Nazir Qırğızıstan nümayəndə heyəti ilə görüşüb
Nazir vurğulayıb ki, Azərbaycanda təşkil edilən beynəlxalq kitab sərgiləri, xarici yazıçıların əsərlərinin tərcüməsi, eləcə də TÜRKSOY-la birgə bu istiqamətdə həyata keçirilən layihələr türkdilli xalqların ümumi ədəbi inkişafına töhfələr verir.
Qırğızıstan Milli Yazıçılar Birliyinin sədri Nurlan Kalıbekov öz növbəsində səmimi qəbula görə təşəkkür edərək bildirib ki, Azərbaycanda olduqları müddətdə mədəniyyətimizlə yaxından tanışlıq olmaq imkanı qazanıblar. Xalqımızın milli mədəni irsinə bağlılığı onları heyran edib.
Qonaq təmsil etdiyi ququmla Azərbaycan Yazıçılar Birliyi arasında əlaqələrin inkişafından danışaraq deyib ki, yaxın günlərdə iki yaradıcı ittifaq arasında memorandumun imzalanması nəzərdə tutulub. Dillərimizin və mədəniyyətlərimizin yaxınlığından danışan Nurlan Kalıbekov ölkəmizə səfərinin məhsuldar keçdiyini diqqətə çatdırıb. Bildirib ki, iyulun 22-də Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan-qırğız ədəbi əlaqələri dünən, bu gün və sabah” mövzusunda dəyirmi masa təşkil edilib və tədbirdə “Gənc qırğız şeiri antologiyası” təqdim olunub.
Qırğızıstan Milli Yazıçılar Birliyinin sədri vurğulayıb ki, eyni kökdən olan xalqlar daha sıx əməkdaşlıq etməli, qloballaşma dövründə bir-birini daha çox dəstəkləməlidirlər.
Görüşdə Manas Universitetinin əməkdaşı, Dünya Gənc Türk Yazarlar Birliyinin qırğız təmsilçisi Altınbek İsmail, “Manas” radiosu mədəniyyət proqramının redaktoru, şair Jıldızbek Tursunbayev, şair-tərcüməçilər Nuriza Ömürbayeva, Narsulu Qurqubayeva, Azərbaycan Milli Məclisinin üzvü Cavanşir Feyziyev və Bakıdakı Atatürk Mərkəzinin şöbə müdiri, şair-publisist Əkbər Qoşalı iştirak ediblər.
Azvision.az
Teqlər: Nazir Mədəniyyət