillərinə bənzəyən maketlər rayonlar istiqamətində (gediş və gəliş) magistral yollarda düzüləcək və hazırkı mərhələdə Bakıda tətbiqi nəzərdə tutulmur. Maketi uzaqdan görən sürücülər qayda pozmaqdan çəkinəcəklər. Bu maketlərin yerləri mütəmadi olaraq dəyişdiriləcək.

Aytən Zəhra
Azvision.az


Teqlər: DYP   Maket   Ekspert  





Xəbər lenti