Çin şirkətlərinin Azərbaycana marağı artır

Çin şirkətlərinin Azərbaycana marağı artır
  24 İyul 2019    Oxunub:1903
Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev Çinin “China CAMCE Engineering Co. Ltd.” şirkətinin vitse-prezidenti Vanq Yuhanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən Azvision.az -a verilən məlumata görə, görüşdə “China CAMCE Engineering Co. Ltd.” şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda aqrar-sənaye parkının yaradılması, birgə emal müəssisələrinin təşkili, sənaye parklarında və məhəllələrində iştirak, kənd təsərrüfatı və məişət texnikasının istehsalı sahələrinin yaradılması barədə müzakirələr aparılıb.

Vanq Yuhanq Çin iş adamlarının Azərbaycandakı əlverişli biznes və investisiya mühitinə maraq göstərdiyini diqqətə çatdırıb, təmsil etdiyi şirkətin fəaliyyəti, Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan layihələri barədə məlumat verib.

Qeyd edək ki, bu ilin aprelində “China CAMCE Engineering Co. Ltd.” şirkəti və müvafiq sahələrdə fəaliyyət göstərən Azərbaycan şirkətləri arasında əməkdaşlıq barədə sənədlər imzalanıb.

Xatırladaq ki, mühəndislik, satınalma və tikinti sahələrində fəaliyyət göstərən “China CAMCE Engineering Co. Ltd.” şirkəti sənaye, kənd təsərrüfatı, enerji, neft-kimya, su mühəndisliyi, kommunikasiya və dağ-mədən sahələrini əhatə edən 100-dən çox beynəlxalq layihəsinin icraçısıdır. Dünyanın 140 ölkəsində nümayəndəliyi olan şirkətdə 100 minə yaxın işçi çalışır.

Azvision.az


Teqlər: Azərbaycan   Çin  





Xəbər lenti