Vilayət Eyvazov sıra baxışı keçirib

Vilayət Eyvazov sıra baxışı keçirib
  20 İyul 2019    Oxunub:4553
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Əlahiddə Çevik Polis Alayında və Nazirliyin digər struktur orqanlarında vakant sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
Nazirlikdən Azvision.az-a verilən məlumata görə, aidiyyatı baş idarə, idarə və xidmət rəislərinin də iştirak etdikləri, adıçəkilən alayda baş tutmuş tədbirdə nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb. Ümumən, 400 iddiaçının arasından daha hazırlıqlı olan 261 nəfər seçilərək onların daxili işlər orqanlarında xidmətə qəbul olunmaları üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

Namizədlər qarşısında çıxış edən nazir daxili işlər orqanlarında xidmətə qəbulun şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında keçirildiyini vurğulayıb. General-polkovnik V.Eyvazov ulu öndər Heydər Əliyev və Prezidenti İlham Əliyevin hər bir ölkənin gələcəyinin, inkişafının vətəndaşların intellektual səviyyəsindən, xüsusən yüksək texnologiyalara, innovasiyalara yiyələnmiş, mükəmməl təhsil almış savadlı, vətənpərvər, milli-mənəvi dəyərlərə, dövlətçiliyə sadiq, müstəqilliyimizi, milli maraqlarımızı hər şeydən uca tutan gənclərdən asılı olduğunu dəfələrlə vurğuladıqlarını məmnunluqla xatırladıb. Belə yüksək mənəvi, işgüzar keyfiyyətlərə malik kadrların dövlət idarəçiliyində daha geniş şəkildə təmsil olunmaları, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri üçün hər zaman əhəmiyyətli addımların atıldığını, hazırkı seçimlərin də göstərilən sahədə həyata keçirilən məqsədyönlü dövlət siyasətinin növbəti bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Nazir xidmətə qəbul üçün seçilən gəncləri təbrik edərək polisin yüksək adını və mundirin şərəfini uca tutmalarını, bilik və bacarıqlarını, dünyagörüşlərini, təcrübələrini daim artırmalarını, öz üzərilərində səylə çalışmalarını, insan və vətəndaş hüquq və azadlıqlarına, onların şərəf və ləyaqətinə hörmətlə, həmçinin vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşmalarını, bir sözlə, vətəndaş məmnunluğunun təmininə öz layiqli töhfələrini vermələrini tövsiyə edib, gələcək xidməti fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti