Limonad sexində ürəkbulandıran mənzərə - FOTOLAR

Limonad sexində ürəkbulandıran mənzərə -    FOTOLAR
  26 İyul 2019    Oxunub:1797
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, aparılan monitorinqlər zamanı Agentlik əməkdaşları tərəfindən Balakən və Şəmkir rayonlarında fəaliyyət göstərən alkoqolsuz içkilərin istehsalı sexlərinə baxış keçirilib.



Balakən rayonu, Qabaqçöl qəsəbəsi, Qaysa kəndində yerləşən fiziki şəxs Xoçberov Şaban İbrahim oğluna məxsus sexdə "Alazan" əmtəə nişanlı alkoqolsuz içkilərin, Şəmkir rayonu, Səməd Vurğun küçəsi, ev 5 ünvanında yerləşən fiziki şəxs Məmmədov Yusif Sədi oğluna məxsus sexdə isə "Mimino", "Okey", "Qrand", "Vitoland", "Gold Natura" əmtəə nişanlı alkoqolsuz içkilərin antisanitar şəraitdə istehsal edildiyi məlum olub.



Baxış zamanı sexlərdə texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Məlum olub ki, istehsalda istifadə edilən suyun mikrobioloji təmizlənməsi üçün tədbirlər görülmür və dövri müayinəsi aparılmır. Eyni zamanda, qablaşdırmada istifadə olunan şüşə qabların antisanitar şəraitdə, kustar üsullarla, sanitar norma və qaydalara uyğun olmayan şəkildə yuyulduğu müəyyən edilib.

Aşkar olunmuş nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və sexlərin fəaliyyəti məhdudlaşdırılıb.

İstehsal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.



Azvision.az


Teqlər: AQTA   Limonadsexi  





Xəbər lenti